Fuad Qəhrəmanlı: «Hazırkı şəraitdə keçirilən seçkini beynəlxalq səviyyədə legitim saymamaq üçün kifayət qədər əsas var»
Avropa Birliyinin iki komissarı Ketrin Eşton və Ştefan Fülenin Azərbaycandakı seçki prosesi ilə bağlı birgə sərt bəyanatları hakimiyyəti ciddi narahat edir. Prezident Administirasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdri Novruz Məmmədovun açıqlaması bunu sübut edir. Komissarların bəyanatlarını qərəzli və reallıqdan uzaq adlandıran N.Məmmədov mətbuata açıqlamasında bildirib ki, bəyanatdakı fikirlər səmimi və ədalətli deyil.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, beynəlxalq aləmdən tənqidlərin sərtləşməsi hakimiyyəti ciddi sürətdə narahat edir. Bu tənqidlərin birbaşa ölkədəki vəziyyətdən irəli gəldiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, bu ona mesajdır ki, pozuntular şəraitində keçən seçki kampaniyası legitim nəticəni nümayiş etdirə bilməz: «Nəticələrin saxtalaşdırılacağı təqdirdə artıq beynəlxalq səviyyədə seçkilərin sonunun legitim qəbul olunmaması üçün kifayət qədər zəmin var. Ümumilikdə götürdükdə isə Azərbaycan hakimiyyətinin demokratiya, insan haqları, söz və mətbuat azadlığına münasibətdə formalaşmış bir ənənəsi var. Birmənalı olaraq tənqidi fikirlər qərəzli adlandırılır, erməni lobbisi ilə bağlınılır. Heç bir tənqid yaxına buraxılmır. Bu bütün avtoritar rejimlərə xa sbir cəhətdir. Hakimiyyət bununla islah oluna bilməyəcəyini, hər hansı fərqli fikirə nə qədər dözümsüz yanaşdığını ortaya qoyur. Ona görə də hesab edirəm ki, indiki problemlərin mövcudluğu, siyasi fəaliyyət azadlığının məhdudlaşdırıldığı, mediyaya təzyiqlərin olduğu bir şəraitdə keçirilən seçkini legitim saymamaq üçün kifayət qədər əsas var. Hakimiyyət də bu reallığı görür. Hakimiyyət demokratik seçkiyə də gedə bilmir. Çünki demokratik seçki, elə demokratik yol ilə bu hakimiyyətə son qoymaqdır. Bir tərəfdən iqtidarın seçkiləri saxtalaşdırmaqda qərarlı olması, digər tərəfdən bu saxtalaşdırmanın doğura biləcəyi fəsadlar təzad təşkil edir və bu hakimiyyət daxilində ciddi narahatlıq doğurur. Ona görə də Novruz Məmmədov və başqa hakimiyyət təmsilçilərinin beynəlxalq tənqidlərə bu cür münasibəti, daha çox hakimiyyətin saxtalaşdırma siyasətinin doğura biləcəyi fəsadlardan narahatlığı ifadə edir».
Xəyal