«Debatlarda tərəflər bir-birini tənqid edə bilərlər»
Rəşid Hacılı: «Prezidentin şərəf və ləyaqətinin ayrıca qorunması qaydasını müəyyənləşdirmək krallıq dövrünü xatırladan bir qanundur»
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin ITV-də keçirilən debatlarda ölkə başçısı Ilham Əliyevin ailəsinə məxsus əmlak və korrupsiya əməlləri ilə bağlı açıqladığı faktlar hakimiyyəti ciddi narahat edir. Məhz bu səbəbdən prezidenti tənqidlərdən qorumaq üçün yeni qanunların qəbulu məsələsi gündəmə gətirilib.
Bir neçə gün əvvəl vitse-spiker Ziyafət Əsgərov belə bir qanuna ehtiyac olduğunu açaqlamışdı. Artıq Ziyafət Əsgərovun rəhbərliyi ilə Azərbaycan prezidentinin şərəf və ləyaqətinin qorunması haqqında qanun layihəsinin hazırlanmasına başlanıb. Qanunun payız payız sessiyasında müzakirəyə çıxarılacağını gözlənilir.
Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə görə, irqindən, millətindən, dinindən, siyasi partiyalara mənsubiyyətindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəs qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan vətəndaşı kimi bu, prezidentə də aiddir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322-ci maddəsinə görə, prezidentin təhqir edilməsi cinayət məsuliyyətinə səbəb olan bir əməldir.
Ekspertlər Cinayət Məcəlləsində ayrıca bir maddənin nəzərdə tutulmasının Konstitusiyanın 25-ci maddəsinə ziddiyyət təşkil etdiyini bildirirlər. Çünki hamı qanun qarşısında bərabərdir.
Belə olan halda dövlət başçısı üçün yeni qanunun qəbulu nə dərəcədə normaldır?
Hüquqşünas Rəşid Hacılı Cinayət Məcəlləsində ayrıca bir maddənin nəzərdə tutulmasının bütövlükdə ifadə azadlıqlarına zidd olduğunu deyir. Çünki prezidentin və digər vətəndaşların ayrıca şərəf və ləyaqəti ola bilməz. Şərəf və ləyaqət qorunursa, bu həm prezident, həm digər məmurlar, həm də adi vətəndaşlara aiddir. Prezidentin şərəf və ləyaqətinin ayrıca qorunması qaydasını müəyyənləşdirmək krallıq dövrünü xatırladan bir qanundur. Bu heç bir normal müasir standartlara cavab vermir. Bu qanundan istifadə etmək və ondan çıxış edərək kimlərisə hədələmək normal düşüncənin məhsulu deyil.
Ekspertin sözlərinə görə, əgər söhbət prezidentin tənqid olunmasından gedirsə, dövlət başçısı digər məmurlardan və vətəndaşlardan daha çox tənqid oluna bilər. Çünki üzərinə böyük səlahiyyət götürüb, böyük hüquqlar əldə edib və insanlar ölkədəki problemlərlə bağlı onu daha sərt tənqid edə bilərlər. Əgər söhbət prezident seçkiləri uğrunda debatlardan gedirsə, bu debatlarda heç kim prezident deyil, hamı prezidentliyə namizəddir. Ilham Əliyev də ilk növbədə prezident yox, prezidentliyə namizəddir. Debatlarda tərəflər bir-birini tənqid edə bilərlər. Ona görə də debatlar zamanı, ümumiyyətlə, seçki kampaniyasında ifadə azadlığının dairəsi daha geniş olmalıdır.
R.Hacılı Cəmil Həsənlinin debatlar zamanı səsləndirdiyi faktların xeyli əvvəl beynəlxalq və yerli mətbuatda dərc olunduğunu da xatırlatdı. O zaman bu faktlar nə prezident, nə də onun sözçüləri tərəfindən təkzib olunmayıb. Təkzib verməyiblərsə, demək, bunun üçün əsas olmayıb. Bu məlumatlar mətbuatda yayıldığı və bütün insanlar bunu bildiyi halda yenidən həmin faktların səsləndirilməsinə görə kiminsə məsuliyyətə cəlb olunması hüquqi məntiq baxımından yolverilməzdir.
Fizzə