“Əliyev Qərbi Rusiya ilə şantaj edir”

Nazirlər Kabinetinin iclasında dövlət başçısının səsləndirdiyi fikirlər bu cür qiymətləndirilir

Rahim Hacıyev: «Azərbaycanın Rusiya ilə Qərb arasında apardığı oyun çox təhlükəlidir»

Seçkiyə iki gün qalmış Nazirlər Kabinetinin dövlət başçısı Ilham Əliyevin sədrliyi ilə keçirilən iclasında səsləndirilən fikirlər maraq doğurur. Belə ki, Avropa Birliyinin iki komissarının seçki ərəfəsində ölkəmizdəki vəziyyətlə bağlı verdiyi sərt bəyanatların, Dövlət Departamentinin Azərbaycanda normal seçki mühütünün olmadığının vurğulandığı hesabatın fonunda I.Əliyevin çıxışındakı bəzi məqamlar diqqət çəkir.
Çıxışının əvvəlində Rusiyaya ünvanlanan bir sıra mesajlar səsləndirən I.Əliyev daha sonra Putinin Bakıya reallaşdırdığı müəmmalı səfərə və həmin səfərdə razılaşdırıldığı ehtimal olunan bir sıra öhdəliklərə toxunub: “Rusiyanın prezidenti Azərbaycana səfər etmişdir. Səfər çox uğurlu idi. Bu səfərin Rusiya-Azərbaycan strateji əlaqələrinin inkişafı üçün çox böyük əhəmiyyəti var idi. Bütün məsələlərlə bağlı əldə olunan razılaşmalar gələcəkdə də Rusiya-Azərbaycan əlaqələrinin uğurla inkişaf etməsini təmin edəcəkdir. Əminəm ki, həm siyasi, həm də iqtisadi sahədə bundan sonra da gözəl nəticələr olacaqdır”.
Təsadüfi deyil ki, bəzi ekspertlər hesab edir ki, Rusiya ilə Azərbaycan arasında əldə olunan razılaşmaya görə rəsmi Bakı seçkilərdən sonra Gömrük Ittifaqına üzvlüklə bağlı qəti mövqeyini nümayiş etdirməlidir. Elə Rusiya ilə əldə olunan razılaşmaların yerinə yetiriləcəyi vədinin verilməsi də məhz bu məqama eyhamdır.
I.Əliyevin çıxışının ikinci hissəsində ritorikanı dəyişməsi nəticəsində səsləndirdiyi sərt mesajların məhz Qərbə ünvanlandığı şübhə doğurmur. Çünki bir qayda olaraq bu cür bəyanatlar Qərb tərəfindən insan haqları və demokratiya sahəsində  Azərbaycana qarşı mesajlar səsləndirildikdən sonra gündəmə gəlir: “Biz heç bir ölkənin daxili işinə qarışmırıq. Görəndə ki, kimsə bizim daxili işlərimizə qarışmaq istəyir əlbəttə ki, buna kəskin reaksiya verilir və biz buna imkan vermirik. Son on ilin təcrübəsi göstərir ki, belə şeylər əbəsdir. Əgər əvvəllər kimsə hesab edirdi ki, Azərbaycana təzyiq etmək, hansısa məsələlərin həllinə təsir etmək olar, hesab edirəm ki, indi ölkələrin, xaricilərin, beynəlxalq qrumların əksəriyyəti dərk edir ki, bizimlə diktat dili ilə danışmaq mümkün deyildir”.
Seçkiyə iki gün qalmış bu cür bəyanatın səsləndirilməsi nə məqsəd daşıyır?

Siyasi ekspert Rahim Hacıyev hesab edir ki, seçkiyə iki gün qalmış I.Əliyevin müşavirə keçirməsi seçkiyə hesablanan mesajların verilməsindən ötürüdür. Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərdə gərginlik yaşadığını vurğulayan R.Hacıyev qeyd etdi ki, bunu son illər Qərbdən demokratiya ilə bağlı çağırışların çoxalması da sübut edir. Digər bir tərəfdən isə Qərbdə fəaliyyət göstərən mətbuat orqanlarının, beynəlxalq təşkilatlarının Azərbaycan hakimiyyətinin insan hüquq və azadlıqlarını pozması ilə bağlı çoxlu sayda hesabatları gündəmə gətirməsi, I.Əliyevin özü və ailəsi ilə bağlı ifşaedici materialların çapı Qərblə münasibətləri xeyli gərginləşdirib: “Bir faktı da qeyd etmək lazımdır ki, ABŞ-ın xarici işlər nazirliyinin yüksək rütbəli təmsilçisinin sentyabr ayının ilk on günlüyündə Bakıya gəlişi barədə anons verilsə də, sonra bəlli oldu ki, Azərbaycan hakimiyyəti onun gəlişini istəməyib. Təbii ki, gözlənilirdi ki, həmin səfər vaxtı Azərbaycan hakimiyyəti ilə seçkiylə bağlı problemlər müzakirə olunacaq. Ona görə də Azərbaycan açıq şəkildə hakimiyyət bu məsələləri müzakirə etmək istəmədiyini nümayiş etdirdi. Təbii ki, hər belə hal münasibətlərin gərginləşməsi deməkdir. Ilham Əliyevin son müşavirəsindəki çıxışı göstərdi ki, Qərblə münasibətlərdəki gərginlik hələ davam edir. Bu Ilham Əliyevi manevrlər reallaşdırmağa, Qərbi şantaj etməyə məcbur edir. Rusiya ilə bağlı deyilən fikirlər onu göstərir ki, Azərbaycan hakimiyyəti, Ilham Əliyev yenə də Rusiya faktoru ilə Qərbi şantaj etməyə hazırlaşır”.
R.Hacıyev düşünür ki, Qərblə münsibətlərdə olan gərginlik, Qərbin seçkilərin saxtalaşdırmasına göz yummaq niyyətində olmadığı hakimiyyəti ciddi şəkildə narahat etdiyindən I.Əliyev Qərbi Rusiya ilə şantaj etmək qərarına gəlib. I.Əliyevin Rusiya ilə münasibətlərin yaxşı olduğu və bir sıra razılaşmaların əldə edildiyi ilə bağlı açıq bəyanat verdiyinə diqqət çəkən R.Hacıyev vurğuladı ki, Rusiya ilə əldə edilən razılaşmaların yerinə yetiriləcəyi vədinin verilməsi o deməkdir ki, Azərbaycan çox ciddi öhdəliklər götürüb: “Burada məqsəd seçki vaxtı Rusiyadan ciddi dəstək almaqdır. Rusiya da əvəzində Azərbaycan hakimiyyətinin Kreml üçün ciddi olan addımların atılacağını gözləyir. Ilham Əliyev son çıxışında Qərbə açıq mesaj verib ki, əgər Qərb təzyiqlərini davam etdirsə, iqtidarın növbəti seçki saxtakarlığına göz yumulmazsa, bu halda hakimiyyət Ermənistanın yolu ilə gedə bilər. Çünki Azərbaycan Rusiya üçün çox mühüm əhəmiyyət kəsb edən Gömrük Ittifaqı ilə bağlı Kremlin maraqlarına uyğun hərəkət edə bilər. Bütün bunlar onu göstərir ki, Azərbaycan hakimiyyəti, Ilham Əliyev iqtidarı qoruyub saxlamaq xatirinə milli maraqlardan istənilən vaxt keçməyə hazırdır”.
Amma Rusiyaya yönəlik bu cür reveransların hakimiyyəti xilas edə biləcəyinə inanmayan siyasi ekspert vurğuladı ki, Azərbaycanın Qərblə çox ciddi əlaqələri var: “Azərbaycan hakimiyyəti açıq və birmənalı şəkildə Qərbdən üz döndərə bilməz. Bu yarışantajdır. Azərbaycan hakimiyyəti sadəcə olaraq növbəti mərhələni aşırtmaq fikrindədir. Heç bir şübhə yoxdur ki, Azərbaycan hakimiyyətinin özü üçün də Qərblə münasibətləri son dərəcədə gərginləşdirmək yaxşı heç nə vəd etmir. Sadəcə olaraq Ilham Əliyev bu vəziyyətdən çıxmaq üçün bu addımı atır. Bununla da Qərbin loyal münasibətini qazanmaq istəyir. Amma Azərbaycanın Rusiya ilə Qərb arasında apardığı oyun çox təhlükəlidir. Ilham Əliyevin bu vəziyyətdən çıxması çətin ki, mümkün olsun”.

Xəyal