Cəmil Həsənli seçki kampaniyasına cənub zonasında yekun vurdu
Müxalifətin vahid namizədi Cəmil Həsənlinin təşviqat kampaniyasına dünən Masallıda keçirilən mitinqlə yekun vuruldu. Hakimiyyət əvvəlki mitinqlər kimi, Masallı görüşünün də alınmaması üçün müxtəlif vasitələrdən istifadə etmişdi. Ssenari dəyişməmişdi, əldən düşmüş, cəmiyyətin dibində olan şəxslər təxribatçı kimi görüş yerinə gətirilmiş, kəndlərdən Cəmil Həsənli ilə görüşə gələn adamların qarşısı isə müxtəlif yerlərdə alınmışdı.
Təxribatçılar mitinq başlamamışdan gəlib hay-küy qaldırdılar, lakin cənublu seçicilər özləri onları qısa müddətdə tam “tərk-silah” edə bildi.
Xüsusən, mitinqin aparıcısı, AXCP-nin yerli funksioneri Laçın Əsgərlinin xitabından sonra, sanki “qurbağa gölünə daş düşdü”.
Laçın bəy meydana tərəf yürüyən zənənlərin əksəriyyət təşkil etdiyi təxribatçı dəstəyə üz tutub dedi: “Siz özünüzə sual verin ki, sizi bura göndərənlər niyə öz arvadlarını, bacılarını, əzizlərini yollamayıblar?”
Masallıda görüşdə Cəmil Həsənlinin vəkilləri və səlahiyyətli nümayəndələri Fuad Qəhrəmanlı, Natiq Ədilov, Gülağa Aslanlı, Mehdibəy Səfərov və Hüseyn Məlikov iştirak edirdi.
Havanın yağışlı olmasına baxmayaraq, yüzlərlə insanın qatıldığı mitinq rayon üçün əsl hadisə oldu. Mitinqdə səslənən fikirlər, coşqu, polisin maneələrinə baxmayaraq, getdikcə əraziyə axını gücləndirirdi.
Çıxışçılar Fuad Qəhrəmanlı, Gülağa Aslanlı, Natiq Ədilov, Mehdibəy Səfərov Cəmil Həsənlinin platformasının ayrı-ayrı məqamlarını açıqladılar.
Bildirildi ki, Cəmil Həsənli ölkə vətəndaşlarına ləyaqətli həyat vədilə ölkədəki ədalətsizliyə, yoxsulluğa, hüquqsuzluğa “bəsdir” şüarı ilə meydandadır.
Mitinqdə Masallıdan olan və dini əqidəsinə görə şərlənərək həbs edilmiş ruhanilər yada salındı. Bildirildi ki, Cəmil Həsənli prezident olan kimi dərhal qızıl amnistiya veriləcək və günahsız insanlar azadlığa buraxılacaq.
Eyni zamanda, əyalət insanlarının ağır sosial vəziyyətindən söz açıldı, kredit yükü altında əzab çəkən insanların güzəranına toxunuldu. Deyildi ki, Cəmil Həsənli bu problemi həll etmək əzmindədir. 5 min manata qədər kredit borcu olanların hamısı, 5 mindən 10 min manata qədərki kredit borclarının isə 50 faizə qədəri dövlət hesabına ödəniləcək. Kənd təsərrüfatının inkişafı üçün dövlət qayğısı, subsidiyalar dəfələrlə artırılacaq.
Çıxışlarda seçki kampaniyasının gedişinə müdaxilə edən şəxslərə də çağırış oldu. Natiqlər dedi ki, Azərbaycan hakimiyyəti öz əziz-xələfi olan deputat Gülər Əhmədovanı və onun ailəsini qurban verdiyi kimi, yerli saxtakarları da azca bərkə düşən kimi qurban verəcək. Odur ki, hər kəs bu məqama diqqətlə yanaşmalı, seçki cinayətinə getməməlidir.
Mitinqə Lerik, Lənkəran, Astara və Cəlilabaddan da gələn fəalların fikirlərini ümumiləşdirsək, əminliklə yazmaq olar ki, cənub zonasının birmənalı seçimi Cəmil Həsənli ilə bağlı olacaq. Cəmil bəyin mesajları ən ucqar kəndlərə qədər gedib çatıb və xalqın ürəyində böyük yer tutub.
O qənaət də aşkar göründü ki, seçicilər bu dəfə saxtakarlığı rahat həzm etmək niyyətində deyil.
Siyavuş