Rüşvət və korrupsiyanın idarəetmə, hətta az qala, həyat tərzinə çevrildiyi ölkələrdə onun ən böyük zərbələrindən biri toplumu tədricən tənbəlləşdirməsidir. Heç kim heç nədə özünə əziyyət vermək istəmir. Bir halda ki, pulunu verib işini aşıra bilərsən, əlavə zəhmətə nə ehtiyac var? Əgər pul yoxdursa, yenə dərd eləməyə dəyməz – əxlaqsız keyfiyyətləri asanlıqla valyutaya çevirmək olar, məsələn, yalan danışmağı, yaltaqlanmağı.
Bəli, rüşvət, korrupsiya kimi dəhşətli bəlalar əvvəlcə bioloji tənbəllik yaradır, sonra isə mənəvi, ruhi tənbəlliyə çevrilir. Əvvəlcə məmur qapılarında sürünmək, hansısa işini yoluna qoymaq üçün vaxt və enerji sərf etmək istəmirsən. Ardınca isə düşünmək, təşəbbüskar olmaq, qərar qəbul etmək, seçmək, sorğulamaq kimi keyfiyyətlərini itirirsən. Pul hər şeydirsə, bunlar hamısı adamlara mənasız, sonuncu dərəcəli məsələ kimi görünür. Insanların cibi başın funksiyasını yerinə yetirməyə başlayır. Baş özü boş qalsa da olar, yetər ki, cib dolsun. Bu gün kitabdan, bilgidən kütləvi imtinanın və kütləviləşmiş alverçi təfəkkürünün səbəbi məhz həmin sadə həqiqətdə gizlidir.
Hamı alver edir – yazıçı qələmi, idmançı əzələləri, cərrah bıçağı, polis dəyənəyi, rəssam fırçası, aktyor qrimi ilə!
Hakim güc tərəfindən təlqin, çoxluq tərəfindən qəbul olunan həyat prinsipi budur. Bundan kənara çıxanların aqibəti isə göz önündədir. Onlar üzərlərindəki “vətən xaini”, “xalq düşməni”, “ünsür”, “element” kimi damğalarla cəmiyyətdə “ağ qarğa” kimi dolaşmağa məcburdurlar.
Pulun yeganə hegemon olduğu toplumlara xas olan kütləvi tənbəlliyin simpotmlarını indi biz Azərbaycanda hər addımda hiss edirik. Heç kim haqqı olan sadə bir arayış almaq üçün əziyyət çəkmək, vaxt ayırmaq, enerji xərcləmək istəmədiyi kimi, ən adi həqiqətlər barədə də özü düşünmək, qərar vermək istəmir. Əksəriyyət istəyir ki, onun əvəzinə bunu başqaları etsin. Rüşvət vermək kimsənin xoşuna gəlmir, amma rüşvət vermədən yaşayacağı bir ölkə qurmaq üçün nə etmək lazımdır – bax, bu sual haqda düşünənlər də azdır. Bu haqda düşünməyi mütləq çoxluq başqasının öhdəsinə buraxır, başqasından gözləyir. Isa Qəmbərin məşhur sözlərilə desək, “hamı istəyir ki, ölkədə dəyişiklik olsun, amma eyni zamanda hamı istəyir ki, o, bu dəyişikliyi televizor qarşısında oturub izləsin”.
Hakimiyyət oğurlayır – hamı fərqindədir.
Amma eyni zamanda, hamı bunu özü söyləmək yox, başqalarından eşitmək istəyir.
Hamı bilir ki, bu cür idarəetmə çağdışıdır, pisdir, əzabdan və məhrumiyyətdən başqa heç nə vəd etmir. Amma eyni zamanda, hamı fikirləşir ki, buna son qoymaq başqalarının işidir, çünki özünün balaları var, evə bir qismət çörək aparmalıdır, ən əsası isə “onsuz da xeyri yoxdur, belə gəlib belə də gedəcək”.
Bir sözlə, hamı iştirak etmədiyi, töhfə vermək istəmədiyi bir prosesdən özü üçün işıqlı sabah gözləyir, arzuedilən nəticə olmadıqda isə “gördünüz, biz deyirdik ki, xeyri yoxdur” sözlərinin arxasından boy verib qürrələnir. Öz “uzaqgörənliyinin”, “müdrikliyinin” orqazmını yaşayır.
Yox, mən əsla xalqı ittiham etmirəm. Elə yazıya da Azərbaycan insanının bu duruma salınmasının səbəblərindən ikisini (rüşvət və korrupsiyanı!) göstərməklə başlamışdım. Deqradasiyaya uğramış, mənən qocalmış, ruhən yorulmuş və tənbəlləşmiş, bütün olub-qalan gücünü pula indeksləşmiş hazırki cəmiyyət səbəb deyil, nəticədir.
Səbəb sistemdir. Günahkar odur. Bu, öz yerində.
Amma unutmamaq lazımdır: nə demokratiya qaranquşdur ki, başqa ölkələrdən uçub gəlsin…
Nə də ləyaqətli, azad, firavan həyat dükan-bazarda satılmır ki, pulunuzu verib JEK-dən arayış alırmış kimi alasınız.
Onsuz da bunu əvvəl-axır siz özünüz edəcəksiniz.
Elə isə bəs bunu ayaqlarınıza və ağlınıza cəmi-cümlətanı yarımca saat əziyyət verib, seçki məntəqəsinə gedib niyə elə günü sabah etməyəsiniz?!
Bundan artıq nəsə yazmaq istəmirəm.
Məndən bu qədər…