Jurnalistin ev dustaqlığına buraxılması üçün Apelyasiya Məhkəməsinə müraciət ediləcək
Bu gün jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin ev dustaqlığına buraxılması ilə Appelyasiya Məhkəməsinə müraciət ediləcək. Bu barədə “Azadlıq”a Pərviz Həşimlinin vəkili Elçin Sadıqov məlumat verib. “Səbaøil Rayon Məhkəməsi vəsatətimizi təmin etmədi. Biz hesab edirik ki, məhkəmənin qərarı əsassızdır. Bu baxımdan qərardan apelyasiya şikayəti verəcəyik. Biz bu məsələ ilə bağlı Avropa Məhkəməsinə qədər gedəcəyik”, – deyə vəkil bildirib.
Vəkil həmçinin deyib ki, bu gün Pərviz Həşimli ilə görüşəcək.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlınalın Pərviz Həşimliyə təzyiqlər edilir. Ondan AXCP sədri Əli Kərimlinin əleyhinə ifadə almağa cəhd olunur. Bunu Pərviz Həşimlinin ailə üzvləri və vəkili də açıqlamalarında bildirib.
Pərviz Həşimli sentyabrın 17-də MTN əməkdaşları tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə ittiham irəli sürülüb. Sentyabrın 18-də barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.