Türkiyəli müəllifin hesabatı obyektiv deyil

Turqut Ər: «Bu hesabat reallığı deyil, Azərbaycan hakimiyyətinin sifarişini əks etdirir»

Türkiyənin Orta Doğu Strateji Araşdırmalar Mərkəzi (ORSAM) “Azərbaycanda prezident seçkiləri: gözləntilər və reallıqlar” mövzusunda hesabat yayıb. ANS PRESS-in məlumatına görə, ORSAM-ın internet səhifəsində dərc edilən və Prof. Dr. Nəsrin Sarıəhmədoğlunun müəlliflik etdiyi hesabat Azərbaycanda iqtidar partiyasının və müxalif düşərgənin seçki gündəliyi, seçkilərin mümkün nəticələri və ölkənin gələcəyinə təsiri, eləcə də seçki ərəfəsində Azərbaycanın əsas xarici güc mərkəzləri ilə əlaqələrindən bəhs edir.

ÿHesabatda son 20 il ərzində Azərbaycanın bütün sahələrdə inkişaf etməsi, Azərbaycan ordusunun maddi təchizatının güclənməsi, Ilham Əliyevin rəy sorğularında lider olması, hakimiyyətin balanslaşdırılmış siyasətinin regionda uğur qazanmasından danışılır. Eyni zamanda müxalifətin bəyanat verməkdən başqa heç nə etməməsi, müxalifətin hakimiyyətə gəlmək potensialının olmaması, ümumiyyətlə, Azərbaycan siyasətində real müxalifətin olmadığı görüntü yaradılıb.

Hesabatla tanış olarkən hakimiyyət nümayəndələrinin müxalifət haqqında illərlə dediyi fikirlər yada düşür və bu hesabatın obyektiv olmadığı görünür.

ORSAM-ın Azərbaycanla bağlı hesabatına uzun müddət Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat atteşesi işləmiş Turqut Ər də münasibət bildirib. Turqut Ər hesab edir ki, bu tipli hesabatlar qeyri-ciddi xarakter daşıyır və Azərbaycan hakimiyyətinin sifarişi əsasında yazılır: “Əvvəla onu deyim ki, Türkiyədə Azərbaycan haqqında geniş məlumat yoxdur və insanlar düşünür ki, Azərbaycan Bakının mərkəzindəki alov qüllələrindən, bahalı binalardan ibarətdir. Türkiyə vətəndaşı Əhmədlidən, mikrorayonlardan, Azərbycanın bölgələrindən xəbərsizdir. Türkiyədə Azərbaycandakı siyasi məhbuslar, korrupsiya, ölkəni tərk etmiş milyonlarla insan haqqında geniş məlumat yoxdur. Onlar Azərbaycana getsələr görəcəklər ki, xalq acdır, ölkədə avtoritar rejim mövcuddur, insanların elementar hüquqları yoxdur. Bu tipli hesabatları ciddi qəbul etmək olmaz. Azərbaycan hakimiyyəti Türkiyədə bəzi qəzetləri, araşdırma mərkəzlərini satın alaraq, onlara öz istədiklərini diktə edirlər. Düşünə bilən insanlar bu hesabatların obyektiv olmadığını, Azərbaycandakı sistemin mafioz bir sistem olduğunu bilir”.

Ilham Hüseyn