AXCP seçkilərlə bağlı bəyanat verib. Bəyanatda deyilir:
Azərbaycan hakimiyyəti ölkədə bir neçə gündən sonra keçiriləcək prezident seçkisinə müxalif fikrə dözümsüzlük, ictimai-siyasi fəallara və azad mediaya qarşı güclü təqib-təzyiqlə gedir.
Artıq 20 ildir ki, ata-oğul Əliyevlər xalqın səsinə və etimadına söykənmədən, zor və yalanla hakimiyyəti mənimsəyir, buna qarşı müqavimət göstərən siyasi qüvvələri, ictimai fəalları isə repressiya yolu ilə susdurmağa çalışır.
İlham Əliyev xalqın içində dayaqlarının olmadığını daha aşkar hiss etdikcə, hakimiyyəti yenidən mənimsəyə bilmək üçün cəmiyyət və müxalif siyasi qüvvələr üzərində təzyiqi daha da şiddətləndirir. Azərbaycan bu ilki seçkiyə 70-ə yaxın siyasi məhbusla, yeni-yeni siyasi həbslərlə, təqib-təzyiqlər, ifadə və toplaşmaq azadlığının tapdanması ilə gedir.
Bu seçki dönəmində AXCP özünə qarşı hakimiyyətin xüsusi aqressiyasını hiss edir. Partiyanın sədri Əli Kərimli, seçkiyə namizəd olaraq qatılmayıb Milli Şuranın namizədi Cəmil Həsənlini müdafiə etdiyi halda, bütün təşviqat müddətində İlham Əliyevin vəkil-namizədlərinin ləyaqətsiz hücumuna məruz qalıb.
Onun oğlu, dünyanın nüfuzlu universitetlərindən birində hüquq təhsili alan Türkel Kərimli qurama ittihamla 25 gün müddətinə azadlıqdan məhrum edilib, daha doğrusu, seçki dövründə faktiki girov götürülüb.
Buna qədər onun başqa bir yaxını – qayını Elnur Seyidov da faktiki girov götürülmüşdü. Elnur Seyidov 2 ilə yaxındır əsassız ittihamlarla MTN-in təcridxanasında saxlanılır və heç bir günahı olmadığı halda prokuror ona 11 il həbs cəzası istəyib.
AXCP sədrinin özü və ailəsi davamlı mənəvi-psixoloji terrora məruz qalıb.
Bu yerdə onun mənzilinə Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyatı olduğu şübhə doğurmayan basqını da xatırlatmaq yerinə düşər. İçəridə heç kim olmayanda mənzilə kənar şəxslər girib və güman ki, dinləyici qurğu yerləşdirib, ya da əvvəldən olanı təzələyib.
Sçki kampaniyası dövründə AXCP Gənclər Komitəsinin fəalı Rahib Haciyev qurama narkotika ittihamı ilə həbs olunub, GK-nın daha bir fəalı Dəyanət Babayev saxta ittihamla məhkəməyə çəkilib və prokuror ona 4 il həbs cəzası istəyib.
AXCP Ali Məclisinin üzvü, jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli şərlənərək həbs edilib və hazırda MTN-də saxlanılır. Özünün və vəkilinin verdiyi məlumatlardan aydın olur ki, onu Əli Kərimliyə qarşı hansısa böhtanlara imza atmağa məcbur etmək istəyirlər. Bu məqsədlə ona ağır psixoloji təzyiq göstərirlər.
Bir neçə ay bundan qabaq saxta ittihamla 2 il yarım müddətinə azadlıqdan məhrum edilən AXCP-nin gənc fəalı, astma xəstəsi, II qrup əlil Daşqın Məlikov müalicəsiz saxlanaraq işgəncəyə məruz qoyulub, sonda isə çıxılmaz vəziyyətindən sui-istifadə edərək ondan İlham Əliyevə dəstək bəyanatı alıblar.
Partiyanın bir çox funksionerlərinə ciddi təzyiqlərə start verilib.
Bir sözlə, hakimiyyət AXCP və onun sədrinə qarşı yenidən səlib yürüşünə başlayıb.
AXCP hesab edir ki, bu, İlham Əliyevin hətta seçkidə namizəd olaraq iştirak etmədiyi halda belə, Əli Kərimlini özünə təhlükəli rəqib görməsi və hər fürsətdə ona zərbə vurmaq istəyi ilə bağlıdır. İlham Əliyev hakimiyyəti neçə illərdir ki, AXCP-nin və onun sədri Əli Kərimlinin fəaliyyət imkanlarını tam məhdudlaşdırmağa çalışır. Şübhəsiz ki, bunun arxasında hakimiyyətin AXCP və şəxsən Əli Kərimlinin siyasi gücündən, proseslərə təsir imkanından çəkinməsi durur.
AXCP və onun sədri Demokratik Qüvvələrin Milli Şurasının qorunması, seçkiyə vahid namizədlə getməsi, vahid namizəd Cəmil Həsənlinin müdafiəsi və təbliğatında əhəmiyyətli rol oynayıb. Şübhəsiz ki, partiyanın bu fəaliyyəti hakimiyyətdə ona qarşı aqressiyanı artıran əlavə səbəbdir.
Bəyan edirik ki, Azərbaycan hakimiyyəti həm AXCP-yə, həm də bütövlükdə demokratik qüvvələrə, onun vahid namizədi Cəmil Həsənliyə münasibəti ilə seçkiyə yox, xalqın hakimiyyətini növbətii dəfə mənmsəməyə hazırlaşdığını sübut edib. Biz Azərbaycan xalqını buna imkan verməməyə, elliklə seçkiyə gedərək İlham Əliyevə “yox” deməyə, Milli Şuranın namizədi Cəmil Həsənliyə səs verməyə çağırırıq.
Biz həmçinin, beynəlxalq birliyi, o cümlədən xarici müşahidə missiyalarını Azərbaycanda seçki dövrünə və seçkilərin necə keçirilməsinə obyektiv, ədalətli qiymət verməyə səsləyirik.