Turqut Ər doğrumu söylədi?

Turqut Ər “Azadlıq” qəzetinə müsahibə verib. Müsahibədə bir məqam diqqətimi çəkdi.

Sitat: “Azərbaycandakı seçkilərdə xalqın səsi nəzərə alınmasa, Türkiyə hakimiyyətinin sərt reaksiyası olacaq”.

Turqut bəyin optimizmini bölüşmək mümkün deyil.

Bəlkə də onun bu cür söyləməsi üçün əsaslar var.

Amma şəxsən məndə nə belə bir gözlənti, nə də ümid var.

ARDNŞ 2008-2018-ci illərdə Türkiyəyə 20 milyard dollar investisiya qoyacaq.

Halbuki, 80 il ərzində – 1923-2003-cü illərdə Türkiyəyə cəlb edilən xarici sərmayənin həcmi 15 milyard dollar olub. Yəni, 80 il ərzində Türkiyəyə qoyulan yatırımdan çox artığı cəmi 10 il içində ARDNŞ-dən gələcək.

Bu, Əliyevçi rejimin 2003-ün misli görünməmiş saxtakarlıqlar, qanunsuzluq və zorakılıqlarla keçən, Azərbaycanda monarxiyanın təməl daşlarını atan seçkilərinin rəsmi nəticələri açıqlanmamış Ilham Əliyevi telefon açaraq “prezident seçilməsi” münasibətilə təbrik edən Ərdoğana təşəkkürüdür.

Ərdoğan demokratiya adına utancdan başqa bir şey olmayan o təbrikin meyvəsini dərir indi.

Odur ki, bu dəfə, hətta seçki başlamamışdan əvvəl zəng edib təbrik eləsə, qətiyyən təəccüblənmərəm.

Nə təəccüblənərəm, nə də təəssüflənərəm.

Çünki bu gün məhz həmin zehniyyət haqqında ağızodolusu danışılan Türkiyə və Azərbaycan qardaşlığını Mövlud Çavuşoğlu səviyyəsinə endirib.

Artıq çoxdandır ki, Türkiyə-Azərbaycan qardaşlığı yoxdur.

Artıq Türkiyə-Azərbaycan qarındaşlığı var.

Mürtəce, çağdışı Əliyevlər rejimi ilə Süleyman Dəmirəldən başlayan, Ərdoğanla davam edən mədə ortaqlığı var. Mənfəət sövdələşmələri var.

Acıdır, amma reallıqdır.

Ağrılıdır, amma gerçəklikdir.

Axı Turqut bəy hansı sərt reaksiyaya ümid edir? Azərbaycandakı irtica rejiminin təcrübə laboratoriyası olan, xalqa qarşı ən sərt, amansız addımlarının ilk dəfə orada təcrübədən keçirilərək sonra bütün ölkədə tətbiq edildiyi Naxçıvanın hakimi-mütləqi Vasif Talıbov haqqında elə bugünlərdə türkiyəli diplomatın nə dediyini xatırladımmı?

Ölkənizin Naxçıvandakı konsulu elə beləcə də deyib: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, cənab Vasif Talıbov bundan sonrakı fəaliyyətimdə hər zaman örnək alacağım dövlət xadimidir”.

Vəssalam.

Türkiyə hakimiyyətinin Azərbaycana verdiyi gerçək dəyər, əsl münasibət bu bir cümlədə gizlidir.

“Iqtidarlar gəldi-gedərdir, Türkiyə və Azərbaycan dostluğu, qardaşlığı əbədidir!” pafosu, populizm başda olmaqla, geriyə qalan nə varsa, mifdir, filfilodur, fiksiyadır.

Kədərli açıqlama

Dünən ABŞ-ın Bakıdakı səfirliyi bir açıqlama yayıb.

Oxuyub xeyli kədərləndim.

Açıqlamada Konqress tərəfindən maliyyə ayrılmaması səbəbi ilə ABŞ hökumətinin bir sıra fəaliyyətlərinin dayandırıldığı xatırladıldıqdan sonra əlavə edilir: “ABŞ-ın Azərbaycandakı missiyası tam heyətlə işinə davam edir, amma ən vacib milli maraqlarla əlaqədar olmadıqca çıxışlar etməmək, müsahibələrdə iştirak etməmək tapşırılıb”.

Indi belə çıxır ki, dünən hakimiyyətin Sabirabadda, Cəmil Həsənlinin seçicilərlə görüşü zamanı yaşanan zorakılıqlar barədə Morninqstarın “narahatıq” bəyanatını eşitməyəcəyik?

Təəssüf.

Siyasi həyatımız daha bir rəngini, əyləncəsini itirdi.

Keçmiş olsun.

Rəşad Məcidlə necə həmrəy oldum?

Azərbaycan Yazıçılar Birliyinin (hansı ki, orada “yazıçılar” sözü artıq çoxdan funksionallığını itirib, ya da bəlkə heç başından bəri olmayıb; əslində, söhbət özünü onillərdir partiya və hökumətin yedəyinə qoşub özlərinin və övladlarının gələcəyini təmin etməklə məşğul olan merkantillərdən, mənfəətpərəstlərdən gedir) katibi Rəşad Məciddən soruşublar ki, niyə AYB prezident seçkilərində Ilham Əliyevi dəstəkləmək haqqında qərar verib?

Indiyədək bir istedadlı, ortabab misranın, cümlənin belə, altında imzası olmayan Rəşad müəllim bu suala belə cavab verib: “Azca ağlı olan adam belə şəraitdə Ilham Əliyevi dəstəkləyər”.

Burada “Azca ağlı olan adam” sözlərinə həm xeyli güldüm, həm də Rəşad Məcidlə həmrəy olmaya bilmədim.

Nə demişlər?

“Dil çaşar düzünü deyər” demişlər.