Avropa və Azərbaycan sınaq qarşısında

Siyasi məhbuslar: Avropa soruşmur, Azərbaycanın yadına düşmür…

Rebekka Vinsent

Ötən həftə mən Azərbaycanın bəzi millət vəkillərinin Avropa Parlamentində Azərbaycanda insan hüquqlarına dair tədbiri necə pozmasından yazmışdım. Bildirmişdim ki, bu, rəsmi Bakının, ölkənin insan haqlarına dair hər hansı beynəlxalq tədbirin hakimiyyət tərəfdarlarının diqqətindən kənarda qalmaması üçün göstərdiyi daha geniş cəhdinin bir hissəsidir.
Amma belə görünür ki, bu strategiya heç də bütün tədbirlərə aid deyilmiş. Mən bu həftə Azərbaycan və beynəlxalq insan haqları təşkilatlarının nümayəndə heyətinin tərkibində, Azərbaycanda seçkiöncəsi mühitdə insan haqları pozuntularına Avropa Şurasının diqqətini çəkmək üçün Strasburqa gəlmişdim.
Bu səfərin çərçivəsində biz oktyabrın 1-də “Seçkiöncəsi təqib: Azərbaycanda Insan Haqları” adlı tədbir keçirdik.
Bu tədbirin həmsponsorluğunu Polşa millət vəkili Robert Biedro, Estoniya millət vəkili ÿMailis Repsÿvə Britaniya millət vəkili ÿPaul Flynn ÿetmişdilər. Bu tədbirə Almaniya, Irlandiya, Latviya, Rumıniya və Britaniya millət vəkilləri də daxil olmaqla 70 nəfər qatılmışdı. Tədbiri Bakıda mənzillənmiş Insan Haqları Klubu, Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutu (RATI), habelə International Media Support, Platform London və Polşa Helsinki Insan Haqları Fondu təşkil etmişdilər.
Biz bu tədbirdə iki mühüm sənədi təqdim etdik. Bunlardan biri Insan Haqları Klubu tərəfindən Azərbaycanda hazırda siyasi məhbus hesab edilən 142 nəfərin işlərinə dair tərtib edilmiş sənəd, digəri isə, Azərbaycan 2001-ci ildə Avropa Şurasına qoşulduqdan bəri insan haqlarına dair öhdəliklərini sistematik olaraq yerinə yetirməkdən imtina etməsinə dair RATI-nin hesabatı idi.

Azərbaycan nümayəndə heyəti niyə gəlmədi?

Siyasi məhbusların siyahısının elan edilməsi xüsusilə əhəmiyyətli hadisə idi, beləki, bu məsələ, yanvar ayında “Azərbaycanda siyasi dustaqlara dair qətnamə” Avropa Şurasında səsvermə zamanı məğlub edildikdən sonra, ilk dəfə yenidən qaldırılırdı.
Bu siyahı Azərbaycanda siyasi motivlərlə həbs edilmiş və ya məhkum olunmuş şəxslərin sayının ötən yanvardakı 60-dan 142-yə qalxdığını göstərirdi.
Doğrusu, biz Azərbaycanın AŞPA-dakı nümyəndə heyətindən keçirdiyimiz tədbirə qarşıdurma münasibəti gözləyirdik. Axı bu nümayəndə heyəti siyasi məhbus məsələsinə qarşı dörd il lobbi fəaliyyəti göstərmiş və qətnamənin məğlubiyyətini qələbə kimi qeyd etmişdi.
Onlar elə düşünürlər ki, bu məsələ artıq ölüb və o zamandan bəri hər imkan düşəndə, “Azərbaycanda siyasi məhbus yoxdur” deyə bəyanatlar verirlər. Hətta belə bir bəyanatı bir dəfə prezident Ilham Əliyev də Brüsseldə vermişdi.
Əksinə, onlar yenidən alovlandırılmış bu debatı görməzliyə vurdular. Azərbaycan nümayəndə heyətindən tədbirə heç kim gəlmədi, hərçənd Azərbaycanın Avropa Şurasındakı daimi missiyasının bir nümayəndəsi hər halda göründü.
Lakin ən təəccüblüsü bu idi ki, hökumətpərəst məddahlardan və təşviqatçılardan heç biri gəlmədi. AŞPA-nın monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Coseph Debono Grech və Pedro Aqramunt, hətta Əliyev rejimini açıq müdafiə edən Britaniya millət vəkili Mike Hancock da bu tədbirə təşrif buyurmadılar.
Ola bilsin ki, onların əks-arqumentləri olmadığı üçün gəlməmişdilər, ola da bilər ki, onlar bizim tədbirin və açıqladığımız informasiyanın mühümlüyünü azaltmağa çalışmışdılar. Bu da ola bilər ki, onların gəlməməsi indi üstünlüyün Avropa Şurasına deyil, Avropa Parlamentinə verilməsinə işarə idi.
Çünki elə oktyabrın 3-də Azərbaycanda 9 oktyabr prezident seçkiləri ərəfəsində bu ölkədə siyasi iqlimə aid tədbirə qatılan hökumət tərəfdarları seminarın işini pozmağa çalışmışdılar.

Təkcə Azərbaycan vətəndaşı deyil, Avropa da itirəcək

Azərbaycan nümayəndə heyətinin və onların tərəfdarlarının tədbirə qatılmamasına baxmayaraq, bu mühüm məsələyə dair debatların AŞPA-da yenidən canlandırılması son dərəcə əhəmiyyətli hadisə idi.
Biz AŞPA-da ötən yanvarda keçirilmiş səsvermə ilə Azərbaycanda siyasi həbslərin artması arasında bağlılığın sübutunun şahidi olduq. Aydın görünür ki, Azərbaycan hökuməti səsvermənin nəticələrini, ona istədiyini etmək üçün verilən lisenziya kimi qəbul edib.
Biz indi ümid edirik ki, AŞPA bu səhvi düzəldəcək. Biz bu qurumu təcili qaydada siyasi məhbuslar məsələsini qaldırmağa, vəziyyəti öyrənmək üçün yeni mandatın verilməsinə və Azərbaycan nümayəndə heyətinin haqqında çox danışdığı siyasi məhbus kriteriyasının tətbiqinə çağırırıq.
Biz həmin Avropa siyasətçilərini Azərbaycan 2014-cü ilin mayında Avropa Şurası Nazirlər Komitəsinin sədrliyinə gəlmədən, ondan öhdəliklərini yerinə yetirilmədiyi üçün haqq-hesab sorulmasına çağırırıq.
Lakin biz səhv ediriksə, insan haqlarının müdafiəsi və ona hörmət etdirilməsi üçün yaradılmış AŞPA Azərbaycanın bu yüksək məqama onun öz öhdəliklərinə ən az əməl etdiyi bir vaxtda gəlməsinə yol verərsə, itirən təkcə Azərbaycan vətəndaşları olmayacaq.
Onda vəziyyət Avropada Sabitlik Təşəbbüsünün hazırladığı “Kürü diplomatiyası” hesabatındakı kimi olacaq. Həmin hesabatda isə deyilirdi ki, bu, Avropa Şurasının tarixində ən ciddi böhrandır və təşkilat bundan sonra da mövcudluğuna haqq qazandırmaq istəyirsə, öz dəyərlərini təcili qaydada xilas etməlidir.

«Azadlıq» radiosu