Bu gün susmaq cinayətdir

Ölkəmizin ziyalılarına xitabən

Professor Tofiq Şahtaxtinski

Əziz həmvətənlərim, həmkarlarım, ziyalı qardaş və bacılarım. Bu gün ölkəmizin vətəndaşları tutduğu vəzifəsindən, ictimai durumundan, siyasi baxışları və əqidəsindən asılı olmayaraq böyük bir seçim qarşısındadır: ölkədə növbəti prezident seçkiləri keçirilir. Sovet dönəmindən sonra 1993- cü ildən hakimiyyəti yenidən ələ keçirən köhnə kommunistlər xalqın şüurunda onun xilaskarı, çörək verəni, sakitliyin və əmin-amanlığın qarantı imicini yaradaraq Brejniyev dövrünün durğunluq illərinə oxşar seçkiqabağı bir mühit yarada bilmişdilər.

 “Yeni prezident kimi seçərsən?” sualını verdikdə hamı dodaqaltı gülümsəyərək “Ə, seçki nədir, zad nədir, prezidenti prezident aparatı, YAP özü təyin edir. Prezident yenə də İlham olacaq” cavabını verirdi (analoji olaraq SovİKP- nin Mərkəzi Komitəsi Xruşovu, Brejniyevi təyin etdiyi kimi). Prezident özü də ölkədə heç bir hadisə baş vermirmiş kimi yenə də atasının heykəllərinin, Heydər Mərkəzlərinin, binaların,  yolların, gölməçələrin açılışına  lentlər kəsməklə məşğul oldu, hətta, arada bir şöhrət ordenləri də payladı. O, nəinki seçgiqabağı debatlara gəldi, hətta seçkilərlə qətiyyən maraqlanmadığını göstərərək xalqa özünün “əbədi prezidentliyini” nümayiş etdirdi. 
Lakin, Milli Şuranın prezidentliyə vahid namizədi professor Cəmil Həsənlinin seçkiqabağı debatlardakı çıxışları nəinki iqtidarı seçkilərə sürüklədi, demək olar ki, bütövlüklə ölkə ictimaiyyətini lərzəyə gətirdi, yatmışları oyatdı, xalqı hipnoz vəziyyətindən çıxartdı.

Müxalifətin vahid namizədi dünya mediasında təsdiqini tapmış faktlara istinadla prezidenti korrupsiya əməllərində ittiham edirdi və prezidentdən cavab istəyirdi. İlham Əliyevin “prezidentliyə namizəd” adı ilə debatlara gəlmiş  donqili vəkilləri isə təkcə təhqir və söyüşləri ilə yadda qaldılar, ayrı heç bir arqument ortaya qoya bilmədilər.
Əlbəttə, artıq hamı İlham Əliyev və onun ailəsinin xalqın malına etdiyi xəyanətlərdən məlumatlı idi. Lakim Milli Şuranin vahid namizədi Cəmil Həsənlinin bu oğurluqları tribunadan sənədli-sübutlu böyük cəsarətlə səsləndirməsi hamıya təsir etdi.

GƏLİN AÇIQ DANIŞAQ

Hamimizin qisməti olan yeraltı sərvətlərimizə xəyanət edərək öz həddi-buluğa çatmamış oğluna Dubayda 74 miyon dollar dəyərində mülklər alan, ölkədən xarici ofşor zonalara ötürülən 48 milyard dolların əsas icraçısı olan, qızlarına banklar, Çovdar qızıl yatağını bəxş edən, mənbəyi heç bir zaman açıqlanmayan, yaqin ki, neft-qaz pulları ilə maliyyələşdirilən Heydər Əliyev Fondunu həyat yoldaşına, Fondun Moskva filialını isə yenə də qızına bəxş edən prezidenti nəyə görə yenidən ölkəmizə prezident seçməliyik?

Ölkəmizə hər il milyardlarla neft-qaz pulları daxil olmasına baxmayaraq, MDB ölkələri arasında müəllimləri, həkimləri və büdcədən maliyyələşən diğər işçiləri ən aşağı maaş alan bizim ölkə olduğu halda, biz niyə İlham Əliyevi yenidın prezident seçməliyik?

Neft-qaz pulları Qarabağ probleminin həllinə kömək edə bilərdi. Gördüyümüz kimi, bu nəinki baş verdi, əksinə, problemi daha da dondurdu, artıq 20- 25 yaşa çatmış gənclərimizə Dağlıq Qarabağı və ona bitişik işğal olunmuş rayonlarımızı unutdurdu. Bəlkə İlham Əliyevi seçək, qarşıdakı illərdə kapitulyasiyaya da qol çəksin?

Ölkəmizdə aylıq istehlak səbəti 170 manat təşkil edir. 200 manat maaş alan 300 mindən çox həkimlər, müəllimlər onları qeyri-qanuni yollarla dolanmağa məcbur edən hakimiyyətə niyə səs verməlidirlər?

Ölkədə bir miliyon işsiz var, iki milyon yarimdan çox əhali dolana bilmədiyi üçün ölkədən qaçıb. Bu adamlar indiki hakimiyyətə səs verə bilərmi?

Ölkə faktiki olaraq başda prezidentin özü olmaqla bir qrup oliqarx və korrupsionerin girovundadır. Mən onlara yenidən necə səs verə bilərəm?

Orduda bir il ərzində qeyri- döyüş şəraitində 97 nəfər əsgər ölümünə etiraz bildirən insanları “anti-milli ünsürlər” adlandırıb üstlərinə polis dəstələri göndərən prezidentə yenədəmi səs verək?

Seçildikdən sonra Konstitutsiyamıza və Qurani- Kərimə əl basaraq Azərbaycan vətəndaşlarının hüquqlarını qoruyacağına and içən, sonradan isə, ölkəmizdə haqq və ədalətin hökm sürməsini istəyən adamları ağıla gəlməz qondarma cinayət maddələrilə həbsə göndərən pezidenti yenədəmi seçək?

Məhz İlham Əliyevin prezidentliyi dövründə təhsil sistemimiz tam iflasa uğradı. Əgər 2-3 il bundan öncə ali məktəblərimizə aşağı keçid balı 300-dən yuxarı idisə, bu il 150-ə enmişdi. Ekspertlərin fikrincə, gələn il bu rəqəm 100-ə düşəcək. Təhsil sistemimizin belə çökməsinin əsas səbəbi ölkədə biliyə, savada, qabiliyyətə bir qəpiklik belə qiymət verilməməsidir. Bu gün universitetlərimizi bitirənlərin hansı biri oxuduğu ixtisasa, aldığı diploma müvafiq iş tapıb, aldığı maaşla heç olmazsa bir həftə ərzində dolana bilər? Belə dövlət başçısına yenədəmi səs verək?

Bu gün ölkəni köhnə kommunist metodlarilə idarə edənlər kollektivlərin adından “Biz İlham Əliyevyn prezidentliyini dəstəkləyirik” bəyanatları verirlər. XXI əsrin I dekadasında insanları sürü kimi idarə etmək istəyi hələ ki, Şimali Koreyada, bir də bizim ölkədə mövcuddur… Qorxuram, İlham Əliyevi yenidən seçsək, Jirinivski bizə ad qoymaqda özünü haqlı bilsin.

Saakaşvilinin “Mən özüm almadığım üçün ölkədə rüşvətin kökü belə tez kəsildi” ifadəsi artıq aforizmə çevrilib. Prezidentimizin özü bu qədər qeyri-qanuni var-dövlət mənimsəyib və dünyada 1 saylı korrupsioner  adı qazanıbsa, onu bir daha seçsək, ölkəmizdə heç bir zaman rüşvət və korrupsiyanın əli- əyağı kəsilməyəcək.

FÜRSƏTİ ƏLDƏN VERMƏYƏK

Əziz ziyalı bacı və qardaşlarım, gəlin fürsəti bu dəfə əldən verməyək. Bizi buxovlayan bu zənciri qıraq, halal əməyimizə layiq olan və özümüzə məxsus çörəyi bizə oğurluq yolu ilə verən bu oğru sülalə hakimiyyətindən özümüzün və nəvə-nəticələrimizin canını əbədi olaraq qurtaraq. MDB məkanında müvəqqəti hökumət qurmaq yolu ilə hakimiyyət dəyişikliyinin 2 il bundan öncə Qırğızstan misalında şahidi olduq. Hamımıza Ulu Tanrının köməyini arzulayıram.