75 yaşlı veterandan Cəmil Həsənli çağırışı

«Cəmil müəllim həm kəndli, həm fəhlə, həm də ziyalı əməyinin qədrini daha yaxşı bilər»

Qarabağ müharibəsi veteranı, 2-ci dərəcəli əlil Saleh Cəfərov “Azadlıq” vasitəsilə ictimaiyyətə çağırış edib. 75 yaşlı müharibə veteranı seçiciləri Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənliyə səs verməyə çağırıb:
“Seçki oyunları hələ də davam edir. Indiyədək dəfələrlə keçirilən prezident, parlament, bələdiyyə və s. seçkilərinin işğal altında inləyən ərazilərimizin azad edilməsinə hansı formada təsiri olub? Vətənimizin bütövlüyü insan orqanizmi kimidir, orqanizmin bir hissəsini kəsib götürsən, o, istədiyi kimi hərəkət edə bilərmi?
Yenə prezident seçkiləridir. Namizədlərin hamısı düşmənə qarşı döyüşmək qabiliyyətindədir. Onlardan soruşan gərək, sən vətənin bu ağır günündə döyüşmüsənmi? Indi ölkəni ələ keçirmək iddiasına düşmüsən. Stalin kimi bir şəxs öz oğlunu müharibədən saxlamayıb. Bağırov da oğlunu müharibəyə göndərib və hər iki rəhbərin övladı həlak olub.
Müharibə illərində döyüşçülərin ailə vəziyyətiylə maraqlanardım. Onların 99 faizi sadə ailələrin övladları idi. Ona görə də ürəkli və vətənpərvər idilər.
Mən prezidentliyə namizədlərin içində dövlət rəhbərliyinə təkcə Cəmil Həsənlini münasib bilirəm. O, gözünü kənd mühitində dünyaya açıb, təsərrüfatın bütün ağır işlərini görüb.
Cəmil Həsənli kəndli əməyinin iztirablarını çəkdiyi üçün onların qədrini daha yaxşı bilər. Iqtisadiyyatımızın əsasını kənd təsərrüfatının təşkil etdiyini bilməyən varmı?
Cəmil müəllim ali təhsilini, elmi dərəcəsini də zəhməti hesabına qazanıb. Hər şeydən öncə, o, tarixçidir. Rus mütəfəkkirinin sözləriylə desək, “Başqa elmləri bilmədən görkəmli şəxsiyyət olmaq mümkündür, amma tarixi bilmədən  görkəmli şəxsiyyət olmaq mümkün deyil!”. Cəmil müəllimin əməyi nəticəsində on minlərlə azərbaycanlı gənc təhsil alaraq ölkəmizi layiqincə təmsil edir. Onun hər bir cümləsinin əsas qayəsi Qarabağ dərdidir. Cəmil müəllimi kənd əməyi, fəhlə əməyi və ziyalı əməyi yetişdirib. Xalqımızın təmsil olunduğu hər üç sahənin qeydinə o, daha yaxşı qala bilər.
Müharibə illərində döyüşçülərin dilindən həmişə belə bir söz eşidərdim: “Yanımızda ağsaqqal olanda daha ürəkli oluruq, heç bir şeydən qorxmuruq”. Üzümü prezidentliyə namizədlərə tutub deyirəm, Vətənin səfasına aşiq olduğunuz qədər, bir az da cəfasına hazır olub, zəhmət çəkib döyüş səngərlərinə gələydiniz. Döyüşçülərimiz sizə baxıb daha da cürətli olaydı”.

Sosial şöbə