Ata-oğul Əliyevlərin son 20 ildə Azərbaycana nə qazandırdıqlarını görmək, bilmək istəyirsiz? ITV-dəki debatlara baxın! Göydəki peykimizin də yardımıyla indi bu debatlara bütün dünya baxa bilir. Baxırlar, bizə tüpürürlər. Bu debatlara Əliyevlər də baxırlar. Baxırlar: qadınlı-kişili. Baxıb sevinir, kef eləyirlər. Harın gülüşlər içində bir-birinə baxıb şənlənir, debat uğurlarını paylaşırlar. Onlar üçün bu doğrudan da böyük uğurdur: Azərbaycan kimi böyük-kiçik, yaxşı-yaman yeri bilən bir ölkəni görün nə günə qoyublar: prezidentliklə bağlı debatda belə, ağız deyəni qulaq eşitmir, it yiyəsini tanımır. Yox, bağışlayın, tanıyır, tanıdığından da… hürür!
Debatların Prezident Administrasiyasından sanksiyalaşdırılmış devizini Cəmil Həsənli göstərdi: MƏNƏVIYATSIZLIQ, LƏYAQƏTSIZLIK, ƏXLAQSIZLIQ! Bunlar kəskin siyasi polemikalardan, emosiyaların coşmasından baş vermir. Elə olsaydı, bunu anlamaq, buna necəsə anlayışla yanaşmaq olardı. Elə deyil! Prezident Administrasiyasında bilərəkdən, planlı olaraq çox yaxşı tanıdıqlarından – pulla satın aldıqlarından müxalifətlə, Cəmil Həsənli ilə seçki kampaniyası boyunca mənəviyatsızcasına, ləyaqətsizcəsinə, əxlaqsızcasına savaş aparacaq bütöv bir “prezidentliyə namizədlər” komandası yaradıblar. 8-ci debatda maskalar bir az da artıq yırtıldı – Cəmil Həsənlinin kəskin kompromat çıxışları komandanı bütünlüklə ona qarşı çıxmağa yönəltdi. C.Həsənli onları I.Əliyevin “vəkilləri” adlandırdı, ancaq onlar o arada daha çox rejimin mülki geyimli polisləri yerindəydilər. Elə özlərini I.Əliyevin polisləri yerində gördüklərindən də onlar “prezidentliyə namizəd” funksiyaları bir yana, adlarını belə, unutmuşdular. Belə bir unutqanlıq üzündən də rejim polislərinə, bəlkə, bundan da artıq rejim qoçularına çevrilmişdilər.
Bugünlərdə Antikorrupsiya binasının açılışındakı çıxışında I.Əliyev demişdi: “Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. Bu bəla Azərbaycandan tamamilə silinməlidir”. Debatdakı “prezidentliyə namizədlər” komandasının özü açıq-aydın korrupsiya faktıdır. Bu faktınsa arxasında birbaşa I.Əliyev durur. Sosial bazasının yoxluğu baxımından, 40 min nədi, 4 min imza toplaya bilməyəcək kimsələrə “prezidentliyə namizəd” mandatını saxta seçki ustası Ramiz Mehdiyevlə birlikdə o özü verib. Verib, Azərbaycan xalqını bütün dünyada əskildən, gülünc günə qoyan indiki debatları ortaya çıxarmaq üçün. O yaxşı bilirdi: müxalifət debatlarda onun çoxsaylı oğurluqlarının üstünü açacaq, antixalq siyasətlərini bir-bir ortaya qoyacaq. “Prezidentliyə namizədlər” komandası gərəkirkən mənəviyatdan, ləyaqətdən, əxlaqdan uzaq çıxışlar, qaraqışqırıqla antieffekt yaratmalı idi. Yaradır…
Cəmil Həsənli prezident seçilmək istəyi ilə I.Əliyevlə açıq debat çarpışması aparır, “prezidentliyə namizədlər” komandası isə… Cəmil Həsənli ilə çarpışma aparır – mənəviyatsızlıq, ləyaqətsizlik, əxlaqsızlıq budur! Bu əlaltı-“namizədlərdən” soruşmaq gərəkir: Cəmil Həsənli prezident olmaq istəyir, siz nə istəyirsiz? Ölkədə pambıq yığımının qızğın çağıdır. C.Həsənli Özbəkistanda pambığın satınalma qiymətinin 1,5 manat, Azərbaycanda 41 qəpik olduğunu deyir, siz nə deyirsiz? Siz deyirsiz: I.Əiyev bu xalqı 10 il bundan belə də aldada bilər, əzə bilər, soyub yağmalaya bilər! Sözsüz, sizi özünə yol yoldaşı, yeyinti-mənimsəmə ortağı eləməklə…
Cəmil Həsənli Azərbaycanı yüksəltməyə çalışır, siz yenməyə!
I.Əliyev 2005-ci ildə dış jurnallardan birinə intervüsündə demişdi: “Azərbaycan cəmiyyətinin bugünkü inkişaf səviyyəsi, əlbəttə, imkan vermir ki, ona Qərbi Avropanın və Şimali Amerikanın standartlarını tətbiq edək”. Azərbaycana “demokratiya standartlarını tətbiq” edə bilmədiklərindən ata-oğul Əliyevlər 1993-2010-cu illərdə bircə ofşor zonalara ölkədən 48 milyard dollar pul oğurlayıb ötürüblər…