“Nə qədər ki, rejimi tənqid edən şəxslər həbsdədir, ifadə azadlığı təmin olunmayıb prezident seçkisi ədalətli sayılmayacaq”
“Turan”ın məlumatına görə, mətbuat azadlığı sahəsində aparıcı QHT-lər və jurnalistlərdən ibarət Beynəlxalq Tərəfdaşlıq Qrupu Azərbaycanla bağlı bəyanat verib. Sənəddə Azərbaycanda hüquq və azadlıqlar sahəsində ciddi problemlər olduğu qeyd edilir, prezident seçkisinin azad və ədalətli keçirilməsi üçün həbsdə olan jurnalist və bloqçuların, hüquq müdafiəçilərinin azad olunması çağırışı yer alır. “Nə qədər ki, hakim rejimi tənqid edən şəxslər həbsdən azad olunmayıblar, nə qədər ki, ifadə azadlığı beynəlxalq standartlara uyğun təmin olunmayıb Azərbaycanda keçirilən prezident seçkisi ədalətli sayılmayacaq” – “Article-19”un icraçı direktoru Tomas Xyuc belə deyib.
Mülki Hüquqların Müdafiəsi Təşkilatının icraçı direktoru Robert Xerd qeyd edib ki, 2013-cü ilin əvvəlindən Azərbaycanda iqtidarı tənqidə məruz qoyan vətəndaşların hüquq və azadlıqlarının kobud şəkildə boğulması dalğası başlayıb: “İqtidar öz əsas hüquqlarını tələb edənlərə qarşı zorakılıq, qaralama yolu ilə Azərbaycan vətəndaşlarının mülki və siyasi hüquqlarını müntəzəm və məqsədli şəkildə pozur. Başqa rejimlərin fəaliyyətində belə hallara dözümsüz yanaşan beynəlxalq birlik Azərbaycanda belə hallara səbirlə yanaşır. Avropa İttifaqı və digər ölkələrin liderləri qəti mövqe tutaraq Azərbaycanda hüquq və azadlıqların pozulması haqda uca səslə danışmalıdır”.