“Biz savadımıza, təhsilimizə və dünyagörüşümüzə əsaslanaraq bəyan edirik ki, Cəmil Həsənli doğru seçimdir. 9 oktyabrda Cəmil Həsənliyə səs verməklə biz inkişafa, demokratiyaya, ləyaqətə, dünyəvi dəyərlərə və Qarabağın qaytarılmasına səs vermiş olacağıq”.
Bu barədə Amerikada təhsil alan bir qrup tələbənin “Turan” agentliyinə göndərdiyi bəyanatında deyilir. Tələbələr hesab edirlər ki, Cəmil Həsənli hər bir azərbaycanlının prezidenti olacağını seçki kampaniyası dövründə bir daha sübut edib: “Bu gün Azərbaycana hər kəsi birləşdirəcək və ayrı-seçkilik etməyəcək lider gərəkdir. Fikrimizcə, həmin lider Cəmil Həsənlidir”.
Amerikada təhsil alan tələbələr hesab edir ki, Cəmil Həsənliyə səs verməklə Azərbaycanda xəstəliyə çevrilmiş korrupsiyanı kökündən kəsmək olar: “Əgər günahsız həbs olunmuş insanların azadlığa qovuşmasını, əsgər ölümlərinə son qoyulmasını, yaşayış standartlarının yüksəldilməsini, neft gəlirlərinin xalqa çatdırılmasını və Azərbaycanın Avropa Birliyinə dərin inteqrasiyasını istəyirsinizsə, Cəmil Həsənliyə səs verin. Ailə hakimiyyətinə son qoymağın yolu ancaq milli birlikdən keçir. Indiki zamanda hamımız bir yerdə olub Azərbaycanı demokratik dünyanın layiqli üzvünə çevirmək uğrunda çalışmalıyıq”.
Tələbələr həmçinin bir neçə gün öncə ABŞ-da özünü diaspor təşkilatı elan edən US Azeris Network, Azərbaycan Nyu York Assosiasiyası və xalqdan oğurlanmış neft pullarından pay alan digər qondarma qurumların onların adından Ilham Əliyevə dəstək müraciəti yaymasını qəti şəkildə pisləyir: “Bizim adımızdan yayılmış həmin bəyanata bir nəfər də olsun imza atmış adamın adının göstərilməməsi bir daha sübut edir ki, həmin bəyanat bir-iki şəxsin Azərbaycan hakimiyyətindən maddi yardım almaq məqsədi güdür. Həmin bəyanatın bizim fikrimizi əks etdirmədiyini azərbaycan xalqına bəyan edirik”. Tələbələrin Turan-a daxil olan müraciətində onların imzası əksini tapıb.