Zakir Qaralov Fazil Məmmədova görə danlanıb

Baş Prokurorluq vergi orqanlarının korrupsiyaya bulaşması barədə Kamran Əliyevin fikirlərini niyə təkzib etməyə məcbur oldu? 

Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyev oktyabrın 3-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, bu ilin 9 ayı ərzində korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilən 138 cinayət işi bütün sahələri əhatə edib.

Həmin cinayət işləri əsasən vergi, səhiyyə, nəqliyyat sahəsi, hüquq-mühafizə orqanları, bələdiyyələr, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, “Azərenerji”, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, bank və özəl sektorla bağlıdır.

Kamran Əliyevin bu açıqlamasını demək olar ki, bütün media orqanları yaymışdı. Lakin dünən Baş Prokurorluq mətbuatı ittiham edərək Kamran Əliyevin vergi orqanlarının korrupsiyaya uğraması barədə ifadə işlətmədiyi barədə açıqlama yayıb: “Həmin informasiyalar tərəfimizdən təkzib olunur və bununla bağlı bildiririk ki, mətbuat konfransı zamanı Vergilər Nazirliyinin daha çox korrupsiyaya uğramış sahə kimi qeyd olunması barədə idarə rəisi Kamran Əliyev tərəfindən hər hansı ifadə işlədilməyib.

Göstərilənlərlə yanaşı bildiririk ki, bütün fəaliyyətini avtomatlaşdırılmış sistemlər üzərində quran Vergilər Nazirliyinin strukturları sahibkarlara 57 növ elektron xidmət göstərməklə antikorrupsiya sahəsində prokurorluq orqanları ilə ən sıx əməkdaşlıq edən qurumdur və 30 aprel 2009-cu il tarixdə Baş Prokurorluqla Vergilər Nazirliyi arasında “Korrupsiya ilə mübarizə sahəsində prokurorluq və vergi orqanları arasında qarşılıqlı əməkdaşlıq haqqında” birgə əmr imzalanıb və bu istiqamətdə birgə səmərəli əməkdaşlıq davam etdirilir.

Bundan başqa, 2013-cü ilin 9 ayı ərzində Vergilər Nazirliyinin əməkdaşlarının korrupsiya huquqpozmalarına yol vermələri barədə “161-Qaynar xətt” əlaqə mərkəzinə heç bir məlumat daxil olmayıb”.

Kamran Əliyevin bu fikirləri bir və bir neçə media orqanı yaysa idi, hansısa yanlışlıqlara yol verildiyi ilə razılaşmaq olardı. Amma qeyd etdiyimiz kimi bu açıqlamanı iqtidarlı müxalifətli, ictimai rəyə təsir edən demək olar ki, bütün media quruluşları yayıb. Deməli, burada hər hansı yanlışlıqdan söhbət gedə bilməz. Bəs nədən Baş Prokurorluq Kamran Əliyevin vergi orqanları ilə bağlı fikrini təkzib edir? Özü də Vergilər Nazirliyinə təriflər yağdırmaqla.

Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, məsələnin kökündə vergilər naziri Fazil Məmmədovun hakimiyyətdəki mövqeyi və onunla bağlı gələcək planlar dayanır. Fazil Məmmədov hakim ailəyə yaxın fiqurdur. Məlumatlara görə, seçkidən sonra onun daha yuxarı vəzifəyə – baş nazir postuna təyin edilməsi gözlənilir. Baş nazir postu uğrunda oliqarxlar arasında – xüsusilə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və nəqliyyat naziri Ziya Məmmədovô arasında mübarizə getsə də, hakim ailə hesab edir ki, Artur Rəsizadənin yerinə ən layiqli namizəd Fazil Məmmədovdur. Vergilər nazirinin fəziləti onun iddialı olmamasındadır. Baş nazir kimi strateji posta məhz “sözəbaxan” fiqurun təyin edilməsi hakim ailənin maraqlarına uyğundur. Məlumat üçün deyək ki, 2002-ci ildə keçirilən referenduma görə baş nazir ölkənin ikinci şəxsi sayılır. Hakim ailə Kəmaləddin Heydərov və Ziya Məmmədov kimi iddialı fiqurların ikinci şəxs olmasını potensial təhlükə sayır. Forsmajor hallarda onların hansısa addımlar atacağından ehtiyat edir.

Beləliklə, Fazil Məmmədovla bağlı hakim ailənin planları olduğu bir dönəmdə Baş Prokurorluğun belə bir açıqlaması əlbəttə ki, məqsəduyğun hesab edilə bilməzdi. Məlumatlara görə, Kamran Əliyevin məlum fikrinə görə baş prokuror Zakir Qaralova irad tutulub. Baş prokuror da dərhal açıqlamanın təkzib edilməsi göstərişini verib.

Informasiya şöbəsi