İranın ali dini lideri ABŞ-la danışıqları dəstəkləsə də, müəyyən məsələlərdən narazıdır
Iranın ali dini rəhbəri Ayətullah Əli Xamneyi prezident Həsən Ruhaninin Nyu-Yorkda ABŞ-a ünvanlanmış bəyanatlarını dəstəklədiyini bildirib. “BBC Azərbaycanca”nın məlumatına görə, ali dini rəhbər özünün internet səhifəsində yazır: “Biz hökumətin diplomatik təşəbbüsünü dəstəkləyir və onun bu səfər zamanı bulunduğu fəaliyyətlərə önəm veririk”.
Bununla belə, baş vermiş proseslərdə onun narazı qaldığı məqamlar da var.
Həsən Ruhani Iranın nüvə proqramına görə yaranmış gərginliyi azaltmaq məqsədilə ABŞ prezidenti Barak Obama ilə telefonla danışıb. Bu, Iran və ABŞ liderləri arasında 30 ildən bəri ilk birbaşa söhbət idi.
Iran onun nüvə silahı yaratmaq niyyətində olduğuyla bağlı iddialara görə qoyulmuş BMT sanksiyalarının aradan qaldırılmasını istəyir. Tehran bu iddiaları rədd edir.
Irana qarşı sərt mövqe nümayiş etdirilməsinə tərəfdar olanların önündə gedən Israilin baş naziri Benyamin Netanyahu Həsən Ruhanini “qoyun dərisi geyinmiş qurd” adlandırıb.
Digər tərəfdən, Nyu-Yorkdan qayıdan Həsən Ruhanini hava limanında salamlayan mühafizəkar etirazçılar “Amerikaya ölüm!” şüarları qışqırıblar.
Ayətullah Xamneyi “Nyu-Yorkda baş verən hadisələrin heç də hamısının düzgün olmadığını” dünən bəyan etsə də, söhbətin konkret nədən getdiyini açıqlamayıb.
“Biz amerikalılardan bədgümanıq və onlara etibar etmirik. Amerika hökuməti etibar ediləsi deyil, təkəbbürlüdür, tərsdir və öz vədlərini pozandır”, – deyə Xameneyi bildirib.
Iran və beynəlxalq güclər arasında real nüvə danışıqları oktyabrın 15-də olacaq və Həsən Ruhani vəd edib ki, bu danışıqlara planla gələcək. O deyib ki, nüvə məsələsində qarşıdan gələn üç-altı ay ərzində razılaşma əldə etmək istəyir.