YAP-ın mitinq fiaskosunu ATƏT-də təsdiqlədi

Qurumun hesabatında seçki pozuntuları faktlarla göstərildi

ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun (ATƏT/DTIHB) seçkiləri müşahidə missiyası Azərbaycanda prezident seçkilərilə bağlı ikinci aralıq hesabatını açıqlayıb. Hesabat seçkiqabağı situasiyanın və seçki kampaniyasının müşahidəsi əsasında hazırlanıb.

Hesabatda deyilir ki, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının (YAP) başladığı seçkiqabağı təşviqat maliyyə ilə təmin olunan bir kampaniya təsəvvürü yaradır. Eyni zamanda ATƏT/DTIHB-nin Seçki Müşahidə Missiyasının müşahidəçiləri adamların YAP-ın mitinqlərinə məcburi aparılmasıyla bağlı 3 hal qeydə alıb.

Hesabatda həmçinin qeyd olunur ki, digər namizədlərlə müqayisədə Ilham Əliyevə daha çox təbliğat imkanı yaradılıb. Xüsusən telekanallarda Ilham Əliyev geniş reklam olunur. Digər namizədlər üçünsə belə imkan yaradılmır.

Ölkədə baş verənləri, seçki pozuntularını ölkə müxalifəti, tənqidçi media işıqlandıranda, hakmiyyət bunu qərəz, “erməni dəyirmanına su tökmək” kimi qiymətləndirir.

Ancaq ölkədə 1 saat obyektiv müşahidə aparan beynəlxalq təşkilatların nümayəndələri də reallığın nədən ibarət olduğunu anlayırlar.

Açıq görünür ki, müxalifətin namizədi Cəmil Həsənliyə qarşı paytaxtda və rayonlarda təxribatçı münasibət sərgilənir, müxalifətin təbliğatı məhdudlaşdırılır, fəallar həbs olnur və s.

Biz dəflələrlə yazırdıq ki, YAP-ın tədbirlərinə insanlar gəlmir. Gələnlər isə inzibati resurslar hesabına gətirilir. Həkimlər, müəllimlər, tələbələr bu görüşlərə zorla gətirilir. ATƏT-in seçkiləri müşahidə missiyası da bunlara şahidlik edib.

Biz televiziyaların yalnız Ilham Əliyevi təbliğ etdiyini yazanda hakimiyyət təmsilçiləri bunu əsassız adlandırır. ATƏT-in müşahidəçiləri də bu məqama diqqət yetirib.

Indi hakimiyyət ATƏT müşahidəçilərini hansı adla damğalamq istəyəcək?

Bəlkə də bu hesabatı açıqlayanların prezident olmaq istədiklərini, ya da onları müxalifətin öyrətdiyini söyləyəcəklər.

Hakimiyyət elə düşünür ki, ölkədə baş verənləri ölkə xaricində görmürlər. Teledebatlarda namizədlərin Ilham Əliyevin vəkili qismində çıxış etməsini, mətbuatda müxalifətin təhqirə, şər böhtana məruz qalmasını hər kəs görür.

ATƏT-in Insan Haqları Bürosunun hesabatı həm də onun sübutudur ki, müxalifətin səsləndirdiyi fikirlər reallıqdır, qərəzdən uzaqdır. 

Hakimiyyət hətta seçki dövründə demokratiyanın imitasiyasın edə bilmir. Bitərəf mövqedə duran insanlar da ölkədə bütün resursların hakim partiyanın əlində cəmləşdiyini və hakim partiyanın namizədinə xidmət etdiyinin fərqindədir.

Bir sözlə, hakimiyyətin mahiyyəti, saxtakarlığı daha bir hesabatda öz əksini tapdı.

Ilham Hüseyn