Gülağa Aslanlı: «Şikayətin təmin olunmaması siyasi sifarişdir»
Məlum olduğu kimi, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin MSK-ya müraciət edərək digər namizəd Hafiz Hacıyev barəsində ölçü götürülməsini istəmişdi. Buna səbəb isə H.Hacıyevin canlı efirdə gedən debat zamanı C.Həsənli və Milli Şuranın ayrı-ayrı üzvlərini təhqir etməsi və hədələməsidir. C.Həsənli eyni zamanda “Xalq seçir” verilişinin aparıcısının da H.Hacıyevin bu tipli çıxışlarını dayandırmağa cəhd etmədiyini əsas gətirən aparıcının da cəzalandırılmasını istəmişdi.
Xatırladaq ki, geridən qalan bütün debatlarda H.Hacıyev Cəmil Həsənlini və onun təmsil olunduğu Milli Şuranın digər üzvlərini təhqir etməklə yanaşı onlara hədə-qorxu gəlib və ölümlə təhdid edib. Ilham Əliyevin vəkili rolunda çıxış edən bu şəxs hər kəlmə başı “sizi məhv edəcəm” deməkdən yorulmur.
Lakin MSK bütün bunlara göz yumaraq Hafiz Hacıyevin Cəmil Həsənlini hədələməyini əsas gətirib. Maraqlıdır ki, MSK Hafiz Hacıyevin özünə istinad edərək belə bir halların baş vermədiyini açıqlayıb.
Lakin indiyə qədər keçirilən bütün teledebatlara nəzər saldıqda H.Hacıyevin və digər namizədlərin hansı ifadələrə yol verdiyini görmək olur.
Belə olan halda MSK-nın qərarı növbəti dəfə namizədlər arasında ayrı-seçkilik salınmasını təsdiq edir.
Cəmil Həsənlinin seçki qərərgahının üzvü Gülağa Aslanlı MSK-ya sentyabrın 28-də keçirilən debatda baş verənlərlə bağlı müraciət etdiklərini bildirdi. Həmin debatda H.Hacıyevin çıxışda yol verdiyi təhqirlər hamının gözü qarşısında olub. MSK-nın rəyində da bu öz təsdiqini tapıb. Rəydə göstərilir ki, çıxışda təhqir elementləri olub, amma MSK-nın kiminsə namizədliyini ləğv etməyə səlahiyyəti yoxdur. Ölümlə təhdid isə əvvəlki debatda olub. MSK isə sentyabrın 28-dəki debatla bağlı müraciətə əsaslanaraq orda ölümə təhdidin olmadığını bildirib. Əslində bununla MSK söz oyunu oynayır.
G.Aslanlının sözlərinə görə, şikayətin təmin olunmaması siyasi sifarişdir. Çünki ən azı MSK öz üzərinə düşən işi görməli idi: “Həmin şikayətdə yazmışıq ki, bu şəxsin qeydiyyatıònı ləğv edin və barəsində hüquq mühafizə orqanlarına müraciət edin. Onlar isə o xahişi qulaqardına vururlar ki, siz özünüz müraciət edin. Qanuna görə, MSK müraciət etməlidir”.
Fizzə