Nəvəmə göz yaşlarımı apararam…

“Dünən Irandan gəlirdim, gömrükdə çox dəhşətli hadisələrin şahidi oldum. Yük yoxlanan yerdə bir xanımın çantasından beş ədəd banan çıxdı. Xanıma dedilər ki, banan aparmaq olmaz. Xanım: ”Həkimdən gəlirəm, nəvəm qapının ağzında məni gözləyir, bütün pullarımı iynə-dərmana verdim. Nəvəmin yanına əliboş getməyim deyə, əlimdəki pul ancaq bir kilo banan elədi”,- dedi. Ama xeyri olmadı. Qəlbi daşlaşmış yırtıcılara bu sözlər heç bir təsir eləmədi. Xanım bir qədər beş ədəd banana görə yalvarandan sonra bananları onların əlindən alıb özü yeməyə başladı. Birnəfəsə hamısını millətin gözü qabağında yedi. Sonuncunu yeyəndən sonra özünü saxlaya bilməyib ağlamağa başladı. Görünür, xanım çox cəsarətli qadın idi. Özünü sındırmayıb gömrük işçilərinə dedi: “Eybi yox, siz burda qudurğanlığınızı davam edin. Mən nəvəmə göz yaşlarımı apararam. Amma bilin ki, bu göz yaşları o qədər çoxalacaq ki, sizi də olmasa, balalarınızı qərq edib boğacaq!”.

Bu sətirləri Fb-də, Cavid Alışov adlı istifadəçinin statusundan götürmüşəm. Əminəm ki, hər biriniz bu acı gerçəkliyi bilsə də, statusu oxuyanda yenidən dəhşətə gəldi, kövrəldi. Qəzəbləndi. Həm də vacib deyil ki, siz müxalifətçi, ya hakim partiya üzvüsünüz və ya hansısa dövlət məmurusunuz. Bu faktın heç bir təsir oyatmadığı adamın hansı cəbhədə olmağının fərqi yoxdu belə, çünki o şəxsə insan demək mümkün deyil. Ola bilsin ki, müalicədən qayıdan həmin nənə sözlərini məhz o şəkildə bitirməyib, yəni “qərq edib boğacaq” şəklində deməyib, ancaq adım kimi əminəm ki, “tutacaq” deyib, “göz yaşlarım sizi də olmasa, balalarınızı tutacaq”.

Mənim bundan şübhəm yoxdu. Hansısa monopolistin banan alverinə xələl gəlməsin deyə, 5 ədəd bananı bir nəvəyə çox görən, beş ədəd banana görə bir nənənin nəvəsinin gözlərindəki sevincdən havalanacaq qanadlarını müqəddəs qayçıyla kəsənləri hər hansı şəkildə olur-olsun, o göz yaşları tutmalıdı. Istər Ilahi, istər dövlət ədaləti ilə olsun. Lakin mütləq tutacaq. Ya onları qanunlar tutacaq, ya da göz yaşları.

Bu nənənin dediklərini oxumaq, dinləmək kifayət idi ki, debat adlandırılan məsxərənin yerinə hər dəfə efirdən səsləndirilsin. Ondan sonra nə platformalara gərək qalacaqdı, nə də seçicilərin ləyaqətini alçaldan kəlmələri eşitməyə. Elə bil, bu namizədləri təyin edənlər xalqa, seçiciyə demək istəyir ki, bax, sən busan! Bundan artıq deyilsən, bundan artığına layiq deyilsən. Qaxıl, otur yerində!

Düşünürəm ki, hakimiyyəti, dövləti bir yana qoyaq, beş bananı yeyən həmin nənənin bu duruma düşməsində öz suçu yoxmu? Görəsən o nənə, onun övladları indiyə kimi seçkiyə gedibmi? Səs veribmi? Kimə səs verib? Və bu dəfə seçkiyə gedəcəkmi? Həmin gömrük məmurlarınamı səs verəcəklər, yoxsa kimə? Axı o nənə öz durumunu bizdən milyon dəfə yaxşı bilir. Bizim ona hansısa açar isim pıçıldamağımıza gərək varmı? Zənnimcə, qətiyyən yoxdur. 

Bizim istədiyimiz bircə şey var. Övladlarına beşcə bananı çatdıra bilməyən valideynlər mitinqlərə, görüşlərə gəlmirlər gəlməsinlər, lap oturub evlərində çaylarını içsinlər, gömrükdə beş bananın beşini də birdən yeyib ağlasınlar, müxalifəti də, iqtidarı da, ABŞ-ı da, Rusiyanı da söysünlər, nə düşündüklərini gizləsinlər, dövlət mikrofonlarına iqtidarı tərifləsinlər, ancaq heç olmasa seçkiyə getsinlər, öz səsvermə hüququndan istifadə etsinlər, istədikləri namizədə səs versinlər, kimi seçdiklərini bilsinlər və sabah nahaq yerə kimsənin yaxasından tutmasınlar, kimsə də öz haqqını istəməyənlərə görə “ah xalqım” deyib, həyatını məşəqqət içində yaşamasın. Oynayanda da gərək kişi kimi oynayasan, uca millət. Hər halda unutmayaq: nəvələrə ancaq göz yaşları aparan nənələrin özlərini də tutur o göz yaşları. Aparma, nənə, nəvənə göz yaşlarını aparma. Onlara göz yaşları lazım deyil.