Naxçıvanda əsgərlər seçki girovuna çevrilib

Təxris olunmuş əsgərlərə hərbi bilet seçkidən sonra veriləcək

Hakimiyyət seçkini saxtalaşdırmaq üçün bütün vasitələrdən istifadə edir. Bu günə qədər saxtakarlıqla bağlı xeyli sayda xəbərləri oxuculara çatdırmışıq.Saxtakarlıq əsasən müəllimlərin, həkimlərin, bir sözlə dövlət sektorunda işləyən insanların vasitəsilə həyata keçirilir.
Bu dəfə isə seçki saxtakarlığı ilə bağlı Naxçıvandan redaksiyamıza məlumatlar daxil olub. Bu xəbərləri saxtakarlıqda istifadə olunacaq əsgərlər verib. Belə ki, hərbi xidməti başa vuran əsgərlər rəmən təxris olunsalar da, hərbi biletləri verilməyib. Artıq 4-5 gündür ki, 100-lərlə əsgər Naxçıvanın müxtəlif bölgələrində, mülki geyimdə girov kimi saxlanılır. Xəbər verən mənbə bildirir ki, xidməti başa vurmuş əsgərlər 2-3 nəfər olmaqla müxtəlif ailələrə yerləşdirilib və bu ailələrə tapşırılıb ki, seçki gününə qədər əsgərləri qonaq saxlasınlar. Yəni, əsgərlər seçkidə səs verəndən sonra hərbi biletlərini alıb evlərinə buraxılacaqlar. Məlumat verən əsgər bildirdi ki, əvvəlcə onların hərbi bileti verilərək təxris olunduqları elan edilib. Ancaq bir neçə dəqiqədən sonra xəbər gəlib ki, əsgərlər seçkidən sonra evlərinə qayıdacaqlar. Beləliklə, hakimiyyət xidməti başa vurmuş əsgərlərin adına seçki saxtakarlığını həyata keçirəcək.