«Debatlar göstərdi ki, hakimiyyət seçki yolu ilə iqtidarın dəyişməsinə hazır deyil»
Əlövsət Əliyev: «Azərbaycanda elə bir şərait yaranıb ki, düşünürsən, bəlkə, heç Seçki Məcəlləsinə də ehtiyac yoxdur»
Azərbaycan hüquqşünasları seçkiöncəsi ölkə ictimaiyyətinə müraciət edib. Müraciətdə deyilir ki, son illər ölkədə keçirilən bütün seçkilər kimi bu seçki də azad və ədalətli sayıla bilməz. Seçkiöncəsi və seçki prosesi gedişində baş verənlərin hakimiyyətin ədalətli seçki keçirmək niyyəti olmadığı vurğulandığı bəyanatda qeyd olunur ki, Ilham Əliyevin növbəti beşilliyə ölkəyə rəhbərlik etməyə haqqı yoxdur. Elə müsahibimiz də müraciət müəlliflərindən biri, hüquqşünas Əlövsət Əliyevdir. Ə.Əliyevə ilk sualımız isə müraciətdə I.Əliyevin üçüncü dəfə prezidentliyinin Konstitusiyaya, demokratiyanın təməl prinsiplərinə zidd olmasıyla bağlıdır.
– Ilham Əliyev birinci dəfə prezident seçildikdən sonra referendum qaydasında Seçki Məcəlləsinə dəyişiklik edildi. Bu dəyişiklik özündən əvvəlki yox, sonra yaranan münasibətləri tənzimləyir. Bu çox da mürəkkəb olmayan bir prinsipdir. Ona görə referendumla edilən dəyişiklik özündən əvvəlki münasibətlərə şamil edilə bilməz. Hüquqşünasların fikirləri müxtəlifdir. Kim hansı cəbhədə təmsil olunubsa, həmin cəbhənin siyasi xəttini dəstəkləyir. Amma mənim fikrimə görə, prezident bu dəfə namizədliyini irəli sürə bilməzdi. O, 2008-ci ildə Konstitusiyaya and içib, 3-cü dəfə prezident olmaq şansı isə 2009-cu ildə referendum vasitəsilə tanınıb. Bu dəyişiklik özündən əvvəlki münasibətlərə bir siyasi post – prezident vəzifəsi üçün tətbiq edilə bilməz. O əvvəlki seçki münasibətləri ilə müəyyən olunmuş qaydada iki dəfə namizədliyini irəli sürə bilərdi. Çünki o, and içmişdi ki, iki dəfə prezident seçiləcəksə, daha namizədliyini irəli sürməyəcək.
– Müraciətdə eyni zamanda vurğulanır ki, budəfəki seçki azad və ədalətli sayıla bilməz. Bunu hansı faktlara əsaslanaraq söyləmək olar?
– Seçkilərin azad və ədalətli olması tərəflərə bərabər şəraitin yaradılmasıyla müəyyənləşdirilir. Hazırkı durumda tərəflərə bərabər şəraitin yaradılmasından söhbət belə gedə bilməz. Azərbaycanda seçki prosesi Cəmil Həsənli və onu dəstəkləyən siyasi qüvvələrin yerlərdə aksiyalarını nəzərə almasaq, cəmi 54 dəqiqə oldu. Yəni televiziya debatlarında Cəmil Həsənli 54 dəqiqə çıxış etdi. Digər görüşlər, Bakıda qapalı və açıq məkanlarda keçirdiyi görüşlər ya AXCP, ya Müsavat Partiyasının tərəfdarları tərəfindən təşkil olunmuşdu. Mitinqlərə gələnlərin əksəriyyəti Cəmil Həsənlinin siyasi qabiliyyətinə, çəkisinə bələd olmayan adamlar idi. Cəmil Həsənli bu günə qədər seçkiyə gəlməyən, neytral insanlarla 54 dəqiqə ünsiyyət qura bildi. Bu ünsiyyət nəticəsində o, normal seçkidə qələbəyə ümid edə bilər. Azərbaycan kimi ölkədə siyasi mühiti 54 dəqiqədə dəyişmək böyük qələbədir. Azərbaycandakı siyasi aktivliyi bir hüquqşünas kimi mən, bir jurnalist kimi siz gözəl görürsünüz. Bu siyasi aktivlik 54 dəqiqədə yaranan aktivlikdir. Bərabər münasibət o zaman olardı ki, Cəmil Həsənliyə heç olmasa kommerssiya yolu ilə çıxış etməyə imkan yaradılaydı. Bunun edilməməsi onu göstərir ki, Azərbaycanda KIV-lər bir qrup şəxsin inhisarındadır. Xüsusilə elektron KIV-lər Azərbaycanda seçki günündən sonra başlanan növbəti etapda həqiqi müxalifət nümayəndəsinə 10 dəqiqə zaman versə, ölkədə korrupsiya, vətəndaşlara qarşı ayrı-seçkilik, rüşvətxorluq, məmur özbaşınalığı bu qədər inkişaf edə bilməz. Seçki hüquqları ilə bağlı insanlardakı bədbin əhval-ruhiyyə də bununla bağlıdır. Ölkədə normal seçki üçün nəinki bərabər imkanlar yoxdur, heç bu barədə danışmaq, düşünmək belə artıqdır. Hazırda ölkədə elə bir şərait yaradılıb ki, bəzi namizədlər xalqın görüşünə getməyi, xalqla seçkiylə bağlı söhbət etməyi, xalqa “buyur, gəl mənə səs ver” şüarını səsləndirməyi belə özünə rəva bilmir. Bunun bir neçə səbəbi ola bilər. Ya onlar kifayət qədər əmindilər ki, onların yaxşı əməlləri o qədər çoxdur ki, onların seçicilərlə görüşməsi, insanları seçkiyə çağırmasına ehtiyac yoxdur. Çünki onların yaxşı əməlləri var. Ya da bu namizədlərin insanların arasına çıxmağa üzləri yoxdur. Görünür, bunlar risk etmək istəmir, qorxurlar. Çünki hesab edirlər ki, onların görüşlərinə heç kim gəlməyəcək, seçki çağrışlarına məhəl qoymayacaq.
“Azərbaycanda normal seçki sistemi mövcud deyil”
– Müraciətdə vurğulanır ki, qarşıdan gələn seçkilər 21-ci əsrdə Azərbaycanı feodal qaydaları ilə idarə edən bir hakimiyyətdən xilas olmaq üçün bir vasitədir?
– Bir müddət əvvəl də hüquqşünasların bir müraciəti yayılmışdı. Orada vurğulamışdıq ki, bu, sadəcə olaraq bir çağırışdır. Bu çağırışa qoşulan hüquqşünasların sayı artacaq və hüquqşünasların seçkilə bağlı növbəti bir bəyanatı olacaq. Biz bütün hallarda hüquqşünaslar olaraq hakimiyyətin yalnız seçki yolu ilə dəyişməsinə dəstək verir və buna da ümid edirik. Lakin əslində indi baş verənlər göstərir ki, Azərbaycanda seçki adına heç nə baş vermir. Bu çox ağır və acınacaqlıdır. Mən bir hüquqşünas olaraq bu ifadəni işlətməyə çətinlik çəkirəm. Təəssüf, Azərbaycanda elə bir şərait yaranıb ki, düşünürsən ki, bəlkə, heç Seçki Məcəlləsinə də ehtiyac yoxdur. Azərbaycanda normal seçki sistemi mövcud deyil. Azərbaycanda normal seçki ilə bağlı normal qaydalar, seçki mexanizmi müəyyən edilməyib. Indi söyləyə bilərlər ki, əvvəlcədən müxalifət, Milli Şuranın tərəfdarları hakimiyyətin öz seçki mexanizmini necə qurduğunu gözəl bilirdi. Bu hakimiyyətin seçki qaydalarını hansı formada hazırladığı gözəl məlum idi. Müxalifət bu formaları, yenə də söyüşlərin olacağını, müəyyən insanların seçkiyə buraxılacağını bildiyi halda yenə də seçkilərə getdilər. Bu hakimiyyətin seçki strategiyası bundan ibarətdir. Bu qaydalar Seçki Məcəlləsinin müəyyən etdiyi normalar deyil. Bu, hakimiyyətin seçkini saxtalaşdırmaq, insanları ruhdan salmaq üçün bir vasitəsidir. Kimdən soruşsan deyəcək ki, mən seçkiyə getsəm də, getməsəm də seçkinin nəticələri bəllidir. Hakimiyyət cəmiyyətə bu əhval-ruhiyyəni aşılayır. Ona görə heç kim demir ki, buyurun seçkiyə gəlin, səs verin. Bunun olmaması çox pis haldır. Bu, seçicilərin hüquqlarının pozulması deməkdir. Azərbaycanda beş-altı QHT 300-400 min qrant alaraq, əhalinin maarifləndirilməsi istiqamətində təbliğat aparır. Amma hakimiyyət bundan dəfələrlə böyük xərclər qoyaraq insanların hüquqlarını bilməməsi üçün çalışır.
– Prezident seçkisi kimi böyük seçki kampaniyasını 9 debata sığışdırdılar. Bu debatlar nələri üzə çıxardı?
– Bu debatlar onu göstərdi ki, hakimiyyət seçki yolu ilə iqtidarın dəyişməsinə hazır deyil. Hakimiyyət hesab edir ki, onlar heç bir şərt olmadan bu iqtidarın əbədi sahidirlər. Onlar bununla bir daha göstərirlər ki, bu hakimiyyət seçki yolu ilə əldə olunmayıb və seçki yolu ilə də bu hakimiyyətdən imtina etmək niyyətləri yoxdur. Çox təəssüf ki, bu reallıqdır. Bu debatlar göstərdi ki, hakimiyyət ən çirkin üsullardan istifadə etməklə iqtidarın ömrünü bir qədər uzatmağa çalışır. Hakimiyyət beynəlxalq təşkilatların, seçkini müşahidə edənlərin, hətta Azərbaycan ictimaiyyətinin qarşısında bəyan edir ki, “siz görmürsünüz ki, elə qüvvələr hakimiyyətə gələ bilər ki, Azərbaycan məhv olacaq”. Yəni bu normal düşüncə deyil. Bu xəstə düşüncədir. Xalq kimi istəyirsə, seçkiyə gedib ona səs verməlidir. Ölkədə dövlət hakimiyyəti öz səlahiyyətləri çərçivəsində, bir-birinin fəaliyyətinə müdaxilə etmədən qanunauyğun olaraq qanunvericilik, icra hakimiyyəti və məhkəmə hakimiyyəti tərəfindən həyata keçirilməlidir. Hakimiyyətə ictimai nəzarət mütləq olmalıdır və bu nəzarət üçün şərait yaradılmalıdır. Birtərəfli hakimiyyət sonda diktaturaya gətirir. Bu hakimiyyət elə fikir formalaşdırıb ki, hakimiyyəti idarə edən ancaq prezidentdir. Hakimiyyəti oturuşmuş sistem, qanunlar idarə etməlidir. Qanunların aliliyi təmin olunmalıdır ki, məmur özbaşsnalığı baş verməsin. Bu gün qanunun aliliyinin təmin olunmaması üzündən Azərbaycanda normal seçki sistemi mövcud deyildir. Bir gün sonra seçki günüdür. Amma ölkədə normal seçki ab-havası, seçki sistemi yoxdur. Hakimiyyət vəhşi, feodal obrazı yaradır ki, bu iqtidar dəyişsə, Azərbaycan məhv olacaq. Bu Azərbaycan xalqını aşağılamaqdır. Onu aşılayırlar ki, 9 milyonluq Azərbaycan xalqı normal prezidentliyə namizəd irəli sürə bilməz. Ona görə də elə namizədləri irəli sürürlər ki, xalqda bu fikri möhkəmləndirsinlər. O düşüncə hakim olsun ki, bundan başqa namizəd yoxdur. Əslində bu hakimiyyətin xalqa münasibətdə öz düşüncəsidir.
“Müstəqil hüquqşünaslara təzyiqlər davam edəcək”
– Namizədlərdən bir çoxu “mən prezident olacam” fikrini səsləndirmədi. Əksinə, xalqda böyük narazılığa səbəb olan təhqirlərə yol verdilər. Əslində bu taktika onu düşünənlərə dvidend də gətirmədi. O zaman bu cür seçki kampaniyasını aparmaqda, bu tip namizədləri irəli sürməkdə məqsəd nə idi?
– Əsas namizədin ətrafına xəstə adamları toplayırlar ki, xalq görsün ki, layiqli adam bir nəfərdir və ondan başqa namizəd yoxdur. Bu, xəstə təxəyyülünün nəticəsidir. Yaxşı adamların mübarizəsi aparılmır. Bizdə də liderliyi bacarmayan, prezident vəzifəsinə uyğun olmayan insanları ora yığırlar ki, xalq məcbur olub desin ki, bunlardansa, elə əvvəlki namizədə səs verək. Bu, hakimiyyətin seçki texnologiyasının tərkib hissəsidir. Biz neçə ildir ki, bu texnologiyaların şahidi oluruq. Məsələn, əgər Isa Qəmbər, Əli Kərimli, Etibar Məmmədov bir yerdən namizədliyini irəli sürürsə, həmin dairədən eyni adlı bir neçə namizədi irəli sürürlər. Mənəviyyatsızlıqla bağlı texnologiyalardan istifadə edirlər ki, insanlar düşünsünlər ki, ən yaxşı namizəd elə hakimiyyətdəkidir və o, sona qədər dəyişməməlidir. Təəssüf edirəm ki, bəzi sıravi vətəndaşlar, hətta prezident də düşünür ki, Azərbaycanda ideal yalnız bir ailədir. Və başqa namizədlər ola bilməz. Təəssüf ki, Azərbaycan vətəndaşında bu fikir formalaşıb və bu fikrin formalaşması üçün milyonlar xərclənir.
– Seçki ilində sizin kolleqalarınıza, hüquq müdafiəçilərinə qarşı basqılar həyata keçirildi. Həbsə atılanlar, Vəkillər Kollegiyasından çıxarılanlar oldu. Insanların hüquqlarını müdafiə edən şəxslərin hədəf seçilməsi şübhəsiz təsadüfi deyildi. Burada məqsəd nədir?
– Məsələn, Qurban Məmmədovun həbsi, Aslan Ismayılovun vəkillikdən xaric olunması kimi hallar davamlı olacaq. Bundan əvvəl isə Namizəd Səfərov və başqa vəkillərin vəkilikdən çıxarılması baş vermişdi. Yəni kimlər siyasi proseslərdə aktiv iştirak edirsə, onlar hədəf seçilir. Hətta siyasətlə məşğul olmayan, amma fəallıq göstərən şəxslər də hədəfə alınır. Hətta mən deməzdim ki, Aslan Ismayılov siyasətlə məşğul olur. Sadəcə olaraq o, ayrı-ayrı vəzifəli şəxslər barəsində sərt bəyanatlar verdiyinə görə vəkillikdən xaric edilib. Çünki Aslan Ismayılov vəkillikdən hansı hərəkətə görə xaric edilibsə, eyni hərəkətləri davam etdirən digər vəkillər də mövcuddur. Hüquqşünasların çəkisi cəmiyyətdə olduqca böyükdür. Pakistanda sonuncu prezident məhz hüquqşünasların təzyiqi ilə hakimiyyətdən getdi. Yəni bu cür halları hakimiyyət görür və məhz buna görədir ki, Azərbaycanda müstəqil Vəkillər Kollegiyası, vəkillik institutu mövcud deyil. Vəkillik iflic vəziyyətdədir. Təkcə vəkillərə münasibətdə deyil, Azərbaycanda tanınmış, sözünün çəkisi olan insanlara qarşı hakimiyyət həmişə dözümsüz münasibət bəsləyib. Gənclərin həbsi, mətbuata təzyiqlər hamısı hakimiyyətin siyasi texnologiyalarıdır. Bu davamlı olacaq. Seçkilərdən sonra da biz bu cür halların şahidi olacağıq.
Hikmət