Cəmil Həsənli sonuncu debatda xalqa mühüm mesajlar verdi VİDEO

“Nə intellekt, nə düşüncə, nə də dünyagörüşü baxımından İlham Əliyev Hafiz Hacıyevdən fərqli deyil”

“Əliyevin yaratdığı repressiya rejiminə son qoyulacaq”

Prezidentliyə namizədlərin təşviqat kampaniyası çərçivəsində dünən Ictimai Televiziyada sonuncu çıxışlar oldu. Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli çıxışına Ilham Əliyevin debatlara gəlməməsindən başladı:

İlham Əliyev Hafiz Hacıyevdən fərqli deyil

Uca millət, şərəfli xalq. Azərbaycan hakimiyyətinin yaratdığı seçki görüntüsü başa çatmaq üzrədir. Bu debatlar, 6 dəqiqəlik çıxışlar ancaq görüntü məqsədilədir. Hətta görüntü məqsədilə olsa da Ilham Əliyev gəlmədi. Ancaq inanıram ki, siz elə də böyük bir şey itirmədiniz. Burada onun vəkilləri oturub. Nə intellektual, nə düşüncə, nə də dünyagörüşü baxımından Ilham Əliyev burada ona vəkillik edən Hafiz Hacıyevdən fərqli deyil.

Burada mənim fikirlərimi təhrif edirlər. Deyirlər ki, guya bankları “bankrot” etmək istəyirəm. Bu adamlar mənimlə yanaşı otura-otura sözlərimi təhrif edirlər. heç kəs bankları “bankrot” etmək fikrində deyil. Dövlətimizin zənginlikləri var, vətəndaşların banklara olan 5 min manata qədər kredit borcları dövlət vəsaiti hesabına ödəniləcək. 5 mindən 10 min manata qədərinin 50 faizi dövlət vəsaiti hesabına ödəniləcək. Ondan yuxarı kreditlər barədə əlavə tədbirlər görəcəyik.
Mən bilirəm, 10 bankdan yeddisi Əliyev ailəsinə məxsusdur. Bu adamlar canfəşanlıqla Əliyevin tək siyasi hüquqlarını deyil, mülkiyyət hüquqlarını qorumaq üçün də dəridən-qabıqdan çıxırlar.

Hafiz Hacıyevi ona görə həbs etdilər ki…

Sevgili millət siz bunların danışdıqları cəfəngiyyatları eşitdiniz. Xədicə Ismayılova öz vətəndaşlıq mövqeyinə görə, Ilham Əliyevin vəkillərinin hamısından ucada dayanan bir adamdır. Burada deyirlər ki, mən seçkidən sonra mühacirətə gedəcəm. Mən bura Milli Şuranın qərarı, millətimin iradəsi ilə gəlmişəm. Bundan sonra da millətimin azadlıq uğrunda mübarizəsində həmişə öndə olacam.
Eyni zamanda qeyd etdiyim qızıl amnistiya aktı hökmən elan olunacaq. Nahaq tutulanlar hamısı evlərinə qayıdacaqlar. Bu Ilham Əliyevin yaratdığı repressiya rejiminə son qoyulacaq.
Həzrəti Əli (ə.s) deyir ki, zalıma yardım etməyin, Allah zalımı ona yardım edənlərə qənim kəsər.
Bir neçə dəfədir burada mənim erməni qohumluğumla bağlı cəfəngiyyat danışılır. Mən irqçi deyiləm, ancaq ermənilərlə də heç bir qohumluğum yoxdur. Bu ittihamı irəli sürən Hafiz Hacıyev eyni ittihamı bu adamların öndər saydığı Heydər Əliyevə qarşı irəli sürürdü. Ikinci dəfə Hafiz Hacıyevi ona görə həbs etdilər ki, o cəmiyyətə elan etdi ki, Heydər Əliyevin anası ermənidir. Indi bu adamlar utanıb-qızarmadan belə bir adamın diliylə bizi təhqir etməyə çalışırlar.

İlham Əliyev qazı 5 manata istehsal edir, 100 manata satır

Mən vətəndaşların işıq, su, qaz pullarını iki dəfə azaldacam. Ilham Əliyev hökuməti qazı 5 manata istehsal edir, 100 manata vətəndaşa satır.
Müəllimləri təbrik etməklə yanaşı bəyan edirəm ki, müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin, Azərbaycana xidmət edən məmurların əmək haqqını ilk addım olaraq iki-üç dəfə artıracağam.
Mən bu gün Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycana gəlişi üçün müxtəlif məhdudiyyətləri aradan qaldıracam. Bu gün Gürcüstanda yaşayan azərbaycanlının Azərbaycana gəlməsi ilə bir amerikalının, italyanın, fransızın gəlməsi arasında heç bir fərq yoxdur. Onların mən vətən saydığı Azərbaycanda istənilən müddətə qalma istəyini təmin edəcəm.
Mən xalqımın can və mülk təminatını təmin edəcəm. Xüsusi mülkiyyət müqəddəs elan olunacaq, heç kəsin ixtiyarı olmayacaq ki, adamların mülkiyyəti üçün təhlükə törətsin.
Mən kadrları tayfa, klan, ailə münasibətlərinə, rüşvət və korrupsiya görə deyil, bilavasitə öz intellektinə, peşəkarlığına və bacarığına görə seçəcəm.

Gəlin ölkəmizə sahib duraq

Pensiyaçı vətəndaşlara müraciət edirəm. 1 milyon 252 min pensiyaçı var. Onlar öz əməyini, zəhmətini, sağlamlığını bu millətə veriblər. onlara layiqli həyat haqqın təmin edəcəm, onların pensiyalarını iki-üç dəfə artıracam.
Azərbaycan gənclərinə ipotekadan yararlanmaq haqqı verəcəm. Ipoteka fondun 20 dəfə artıracam. Ipoteka faizlərini aşağı salacam, dövlətimizin zənginliyindən gənclər öz gələcəklərini təmin etmək üçün istifadə edəcəklər.
Uca millət! Gəlin ölkəmizə sahib duraq. Bu millət nə qədər ki, öz ölkəsinin sahibi deyil, bu oğrular və quldurlar həmişə millətin malını talan edəcəklər.

Sahibsiz olan məmləkətin batması haqdır,
Biz sahib olarsaq bu vətən batmayacaqdır.

Öz səsinizlə, özünüzün iradənizini ortaya qoymaqla, ayın 9-da istədiyiniz namizədə səs verməklə seçki məntəqələrinə gəlin. Iradənizi ortaya qoyun, səs verin, haqqınıza qovuşun, səsinizlə tarix yazın. Sağ olun!