Tanınmış vəkil naziri debata çağırdı

Müzəffər Baxışov: «Tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycanda məhkəmə adlı qurum yoxdur»

Leyla Yunus: «Azərbaycanın məhkəmə sistemində heç bir islahat həyata keçirilmir və hakimlər sifarişlə qərar qəbul edirlər»

Mətbuatda yazılan məlumatlara görə, son günlər 250-dən çox gənc mütəxəssis ədliyyə orqanlarına işə qəbul edilib, Çoxmərhələli imtahanları, o cümlədən bir il müddətində davam etmiş təlim kurslarını uğurla başa vuran 70-dən çox hüquqşünas isə hakim vəzifələrinə təyin edilib. Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Virtuaaz.org-a müsahibə verib.
Fikrət Məmmədov bildirib ki, hazırda məhkəmə sisteminin daha da təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılması və özünüidarə funksiyalarının genişləndirilməsi, məhkəmə araşdırmalarının keyfiyyətinin yüksəldilməsi, infrastrukturun müasirləşdirilməsi üzrə geniş təhlil və ümumiləşdirmələr aparılır, müvafiq layihələr hazırlanır.
Ədliyyə Naziri insanların hakimlərdən narazılığına da münasibət bildirib: “Məhkəmə-Hüquq Şurası insanların haqlı narazılığını doğuran hakimlərə qarşı tədbirləri daim görür, bundan sonra da görəcək. Eyni zamanda onları əvəzləyəcək yüksək mənəvi keyfiyyətləri olan hazırlıqlı gənc hüquqşünasların seçimi də diqqətdən kənarda qalmır. Məhz bu səbəbdən Azərbaycanda hakimliyə namizədlərin seçiminin Avropada ən mütərəqqi və şəffaf qaydaları müəyyən edilib. Bu prosedurlarla son illər ərzində 235 nəfər hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunublar. Hazırda hakim korpusunun 50 faizini, o cümlədən Bakı şəhərinin rayonları üzrə 80 faizini məhz bu hakimlər təşkil edir”.
Təəssüf ki, reallıq Fikrət Məmmədovun dediklərinin əksini göstərir. Son illərdə onlarla hakimin sifarişli hökm oxumasının, heç bir sübut olmadığı halda yüksək cəza verməsinin, insanların siyasi baxşılarına görə mühakimə edilməsinin şahidi olmuşuq. Ancaq mətbuatın yazmasına, beynəlxalq hesabatların tənqid etməsinə baxmayaraq, nəinki bu hakimlər cəzalandırılıb əksinə, daha da yüksək vəzifəyə yiyələniblər.
Bəs, nazirliyin gördüyü tədbirlər özünü nədə göstərir?

Hüquq müdafiəçisi Leyla Yunus bildirdi ki, Fikrət Məmmədovun dedikləri yalnız kağız üzərindədir və bu məhkəmə sistemində heç bir müsbət irəliləyiş yoxdur: “Azərbaycanda məhkəmə sisteminin hansı vəziyyətdə olması hər kəsə aydındır. Hakimlər siyasi sifarişlə qərar çıxarırlar. Bu sifarişlər isə yalnız prezident aparatından deyil, həm də müxtəlif məmurlardan gəlir. Elşad Abdullayevin videolarında da gördük ki, insanların taleyini məmurların istəyinə görə müəyyənləşdirirlər. Azərbaycanda hakimlər var ki, onlar nəinki vəzifədən azad edilməlidir, həm də həbs olunmalıdır. Azərbaycandakı məhkəmə sisteminin bərbad vəziyyəti, hakimlərin ədalətsiz qərarları beynəlxalq hesabatlarda da öz əksini tapıb. Bu yaxınlarda gördük ki, Əli Kərimlinin oğlunu hansı gülünc ittihamla həbs etdilər. Bu hakimlərin cinayətidir və buna cavab verməlidilər”.

Hüquqşünas Müzəffər Baxışov hesab edir ki, Fikrət Məmmədovun dedikləri tamamilə yalandır və Azərbaycanda məhkəmə adlı qurum yoxdur: “Mən Fikrət Məmmədovla istənilən formatda debata çıxmağa hazıram və ona sübut edə bilərəm ki, Azərbaycanda məhkəmə sistemi müstəqil deyil. Tam məsuliyyətlə deyə bilərəm ki, sovet dövründə məhkəmələr daha müstəqil, daha vicdanlı, daha qanuni və daha mənəviyyatlı qərarlar qəbul edirdi. Azərbaycanda ədliyyə naziri Fikrət Məmmədov olandan sonra məhkəmələrin vəziyyəti daha pisləşdi və hakimlərin müstəqilliyi məhv edildi. Bütün məhkəmələr məhkəmə sədrinin verdiyi sifarişlər əsasında həyata keçirilir. Istər Apelyasiya Məhkəməsi, istər Ali Məhkəmə, istərsə də Ağır Cinayətlər Məhkəməsində baxılan işlər məhkəmə sədrinə məruzə olunur və sədrin hakimə verdiyi qərar qəbul olunur. Məhkəmə sistemində heç bir islahat həyata keçirilmir. Sadəcə formal bir imtahan proseduru müəyyən ediblər və mən həmin imtahanlarda iştirak edib ən yüksək nəticə göstərmişəm. Ancaq mənim nəticələrimi ədliyyə naziri Fikrət Məmmədov şəxsən aradan qaldırıb və məsləhət bilməyib ki, mən hakim olum. Azərbaycanda məhkəmə sistemi yoxdur. Sadəcə olaraq insanlar məcburiyyət qarşısında qalaraq məhkəmələrə müraciət edirlər”.

Ilham Hüseyn