ABŞ İrandan yeni təkliflər gözləyir

Məhəmməd Cavad Zərif: «Netanyahu kimilərin milli şərəfimizlə oynamasına icazə vermərik»

ABŞ dövlət katibi Con Kerri Iranı gələn həftə rəsmi Tehranla “altılıq” ölkələri arasında Cenevrədə keçirilməsi planlaşdırılan nüvə müzakirələrinə yeni təkliflər paketi ilə gəlməyə çağırıb. Kerri Indoneziyada jurnalistlərə açıqlamasında bildirib ki, Cenevrə danışıqları Qazaxıstanda tərəflər, həmçinin ABŞ-da xarici işlər nazirləri səviyyəsində keçirilmiş nüvə müzakirələrinin davamıdır.
ABŞ dövlət katibi deyib ki, “altılıq” ölkələri Qazaxıstanda öz təkliflərini Irana təklif edib: “Ancaq biz rəsmi Tehranın bu təklifə cavab verəcəyinə inanmırıq. Indi nəticə etibarilə Irandan fərqli yanaşma gözləyirik. Biz hazırda Iranın təkliflər paketini gözləyirik. Yəni rəsmi Tehranın nüvə proqramının tamamilə dinc məqsədlərə xidmət etdiyini açıq-aşkar göstərməlidir”. C.Kerri həmçinin vurğulayıb ki, Iranda keçirilmiş XI dövr prezident seçkilərinin bu ölkənin xarici siyasətində dəyişiklərə səbəb olmasını bir daha alqışlayır: “Biz inanırıq ki, sözlər deyil, əməllər fərqləri ortaya çıxarır”.
“Iranla ”altılıq” ölkələri arasında davam edən nüvə müzakirələrində Iran xalqının haqlarını rəsmi şəkildə tanımayan həll yolu qəbuledilməz və keçərsizdir”. Bunu isə  Iranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
M.C.Zərif oktyabrın 15-16-da Cenevrə şəhərində Iranla “altılıq” ölkələri arasında keçirilməsi planlaşdırılan növbəti nüvə müzakirələrinə də münasibət bildirib: “Biz müzakirə mövzusunda çox ciddiyik və söylədiyimiz sözün arxasında olduğumuzu da daha əvvəl sübut etdik. Amma Netanyahu kimi şəxslərin də bizim gündəmi müəyyənləşdirməsinə və ya bizim milli şərəfimizlə oynamasına icazə vermərik. Allahın köməyi sayəsində qərarlı addımlarla Iran xalqının haqlarından vaz keçməməklə Cenevrə müzakirələrinə qatılacağıq. Biz müzakirələrdən çəkinmirik. Çünki bir şey itirəcəyik deyə hansısa bir narahatlığımız yoxdur. Biz güclü olduğumuza inanırıq və gücümüz də topla, tankla deyil, müstəqilliyimiz və ictimai sərmayələrimizdən qaynaqlanır. Biz müzakirə masasında ölkənin mənfəətlərini izləyəcəyik. Orada uranın zənginləşdirilməsi maddəsini müzakirə mövzusu etməyəcəyik”(APA).