Universitetlərdə isə tələbələrdən Ilham Əliyevə səs vermək tələb olunur
Hakim Yeni Azərbaycan Partiyası (YAP) dünən Gəncə şəhərində mitinq keçirib. Gəncədən aldığımız məlumata görə, mitinq Əziz Əliyev küçəsində yerləşən “Spartak” stadionunda baş tutub. Məlumatda bildirilir ki, hakim partiya mitinqə inzibati resursrlar hesabına adam yığmağa çalışıb. Bütün məktəblər, universitetlər, idarələr YAP-ın mitinqinə səfərbər edilib. Hətta məktəblilərin aksiyaya aparıldığı bildirilir. Polis stadiona daxil olan insanları mitinq başa çatana kimi çölə buraxmayıb.
Gəncədən aldığımız başqa bir məlumata görə, bu şəhərdə yerləşən ali təhsil ocaqlarında tələbələrə təzyiq edilir. Onlardan oktyabrın 9-da Ilham Əliyevə səs vermək tələb olunur. Konkret olaraq Gəncə Aqrar Universitetində oxuyan tələblər redaksiyamıza bildirib ki, “aqrofakültə”nin Məhərrəm adlı dekanı tələbələrə tapşırıb ki, Ilham Əliyevə səs versinlər. Tələbələrin çoxu da Ilham Əliyevə səs verməyəcəkləri təqdirdə problemlə üzləşəcəklərindən ehtiyat edirlər.
Hakimiyyətin seçki saxtakarlığına hazırlaşması barədə başqa bir məlumat da var. Həmin məlumata görə, məntəqə üzvlərinə bildirilib ki, əsas protokol yalnız seçki dairəsində yazılmalıdır. Məntəqə üzvlərinə tapşırılıb ki, heç kim məntəqədə protokol tərtib etməsin.