Ziyad Səmədzadə: «Bankların faizləri aşağı salmaları obyektiv zərurətdir»
Məhəmməd Talıblı: «Mərkəzi Bank hakim ailəyə məxsus bankların vahid mərkəzdən idarə olunması məsələsinə baxmalıdır»
“Azərbaycanda banklar faiz dərəcələrini azaltmalıdır” – bunu jurnalistlərə Milli Məclisin Iqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Detutatın fikrincə, banklar faiz dərəcələrinin aşağı salınması ilə bağlı Mərkəzi Bankla birgə müzakirələr aparmalıdır:
“Çünki ölkə iqtisadiyyatı inkişaf etdikcə sahibkarlıq fəaliyyətini yaxşılaşdırmaq üçün istər hüquqi, istərsə də fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlıq subyektlərinin kredit bazarına müraciətlərini asanlaşdırmaq məqsədilə həyata keçirilən çoxsaylı kompleks tədbirlər nəzərə alınmalıdır. Bankların bank faizlərini aşağı salmaları obyektiv zərurətdir”.
Z.Səmədzadə əlavə edib ki, Milli Məclisin yaz sessiyasında 2014-cü ilin Iqdisadi siyasət komitəsi büdcə paketinin müzakirəsindən əvvəl banklarla görüşəcək və görüşdə bu məsələlər müzakirə ediləcək: “Büdcə paketinin müzakirəsi zamanı bu məsələ yenidən gündəmə gətiriləcək. Hesab edirik ki, gələcəkdə bankların gəlirlərinin araşdırılmasına ehtiyac var. Bir çox bankların, uzun illər fəaliyyət göstərmələrinə baxmayaraq, gəlirləri bir o qədər də çox deyil. Ümumi banklarımızın balansının müsbət olması üçün bankların gəlir və xərclərinin təhlili aparılmalıdır”.
Bankların faiz dərəcələrinin aşağı salınması məsələsi zaman-zaman gündəmə gəlib. Lakin bankların hakim ailə və oliqarxlara məxsus olmasının bu məsələnin reallaşmamasında da rolu var.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı deyir ki, kredit faizlərinin yüksək olması indiyədək yürüdülən bank-kredit siyasətinin nəticəsidir. Ekspertin sözlərinə görə, problemlərin aradan qaldırılması üçün ilk növbədə ölkədə rəqabətli bank sektoru yaradılmalıdır: “Rəqabətli bank sistemi yaradılmasa, banklararası rəqabət olmayacaq. Nəticədə istehlak və biznes kreditlərinin faiz dərəcələri olduğu kimi qalacaq. Mərkəzi Bank hakim ailəyə məxsus bankların vahid mərkəzdən idarə olunması məsələsinə baxmalıdır. Həmçinin, Mərkəzi Bank digər bankların fəaliyyətini tənzimləmək baxımından iş görməlidir. Kommersiya banklarına kənardan seyrçi kimi münasibət göstərilməməlidir. Mərkəzi Bank ciddi alətlərdən istifadə edərək, bank sektorunda kredit və depozit faiz dərəcələri arasında balans yaratmaqda maraqlı olmalıdır. O, depozit faiz dərəcələrilə kredit dərəcələrinin optimallığına nail olmalıdır. Bu anormallıq aradan qaldırılmalıdır”.
Ekspert qeyd edir ki, bank sektorundakı vəziyyət sivil, bazar şərtlərinə uyğun olmalıdır. Eləcə də kommersiya banklarına qarşı administrativ addım olmamalıdır. Elə bir şərait yaradılmalı, pul-kredit fəaliyyətini müəyyən edən qurumlar elə addım atmalıdır ki, banklar özbaşınalıq və istismarçılığını reallaşdıra bilməsin. Ona görə də ölkədə rəqabətli bank sektorunun yaranması prioritet olmalıdır.
Nigar