Bəşər Əsəd: «Beynəlxalq ekspertlərlə sıx əməkdaşlıq etməyə hazırıq»
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) ekspertləri Suriyanın kimyəvi silahlarının zərərsizləşdirlməsinə başlayıb. Bu barədə təşkilata istinadla “Reuters” məlumat yayıb. Bundan əvvəl Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin ekspertlərin kimyəvi silahlarla bağlı yoxlamalara oktyabrın 7-də başlayacağını açıqlamışdı. KSQT-nin Suriyaya gedən qrupu 33 nəfərdən ibarətdir. Onların arasında Rusiya, ABŞ, Böyük Britaniya, Çexiya, Özbəkistan, Çin, Kanada, Niderland, Tunisdən olan vətəndaşlar da var. Qrupun 19 nəfəri təşkilatın müfəttişidir.
Birinci mərhələdə kimyəvi silahların istehsalı üçün nəzərdə tutulan avadanlıqlar və zərərli maddələr məhv ediləcək. Hələlik məhvetmə əməliyyatının Suriyanın hansı rayonundan başladığı məlum deyil. Bundan əvvəl prezident Bəşər Əsədin məsləhətçisi bəyan etmişdi ki, hökumət təhlükəsizlik baxımından ekspertlərin hansı kimyəvi silah bazalarına baş çəkdiyini açıqlamayacaq.
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı bildirir ki, kimyəvi silah istehsal edən avadanlıqlar noyabrın 1-nə, ehtiyatlar isə 2014-cü ilin ortalarınadək məhv edilməlidir(newsru.com).
“Kimyəvi silahlar yaxşı qorunur”
“Suriya hökumətinin malik olduğu kimyəvi silah arsenalı üsyançıların əlinə düşməmək üçün yaxşı qorunur, zəhərləyici maddələr döyüş üçün yarasız vəziyyətdədir”. Bunu isə Suriya prezidenti Bəşər Əsəd Almaniyanın “Şpigel” jurnalına müsahibəsində deyib(“anspress”): “Narahat olmayın, anbar çox yaxşı qorunur. Sakit olmağınız üçün daha bir şeyi deyim: orada maddələr hərbi vəziyyətə yararsız halda saxlanılır. O, hərbi istifadə üçün hazırlanmayınca, heç kim ondan istifadə edə bilməz”.
Əsəd bu dəfə də avqust ayının 21-də Dəməşq yaxınlığında hakimiyyət qüvvələrinin kimyəvi silahdan istifadəsi ilə bağlı fikirləri təkzib edib: “Bizim kimyəvi silahlardan istifadə etməyimizlə bağlı səsləndirilən iddiaların heç bir əsası yoxdur. Hökuməti xalqın qatili kimi qələmə vermək yanlışdır”.
Onun sözlərinə görə, ona qarşı savaşanlar da zəhərli “zarin” maddəsinə malikdirlər: “Heç kim deyə dəqiq deyə bilməz ki, hücum zamanı raketlərdən istifadə edilib. Bunun heç bir sübutu yoxdur. Bircə o aydındır ki, ”zarin” qazından istifadə edilib. Bu, bizim raketlərdən birinin terrorçuların mövqelərini vuran zaman ola bilərdi. Və ya onlar maddə ilə işləyərkən səhvə yol veriblər”. Əsəd bundan öncə də terrorçuların Alepoda bu maddədən istifadə etdiklərini deyib.
Suriya lideri BMT Təhlükəsizlik Şurasında kimyəvi silahlarla bağlı qəbul edilən qətnaməni müsbət qiymətləndirib. “Orada bizim maraqlarımıza zidd heç bir bənd yoxdur”. B.Əsəd, kimyəvi silahların məhv olunmasına hazırlıq üzrə beynəlxalq ekspertlərlə sıx əməkdaşlıq etməyə hazır olduğunu söyləyib: “Mütəxəssislər Suriya hökumətindən istənilən məlumatları ala bilərlər”.
Davudoğlu Əsədin cavabını verdi
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu isə Suriya prezidenti Bəşar Əsədin Türkiyənin ünvanına səsləndirdiyi ittihamlara cavab verib. O, Əsədin fikirlərinin yalan olduğunu və bunu bütün dünya kimi, türk xalqının da bildiyini deyib. Albaniya paytaxtı Tiranada jurnalistlərin suallarını cavablandıran Davudoğlu Bəşar Əsədin öz xalqına zülm etmiş, öz xalqına qarşı kimyəvi silahı işlətmiş biri olaraq Türkiyə barədə hansısa bir tənqid səsləndirmək haqqına sahib olmadığını bildirib: “Onun səsləndirdiyi iddiaların hamısı gerçəklikdən kənardır”.
Onun sözlərinə görə, Əsədlə saatlarla, günlərlə danışıqlar aparılıb: “Amma o təəssüf ki, hər zaman ona yardım əli uzadan Türkiyə hökuməti ilə əməkdaşlıq etmək yerinə, öz xalqına zülm etmək yolunu seçdi. Ən təəssüedici məqam odur ki, öz xalqına qarşı kimyəvi silahdan istifadə edən biri hələ də Türkiyəyə qarşı ittihamlar səsləndir və bu, mətbuatda yer alır. O, bəşəri cinayət işlədiyi üçün hər şeydən öncə öz xalqından üzr istəməlidir. Biz artıq bu iddiaları ciddi qəbul etmirik. Türkiyə həmişə Suriyada sülh və rifah üçün çalışıb. Ümid edirik ki, yaxın vaxtlarda bu qətliamlar dayandırılar və Suriyada sülh hakim olar”.
Davudoğlu ölkəsinin bu istiqamətdə işlərini davam etdirəcəyini deyib: “Türkiyə hər zaman əlindən gələni edib və etməyədə davam edəcək”.
Gültəkin