İndi söz millətindir

Fikrət Cəfərli

Bu gün xalqın namizədi Cəmil Həsənli mübarizə apardığı rejimə qarşı əməli etirazın necə olduğunu hamının gözü önündə nümayiş etdirməkdədir. Biz xalq olaraq Cəmil müəllimdən nümunə götürüb hərəkətsiz, daxili etirazımızı əməli, hərəkətli formada bildirmək üçün özümüzdə cəsarət tapmalıyıq.
Xalqın böyük əksəriyyəti indiki hakimiyyətdən narazı olduğunu etiraf edir. Lakin təəssüflər olsun ki, bunu səssiz və heç bir müqavimət sərgiləmədən, sükut formasında edir. Əgər biz xalq olaraq hörmətli Cəmil Həsənlinin televiziya ekranından qətiyyətli çıxışlarıyla xalqı ağ günə çıxaracağını düşünürüksə, təbii ki, yanılırıq. Azərbaycan xalqı o vaxt istədiyi yaşam tərzinə nail olacaq ki, Cəmil Həsənliyə verdiyi səsləri qorumaq üçün onun çağrışlarına sükutla yox, əməli fəaliyyətlə cavab verəcək.
Demokratik yaşam tərzinə qovuşmaq istəyən xalq mütləq mübarizə aparmağa hazır olmalıdır. Professor Cəmil Həsənlinin apardığı mübarizə tək onun yox, ümumilikdə xalqın mübarizəsidir və xalq bu mübarizədə onu teledebatlara fəxrlə tamaşa etməklə deyil, əməli müdafiə etdiyi halda qalib olacaq. Yox, əgər sükutla durub baxmaqda davam edəcəyiksə, o zaman məğlub təkcə Cəmil Həsənli yox, ümumilikdə xalq olacaq.
Cəmil Həsənli intellekti və cəsarəti ilə debatlarda qalib gələ, seçkini uda bilər, amma ümumilikdə prosesdən qalib çıxmaq üçün üçün biz xalq olaraq müdafiə etdiyimiz namizədi təkcə səs verməklə yox, aktiv fəaliyyətimizlə müdafiə etməliyik.
Fikrimi professor Cəmil Həsənlinin məhşur sözlərilə tamamlamaq istəyirəm və hesab edirəm ki, o sözlərdən hər birimiz –  sadə vətəndaşdan tutmuş hörmətli ziyalılarımıza qədər nəticə çıxarmalıyıq: “Qara günlü millətin ziyalısı ağ kəfəndə dəfn oluna bilməz. Bu milli mübarizədə, milli davada öndə getməyimin başlıca qayəsi sizlərsiniz. Sülalə hakimiyyətinə son qoymaq, milləti haqqına qovuşdurmaq lazımdır. Millətimiz ləyaqətli həyat, demokratik cəmiyyət haqqına malikdir. Insanların bu haqqı tanınmalıdır”.
İndi söz millətindir.