Azərbaycan hüquqşünaslarının ölkə ictimaiyyətinə müraciəti
Əziz həmvətənlər,
Oktyabrın 9-da Azərbaycanda növbəti seçki marafonuna yekun vurulacaq.
Təəssüf ki, son illər ölkədə keçirilən bütün seçkilər kimi bu seçki də azad və ədalətli sayıla bilməz. Fundamental insan haqlarının və azadlıqlarının kobud şəkildə pozulması, qanunların bu haqların ziyanına sərtləşdirilməsi, hakimiyyətlə müqayisədə demokratik düşərgənin təmsilçiləri üçün qeyri-bərabər imkanların yaradılması, dövlətin maliyyə və digər resurslarının hakim partiyanın namizədinin xeyrinə səfərbər edilməsi, müstəqil və müxalif mövqeyi ilə seçilən siyasi partiyalara, mediaya və digər vətəndaş cəmiyyəti qurumlarına və onlara dəstək verən beynəlxalq təşkilatlara basqılar şəraitində keçirilən prezident seçkisi ən minimum standartlara belə cavab vermir.
Seçkiöncəsi və seçki prosesi gedişində baş verənlər hakimiyyətin ədalətli seçki keçirmək niyyətinin olmadığını bir daha nümayiş etdirdi. Onun arsenalında olan bütün vasitələrdən, o cümlədən yerli hakimiyyət orqanlarından, güc strukturlarından, seçki komissiyalarından, məhkəmələrdən, pul gücünə ələ aldığı çoxsaylı “müşahidə missiyalarından” seçkinin nəticələrini saxtalaşdırmaq üçün istifadə edəcəyi heç bir şübhə doğurmur.
Cəmiyyətdəki böyük çoxluq kimi biz də hesab edirik ki, İlham Əliyevin növbəti beşilliyə ölkəyə rəhbərlik etməyə haqqı yoxdur.
Təkcə ona görə yox ki, onun üçüncü dəfə prezidentliyi Konstitusiyaya, demokratiyanın təməl prinsiplərinə ziddir.
Həm də ona görə ki, son 10 ildə sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət, təhsil, insan haqları və digər sahələrdə əhəmiyyətli geriləmələr göz qabağındadır, iqtisadiyyat neft sektorundan asılı vəziyyətə salınıb, korrupsiya və monopoliya dövlət idarəçiliyi səviyyəsinə qaldırılıb, opponentlərə qarşı davamlı və sistemli repressiyalar hesabına ölkədə faktiki olaraq təkpartiyalı sistem formalaşıb, ölkə orta əsr qaydaları ilə idarə olunur.
Bu hakimiyyətin ömrünün daha 5 il uzadılması dinc şəraitdə əsgər ölümlərinin, orduda, polisdə, həbsxanada işgəncələrin, siyasi motivlərlə həbslərin, insanların mülkiyyət haqlarına kütləvi müdaxilənin, cüzi əmək haqları, pensiya və sosial müavinətlərin müqabilində ağlasığmaz vəsaitlərin mənasız layihələrə sovrulmasının, dövlət büdcəsini bir ailənin talamasının davamı, cəmiyyətdə cəhalətin və geriliyin, sosial bərabərsizliyin və ədalətsizliyin daha da dərinləşməsi deməkdir.
21-ci əsrdə ölkəni feodal qaydaları ilə idarə edən bu hakimiyyətdən qurtulmaq gərək. Özünün, övladlarının, yaxınlarının, ölkəsinin taleyinə biganə olmayan hər kəsi oktyabrın 9-da seçki məntəqələrinə gəlməyə və bu hakimiyyətə yox deməyə çağırırıq.
07 oktyabr 2013-cü il
İmzalar
İntiqam Əliyev
Vidadi Mirkamal
Əlövsət Əliyev
Ənnağı Hacıbəyli
Erkin Qədirli
Fuad Ağayev
Ələsgər Məmmədli
Əsabəli Mustafayev
Rəşid Hacılı
Anar Qasımlı
Qurban Məmmədov
Xalid Bağırov
Yalçın İmanov
Samir İsayev
Namizəd Səfərov
Əlaif Həsənov
Elçin Sadıqov
Xalid Ağəliyev
Nemət Kərimli
Cavad Cavadov