Vəkil-namizədlər: kim hansı rolu oynadı?

Aslan İsmayılov

Bundan əvvəlki yazıma olan şərhlər seçki mövzusuna bir daha qayıtmağımı və debatlarda iştirak edənlərin roluna aydınlıq gətirməyimə ehtiyac olduğunu göstərdi. Hamı üçün gün kimi aydındır ki, debatlarda iştirak edənlərdən, bilərəkdən yaradılmış seçki mühitində, ancaq İlham Əliyev və Cəmil Həsənli namizəd kimi qeydə alınmağa tələb olunan imzaları (ölkə regionları üzrə bərabər paylanmış 40.000 imza) yığa bilərdi. Əgər qalan namizədlər həmin imzaları yığsa da hakimiyyətin istəyi olmasa onlar da “REAL”ın namizədi İlqar Məmmədov kimi qeydə alınmazdılar. Hakimiyyət bütün dünyaya, o cümlədən xalqına göstərdi ki, onun analoqu yoxdur. Debatlarda bir namizəd 7 vəkillə, digəri isə tək iştirak edirdi. 7 vəkilin iştirakının məqsədi birinci növbədə Cəmil Həsənliyə debatlarda ayrılacaq vaxtı minimuma endirmək idi. Seçkiləri müşahidə edənlər həqiqətən iqtidar texnoloqlarının, öz dünyagörüşlərinə uyğun olaraq, pis işləmədiyinin şahidi oldular. Sadəcə Cəmil Həsənlinin davranışı iqtidarın siyasi texnoloqları üçün, o cümlədən mənim üçün də gözlənilməz oldu.

İndi isə hər bir namizədə ayrılan rol haqqında, İlham Əliyevin vəkilləri xaric, öz mülahizələrimi bölüşürəm:

Zahid Oruc hakimiyyət tərəfindən gənc nəslin nümayəndələrinin, intellektualların səsini almağa hesablanmış namizəddir. Çıxışında Adam Smiti “fransız utopik sosialisti” adlandırmaqla gənclərə öz intellektini göstərdi.

Qüdrət Həsənquliyevin Əli Kərimli xəstəliyindən əzab çəkdiyini bilən hakimiyyətin məqsədi onun vasitəsi ilə Əli Kərimlini qaralamaq və onun tərəfdarlarının səsini Cəmil Həsənlidən almaqdır.

Fərəc Quliyev tez-tez özünü Elçibəyə ən sadiq, onu ən çox istəyən çəbhəçi kimi elçibəysevərlərin səsini parçalamalı idi.

İlyas İsmayılov birdən-birə dinə meyl etməklə, İslam Partiyası ilə bir olduğunu göstərməklə dindarların səsini Cəmil Həsənlidən almalı idi.

Hafiz Hacıyev və Araz Əlizadə öz əxlaqları ilə Cəmil Həsənlini özündən çıxarmalı və onu zəif, yazıq, iddiasız, hakimiyyəti qoruya bilməyən formal bir namizəd kimi təqdim etməli idilər.

İqbal Ağazadə, namizədlər arasında, öz rolunu ən mükəmməl oynadı. Özünün davranışı (birnəfəsə çıxış edib, özünü debatlarda baş verən biabırçılıqdan kənar saxlaması ilə), səlist və ağıllı çıxışları ilə Cəmil Həsənlidən ən çox səs qoparacaq.

Sərdar Cəlaloğlunun bacarıqsızlığından onun oynadığı rol (vaxt almaq istisna olmaqla) mənə bəlli olmadı.

Ssenari mən bilən, bu idi. Ancaq Cəmil Həsənli hakimiyyət siyasi texnoloqlarının ssenarisini alt-üst etdi. Hafiz Hacıyevin birinci tərbiyəsizliyindən sonra hətta mənim, Cəmil Həsənlini yaxından tanıyan bir şəxsin dərhal ağlıma gələn o oldu ki, Cəmil Həsənli buna tab gətirməyib debatları tərk edəcək. Cəmil Həsənli isə tam əksini etdi. Soyuqqanlılığını saxlayaraq, öz haqqını tələb etdi və təhqirlərə öldürücü cavablar verdi.
P.S. Qalmış qısa müddət ərzində adı çəkilən şəxslər öz namizədliklərini kiminsə, xüsusilə, Cəmil Həsənlinin xeyrinə geri götürməklə mənim yalnış, qərəzli olduğumu sübut edə bilərlər. Ancaq bu hadisə baş verməyəcək. Ən azından mən Vəkillər Kollegiyasından xaric ediləndə parlamentdə yeganə şəxs olaraq məni müdafiə etmiş (məhz buna görə ona zəng edib təşəkkürümü bildirmişəm) İqbal Ağazadə belə bir addım atarsa, hamının qarşısında söz verirəm ki, haqsız olduğumu etiraf edib ondan üzr istəyəcəm. Mən şəxsi münasibətləri milli münasibətlərdən ayırmağı həmişə özümə borc bilmişəm.