«Yeni Azərbaycan» ABŞ-ın nüfuzlu nəşrində dərc edilən materiala görə Leyla Yunusla Xədicə Ismayılı hədəfə alıb
ABŞ-ın nüfuzlu “Bloomberg” nəşrində Azərbaycan hakimiyyətilə bağlı dərc edilən tənqidi material iqtidarda narahatlıq doğurub. Bu narahatlıq hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi orqanı “Yeni Azərbaycan” qəzetində özünü biruzə verib. Qəzetin dünənki sayında “Bloomberg”də materialla bağlı geniş məqalə dərc edilib. “Yeni Azərbaycan” ənənəvi olaraq məsələnin kökündə erməni izi tapmağa çalışıb. “Araşdırma zamanı müəyyən edilib ki, bu material IHS Global Insight (IHS) adlı təşkilatın baş analitiki Lilit Gevorkyan adlı bir nəfər tərəfindən təşkil olunub.
Lilit Gevorkyanın hazırladığı və “Bloomberg”in Moskva bürosunda çalışan məsul vəzifəli həmyerlisinə göndərdiyi material sonradan həmin büronun əməkdaşı Henry Meyer adlı yazarın müəllifliyi ilə “Azeri Dynasty Allied to U.S. Taps Oil Riches to Avoid Assad Fate” adı altında dərc olunub.
Lilit Gevorkyanın özü də həmin məqalədə IHS Global Insight-ın analitiki kimi Azərbaycandakı vəziyyətə dair qərəzli şərh verib”.
Daha sonra “Yeni Azərbaycan” bu məsələyə görə Sülh və Demokratiyanın Institunun rəhbəri Leyla Yunusla araşdırmaçı jurnalist Xədicə Ismayılı hədəfə alıb: “Bu məsələnin ən maraqlı məqamlarından biri də odur ki, həmin material üçün ”fakt”lar Lilit Gevorkyana Sülh və Demokratiya Institutunun rəhbəri Leyla Yunus və “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılova tərəfindən ötürülüb. Internetdə kiçik bir araşdırma aparmaq kifayətdir ki, bu adamların təmasları və əməkdaşlıqları barədə faktlar üzə çıxsın.
Bunu təsdiq edən faktlardan biri də odur ki, Leyla Yunus və Xədicə Ismayılova davamlı şəkildə müxtəlif xarici fondların Cənubi Qafqazla bağlı layihələrində erməni və gürcülərlə birgə işləyiblər və bu fəaliyyətlərini davam etdirirlər”.
Leyla Yunus “Azadlıq”a açıqlamasında “Yeni Azərbaycan”ın iddialarının gülməli olduğunu deyib: “Çox gülməlidir. Doğrudur, mən yerli və beynəlxalq mediaya vaxtaşırı müsahibələr verirəm. Amma ”Bloomberg”dən mənə zəng edən olmayıb. Və mən də onlara heç bir fakt götürməmişəm. Amma onu deyim ki, orada yazılanlar həqiqətdir və sirr deyil. Ümumiyyətlə, son günlər hakimiyyət mediası yenə də mənə qarşı hücuma keçib. Güman ki, bu da Milli Şuranın vahid namizədi Cəmil Həsənlini müdafiə etməyim, bununla bağlı xarici mətbuata müsahibələr verməyimlə əlaqədardır”.
Xədic Ismayıl isə əvvəlcə “Bloomberg”də dərc edilən materiala toxundu: “Orada yalan heç nə yoxdur. Reallığı əks etdirən materialdır. Amma bu materialın hazırlanmasında mənim rolum olmayıb. Mən qorxmuram. Hansısa fakt varsa açıqlayaram. Belə bir şey olsaydı deyərdim”.
Xatırladaq ki, “Bloomberg”də Ilham Əliyev rejimi Suriyadakı Əsəd rejimi ilə müqayisə edilib. Ilham Əliyevin sərvətlərindən, Azərbaycanda insan haqlarının kobud pozulmasından bəhs edilib.
Azad