Avropa Şurası Əli Insanova görə hökumətdən izahat istəyir

Avropa Məhkəməsinin keçmiş nazirlə bağlı qərarının niyə icra olunmadığına cavab tələb olunur

Avropa Şurası Nazirlər Komitəsindən keçmiş səhiyyə naziri Əli Insanova son günlərdə ikinci məktub gəlib. Bu barədə “Azadlıq”a Əli Insanovun vəkili Toğrul Babayev məlumat verib.
Vəkilin sözlərinə görə, Avropa Şurası Nazirlər Komitəsi Əli Insanovun barəsində Avropa Məhkəməsinin çıxardığı qərarın icra olunmamasıyla əlaqədar Azərbaycan hökumətindən izahat tələb edir: “Oktyabrın 2-də Əli Insanova Avropa Şurası Nazirlər Komitəsindən göndərilmiş məktubda bildirilir ki, komitənin Məhkəmə Qərarlarının Icra Departamenti hökumətə sorğu ünvanlayıb. Bu sorğu Avropa Məhkəməsinin Əli Insanov barəsində martın 14-də qəbul etdiyi və iyunun 14-də qüvvəyə minmiş qərarın qəsdən icra olunmamasıyla bağlıdır”.
Xatırladaq ki, Avropa Məhkəməsi sözügedən qərarından Əli Insanovun Avropa Konvensiyasının 3-cü (işgəncəyə məruz qalmamaq) və 6-cı (ədalətli məhkəmə araşdırması) maddələrilə təminat verilən hüquqlarının pozulduğunu təsdiqləyib. Keçmiş nazirə qarşı bu pozuntulara görə Azərbaycan hökuməti həm də cərimələnib.

Aytən