Əliyev S-300 raketlərini kimə göstərir?

Ekspertlər bu addımın seçkiyə hesablandığını deyir

«Məqsəd sadəcə olaraq tamaşa qurmaqdır»

 

Bu günlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissələrinin birində bu qoşunların sahib olduğu S300 PMU-2 (Favorit) zenit raket kompleksləri nümayiş olunub, zenit raket komplekslərinin taktiki texniki göstəriciləri barədə məlumat deputatlara və jurnalistlərə verilib. Eyni zamanda əyani şəkildə raket kompleksin döyüş hazırlığına gətirilməsi nümayiş etdirilib. 

Adətən bu tip addımlar, yəni əzələ nümayişi Ermənistanın analoji addımından, hərbi təlimlərindən  sonra baş verir. Yaxud müharibə mövzusu gündəmə gələndə, həmçinin ordu ilə bağlı tədbirlər, paradlar baş tutanda Azərbaycan tərəfi sahib olduğu silahları nümayiş etdirir. Indiki məqamda bunun üçün hər hansı bir zərurət yaranmayıb. Nə Ermənistan tərəfi silahlarının nümayiş etdirməyib, nə də müharibə ilə bağlı söhbətlər gündəmdə deyil. Seçkilərə bir neçə gün qalmış Azərbaycanın müdafiə məqsədləri üçün nəzərdə tutulmuş S300 PMU-2 (Favorit) zenit raket kompleksləri nümayiş etdirməsi nəyə xidmət edir?

Ekspertlər bu addımın məhz seçkilərə hesablandığını deyir. Çünki seçkiyə bir neçə gün qalsa da, Azərbaycan hökuməti insanlara yönəlik əsaslı kampaniya aparmaq üçün ciddi addım ata bilmədi. Pensiyalar və maaşlar aşağı səviyyədə, ölkə korrupsiyanın səviyyəsinə görə dünya liderliyini saxlayıb. Ancaq əhaliyə nəsə nümayiş etdirmək lazımdır. Ilham Əliyev əhaliyə silah nümayiş etdirmək qərarına gəlib. Özü də Azərbaycanına istifadə etməsinə heç vaxt zərurət yaranmayacaq silahları. Çünki bu raketlər hücum üçün nəzərdə tutulmayıb, müdafiə silahıdır. Bu raketlərlə Qarabağı almaq mümkün deyil. S300 PMU-2 (Favorit) zenit raket kompleksləri başqa ölkədən gələn hücumun qarşısını almaq üçün nəzərdə tutulub. Böyük ehtimalla Azərbaycan heç vaxt onu istifadə etməyəcək. Çünki bu qurğuların müdafiə olunmalı raketlər qonşularımızda, o cümlədən Ermənistanda yoxdur. Yalnız Rusiya hücum raketlərinə malikdir. Ancaq Rusiyanın Azərbaycana əvvəl müdafiə silahını satıb sonra hücum etməsi inandırıcı deyil. Bu mənada hakimiyyətin müdafiə raketlərini nümayiş etdirməsi indiki durumda anormallıq kimi qəbul olunur. 

Ekspertlərin fikrincə, burda məqsəd sadəcə olaraq tamaşa qurmaqdır. Hakimiyyət bununla qüdrətinin,  gücünün, silahının olduğunu göstərmək istəyir. Bu da çox mənasız görüntü yaradır. Çünki seçkiyə silahla getmirlər. Seçkiyə ciddi iqtisadiyyatla, güclü uğurla, əhalinin rifahı ilə, xöşbəxtlik indeksində yaxşı yer tutmaqla gedirlər. Azərbaycan isə bunların heç birinə malik deyil. Ona görə də raket nümayişi çox uğursuz və yersiz addımdır. Əhali bunu istehza ilə qarşılyacaq və bu Ilham Əliyevin seçki kampaniyasında, xüsusilə səsvermə prosesində onun əleyhinə çevriləcək. 

Fizzə