İbrahim İbrahimli: «Hakimiyyət bu faktları elan etməklə, əsas diqqəti Ilham Əliyevdən yayındırmaq istəyir»
Natiq Cəfərli: «Bu faktların etiraf edilməsi seçkiyə hesablanmış növbəti şou xarakteri daşıyır»
Baş Prokurorluq daha çox korrupsiya faktı aşkarlanan qurumların adını açıqlayıb. APA-nın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyev mətbuat konfransında bildirib ki, bu ilin 9 ayı ərzində korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilən 138 cinayət işi bütün sahələri əhatə edib.
Həmin cinayət işləri əsasən vergi, səhiyyə, nəqliyyat sahəsi, hüquq mühafizə orqanları, bələdiyyələr, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, “Azərenerji”, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, bank və özəl sektorla bağlıdır. Siyahıya əsasən, müraciətlər Yevlax, Gədəbəy, Tovuz, Ağcabədi, Cəlilabad, Masallı, Abşeron və Sumqayıtdan daxil olub. Seçki ərəfəsində Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisinin belə açıqlama ilə çıxış etməsi seçkidən sonra hansı məmurların “vurulacağının” anonsu kimi qiymətləndirilir.ÿBu faktları seçki öncəsi hakimiyyətin korrupsiyaya qarşı mübarizə görüntüsü yaratmaq cəhdi kimi də qiymətləndirirlər.
Istənilən halda bu siyahıya nəzər salanda iri ranqlı məmurların kurasiya etdiyi sahələr, birbaşa müxtəlif nazirliklər hədəfə alınır. Bu isə ölkədəki korrupsiyanın yuxarıdan təşkil edildiyinin etirafı kimi görünür.
Seçkiyə sayılı günlər qaldığı bir vaxtda belə faktların açılması nədən xəbər verir?
Siyasi ekspert Ibrahim Ibrahimli hesab edir ki, seçkiyə az bir müddət qalmış bu faktların elan edilməsinin iki məntiqi izahı ola bilər: “Əvvəla bu faktların elan edilməsini hakimiyyətdaxili qruplaşmaların mübarizəsi kimi qiymətləndirmək olar. Belə ki, hakimiyyətdəki Paşayevlər klanı seçkidən sonra əsas güc strukturlarına nəzarəti həyata keçirmək üçün indiki dövrdə müxtəlif sektorlardakı korrupsiya faktlarını qabartmaqda maraqlı görünə bilər. Yəni bunu məlum qruplaşmanın seçkidən sonrakı vəd edilmiş islahatlar paketinə öz namizədlərini yerləşdirmək taktikası saymaq olar. Ikinci və daha məntiqli ehtimal Cəmil Həsənlinin teledebatlardakı çıxışları ola bilər. Belə ki, Cəmil Həsənli bütün çıxışlarında ölkədəki korrupsiyanın, monopoliyanın başında Ilham Əliyevin dayandığını və bütün bu prosesə onun nəzarət etdiyini bildirir. Hakimiyyət bu faktları elan etməklə diqqəti Ilham Əliyevdən yayındırıb, digər məmurların üzərinə yönəltmək və bu faktları göstərərək gələcəkdə ciddi tədbirlər görüləcəyini elan etmək istəyir. Ancaq bu vədlər ənənəvi xarakter daşıyır və indiki sistem korrupsiyaya qarşı effektli mübarizəni həyata keçirə bilməz”
“REAL”ın icra katibi Natiq Cəfərli hesab edir ki, bu, hakimiyyətin növbəti şousudur və seçkiyə hesablanmış gedişdir: “Ölkədə korrupsiya elə bir səviyyədədir ki, bunu gizlətmək, inkar etmək, etiraf etməmək hakimiyyətin ziyanına işləyir və hakimiyyət də bunun fərqindədir. Hakimiyyət seçki öncəsi bunları etiraf etməklə müəyyən mesajlar vermək istəyir ki, seçkidən sonra bu problemlər həllini tapacaq və insanların həyat şəraitinə təsir edən bu məsələyə son qoyulacaq. Ancaq inanmıram ki, bunun cəmiyyətə təsiri ola bilər. Azərbaycan hakimiyyətinin ideoloji bağlılığı, dayanıqlılığı yoxdur. Yəni bu sistemin məmurları bir-birinə ideoloji dəyərlərlə deyil, korrupsiya bağları ilə bağlıdılar. Azərbaycandakı hakimiyyətin sütunu dəyərlər üzərində qurulmayıb. Ona görə də seçki qabağı belə bir faktların etiraf edilməsi seçkiyə hesablanmış qısamüddətli şou xarakteri daşıyır. Çünki korrupsiya modeli bu hakimiyyətin idarəetmə formasıdır və bu formanın dağılması sistemin dəyişəmsi ilə mümkündür”.
Ilham Hüseyn