Aynurə Mehdiyeva filippinli qadınla üzləşdirilib

Bir müddət öncə filippinli qadını qanunsuz olaraq müvafiq dövlət qurumundan icazə almadan öz evində qulluqçu qismində işlədərək onu istismar etdiyinə görə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən ifşa edilərək barəsində cinayət işi qaldırılmış Aynurə Mehdiyevanın işində yenilik var. “Miqrantlara Hüquqi yardım ”İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyevin Moderator.az-a verdiyi məlumata görə artıq Aynurə Mehdiyeva ilə filippinli qadının üzləşməsi başa çatıb: “Üzləşmə zamanı Filippinli xanım onun üzünə dedi ki, istismar edib və əmək haqqını ödəməyib. Bu, bir daha təsdiq edir ki, Filippinli istismara məruz qalıb.” Qeyd edək ki, Əlövsət Əliyevin rəhbəri olduğu təşkilat istismara məruz qalmış filippinli qadının pozulmuş hüquqlarını təmənnasız olaraq qorumağı öz üzərinə götürüb və qurumun hüquqşünasları mütəmadi olaraq DİN-in sığınacağına yerləşdirilmiş qadına baş çəkərək onun səhhəti, saxlanma şəraiti ilə maraqlanırlar, lazımi hüquqi yardım göstərirlər.

Mülki iddialarla Gültəkin Hacıbəylinin iradəsini sındıra bilməyən rejim ona qarşı repressiyaları daha da ağırlaşdıraraq cinayət təqibi müstəvisinə keçirir. 24 sentyabr 2013-cü il tarixində Yasamal rayon məhkəməsinin icraatına Mehdiyev Mahmud Lətif oğlunun və onun bacısı Mehdiyeva Aynurə Lətif qızının Gültəkn Hacıbəylinin  Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair xüsusi ittiham qaydasında  şikayətləri daxil olmuşdur. Mehdiyevlər məhkəmədən Gültəkin Hacıbəylinin həbsini tələb edirlər. Məhkəmə zəruri sənədləri Gültəkin xanıma çatdırmadığı, o cümlədən hüquq və vəzifələri haqqında bildiriş belə təqdim etmədiyi səbəbindən  01 oktyabr tarixdə keçirilən hazırlıq iclasını 07 oktyabradək təxirə salıb.

Tamamilə böhtan və uydurma xarakterli bu işin siyasi sifariş olması və Gültəkin Hacıbəylini Milli Şuradakı aktiv fəaliyyətindən çəkindirmək, cəzalandırmaq məqsədi daşıması heç bir şübhə doğurmur və seçki öncəsi MŞ-ya qarşı aparılan repressiyaların tərkib hissəsidir.  

Belə ki, 13.06.2013-cü il tarixində DIN-in rəsmi saytı DIN-nin Insan Alverinə Qarşı Mübarizə və Baş Pasport, Qeydiyyat və Miqrasiya idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aynur Mehdiyevanın BƏƏ-nin Dubay şəhərindən Filippin vətəndaşını dayə qismində dəvət etməsi, ona fərdi iş icazəsi almadan şəxsiyyətini təsdiq edən sənədini götürərək zor tətbiq etməklə bir ildən artıq müddətə əməyini istismar etməsi faktını müəyyən etməsi barədə məlumat yaymışdı.  O zaman bir çox iqtidaryönlü KIV-lər Aynurə Mehdiyevanın tutulması, saxlanması xəbərini  “Filippinli qadını evində zor gücünə işlədən Bakı sakini tutuldu”, “Bakıda Filippin vətəndaşını qul kimi işlədən qadın saxlanıldı” başlıqları ilə manşetə çıxarmışdılar. Mehdiyevlərin Aynur Mehdiyevanın tutulması və saxlanması faktını yayan və ilkin mənbə rolunda çıxış edən heç bir KIV-i yox, bu faktı öz müsahibəsində iki ay sonra xatırladan öz keçmiş gəlinlərini məhkəməyə verməsi, özü də buna görə cinayət işinin başlanmasını tələb etməsi hüquq adına nonsensdir.