«Kampaniya hakimiyyətin qanunsuz müdaxiləsi ilə keçir»
“Ölkədəki hüquqi və siyasi mühit səmərəli seçki kampaniyasının keçirilməsi üçün şərait yaratmayıb”. Bu barədə dünən keçirdiyi mətbuat konfransında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədli bildirib.
A.Məmmədli Könüllülərin Beynəlxalq Əməkdaşlıq Ictimai Birliyi (KBƏIB) ilə birgə ikinci aralıq hesabatı təqdim edib. Hesabat sentyabrın 16-dan oktyabrın 6-na qədər seçkiqabağı təşviqat mərhələsini əhatə edir.
A.Məmmədli qeyd edib ki, 2008 və 2010-cu illərdə Seçki Məcəlləsinə edilmiş düzəlişlər seçki kampaniyasının 60, təşviqat müddətinin isə 22 günə qədər azaldılmasına gətirib çıxarıb ki, bu da namizədlərin, partiyaların və müşahidəçilərin seçki prosesində iştirakını məhdudlaşdırıb: “Seçki kampaniyası dövründə ”Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədov barəsində hökm çıxarılıb, jurnalist Pərviz Həşimli həbs edilib. Kampaniya seçkilər haqqında məlumat yayılması üçün sosial şəbəkələrdən istifadə ilə səciyyələnib, lakin sosial media fəalları təzyiqə məruz qalıb. Kampaniya qeyri-bərabər şəraitdə keçirilir. Belə ki, bir çox dairələrdə namizədlərin seçicilərlə görüşləri üçün əlverişsiz yerlər ayrılıb. Bu zaman yerli hakimiyyət, polis, bələdiyyələr müxalifət namizədlərinin təşviqat tədbirlərinə müdaxilə edib. Dairələrin 34%-də vətəndaşların Ilham Əliyevə dəstək tədbirlərində məcburi iştirakı qeydə alınıb”.
A.Məmmədli bildirib ki, texniki təkmilləşdirmələrə baxmayaraq, seçici siyahılarında problemlər var. Siyahılarda ölmüş insanların adlarının qalması halları qeydə alınıb. Eyni zamanda, daxili mühacirət həyata keçirənlər, habelə əvvəlki seçkilərdə səs verməyənlər siyahılardan çıxarılıb: “MSK ekzit-poll keçirmək istəyən qurumlara qarşı ayrı-seçkilik nümayiş etdirib. Müstəqil müşahidəçilərin qeydiyyatında problemlər var. SMDT-nin təlim keçdiyi 100 müşahidəçiyə akkreditasiya verilməyib. Baxmayaraq ki, MSK 40 min müşahidəçinin qeydə alındığını bildirir. Bu müşahidəçilərin əksəriyyəti yerli hakimiyyətin və dövlət orqanlarının nümayəndələridir”.
Hesabat müəllifləri bəyan edirlər ki, iki mindən çox ynəlxalq müşahidəçinin əksəriyyətinin kimliyi şübhə doğurur. Belə ki, onlardan cəmi 400 nəfəri ciddi beynəlxalq təşkilatları – ATƏT DTIHB, ATƏT PA, Avropa Parlamenti və AŞPA-nı təmsil edir.
A.Məmmədli həmçinin bildirib ki, Ilham Əliyev, Cəmil Həsənli və Iqbal Ağazadənin xeyrinə fəal seçki kampaniyası həyata keçirilib. Digər namizədlərin əksəriyyəti “texniki” namizəd olub və faktiki olaraq, hakimiyyətin namizədinin xeyrinə təşviqat aparıb.
Ictimai Televiziyada teledebatların mahiyyəti və vaxtı da seçicilərin tələbatına cavab verməyib. 24 ümummilli və regional telekanaldan yalnız ITV namizədlərə efir verib. Bu zaman ITV C.Həsənliyə ödənişli efir vaxtı ayırmaqdan imtina edib.
MSK Cəmil Həsənliyə debatlardakı insidentə görə ciddi xəbərdarlıq, Hafiz Hacıyevə isə sadəcə xəbərdarlıq etməklə qeyri-obyektivlik nümayiş etdirib.
A.Məmmədlinin fikrinci, ölkədə siyasi və hüquqi iqlim 9 oktyabr səsverməsinin azad, ədalətli və demokratik olacağı ilə bağlı böyük şübhələr doğurur.
KBƏIB rəhbəri Elnur Məmmədli bildirib ki, səsvermə günü bu koalisiyanın müşahidəçiləri bütün bölgələrdə məntəqələrin 15%-də monitorinq keçirəcək.
Bu QHT-lərin tövsiyələrində seçici siyahılarının maneəsiz dəqiqləşdirilməsi üçün şərait yaradılması, seçicilərə, müşahidəçilərə və namizədlərin nümayəndələrinə qarşı təzyiqlərə son qoyulması zərurətindən bəhs edilir(Turan).