Ankarada “Ulucanlar cəza evi” muzeyi, Bakıda Kürdəxanı zindanı

Ilham Əliyevin səlahiyyətli sözgüdənləri oktyabrın 9-dan sonra camaatla necə davranacaqları haqqında hər teledebatda xalqa geniş məlumatlar verirlər. Sağ olsunlar! Hiss olunur ki, özlərini yeni cəza evləri açmağa, türmələrin qırmızı lentini kəsməyə möhkəm kökləyiblər. Axı onlar camaata dəyişikliklər vəd edirlər. Nə qədər körpünün, yolun, parkın qırmızı lentini kəsmək olar? Lent kəsənlər də bezib, məcburi əl çalanlar da. 

Məmurların “siqnallarından” belə anlamaq olur ki, seçkidən sonrakı dəyişiklik camaatı bir əllə yox, qoşa ovucla türmələrə doldurmaqdan ibarət olacaq. Maşallah, göz dəyməsin, bizdə elə polislər var ki, əlləri ekskavatorun çömçəsindən yekədir, bir ovcuna on işsiz, evi uçurulan, övladı əsgərlikdə öldürülən… vətəndaş yerləşər. Əliyevlər hakimiyyətinin gözü iki şeydən doymadı: var-dövlətdən və xalqa zülm etməkdən, işgəncə verməkdən. Onlar illərdir, iki məqsəd uğrunda vuruşurlar: banklara haram var-dövlət toplasınlar, türmələrə günahsız insanları yığsınlar. Özləri də bunu etiraf edirlər. 

Məsələn, prezidentliyə namizədlərin 7-ci debatında 37-ci dəqiqədə ölkənin ən arıq məmuru üzünü Cəmil Həsənliyə tutub dedi: “Bunların nəzəriyyəsində türməyə düşməyən müxalifətçi deyil. Sanki bunlar hakimiyyət uğrunda yox, həbsxana uğrunda vuruşurlar”. Məgər hakimiyyəti əldə etmək, dəyişmək üçün vuruşmaq lazımdır? Bəs seçki? Ölkədə hakimiyyət uğrunda qızğın döyüşlər gedirmiş, bizim də xəbərimiz yox. “Əsgərlərin” zəif səsindən, üzlərinin rəngindən hiss olunur ki, şahın ordusunda vəziyyət yaxşı deyil, nizam-intizam yoxdur: “əsgərin” biri acından danışa bilmir, o biri yoldaşlarının tuşonkalarını, suxarilərini oğurlayıb yediyi üçün harınlıqdan su butulkasını düşmən tərəfə tullayıb “atəşkəsi” pozur…

Ankarada iki müqəddəs yeri ziyarət etmək Türkiyəyə gedən, orda yaşayan hər bir azərbaycanlının borcudur: Məhəmməd Əmin Rəsulzadənin məzarını və artıq muzey olan Ulucanlar cəza evini. Yaxşı olar ki, seçkilərə kimi gerizəkalı “saqqallı şagirdlər” Ankaraya ekskursiyaya getsinlər, “Ulucanlar cəza evi” muzeyində olsunlar. Və anlasınlar ki, həbsxanaya təkcə cinayətkarlar yox, həm də ən dəyərli insanlar ən müqəddəs amallar uğrunda düşürlər. Və əmin olsunlar ki, məhz türməyə saldıqları OĞULLAR sayəsində yaxın zamanlarda ölkədə dəyişikliklər baş verəcək. Bilsinlər ki, Azərbaycan dövlətinin banisi Rəsulzadənin məzarı Bakının ən uca yerində ziyarətgaha çevriləcək. Bilsinlər ki, vaxt gələcək dəhşətli işgəncələrlə, müqəddəs eksponatlarla zəngin “Kürdəxanı zindanı” adlı muzeyimizin qapıları ölkə vətəndaşlarının, turistlərin üzünə açılacaq. Mən əminəm ki, “Kürdəxanı zindanı” muzeyinə toplanan eksponatlar “Ulucanlar cəza evi” muzeyində olanlardan daha zəngin olacaq. Çünki son iki-üç il ərzində həbs olunan qeyrətli Azərbaycan oğullarının sayı o qədər çoxdur ki, 81 il ərzində Ulucanlara o qədər dəyərli məhbuslar toplaya bilməyiblər. Bu ölkəni zəlil günə qoyanlar muzeydəki dar ağacına da diqqətlə baxsınlar: orda, “yaşasın bağımsız Türkiyə!” deyərək edam olunan on doqquz gəncin – Türk Xalq Azadlıq Ordusunun fəalları Dəniz Gəzmişin, Hüseyn Inanın, Mustafa Pəhlivanoğlunun, Yusif Aslanın… müqəddəs ruhları dolaşır. 

Türmə ilə xalqa hədə-qorxu gələnlər bilsinlər ki, Nəcib Fazil Qısakürək, Nazim Hikmət, Bülənt Ecevit, Möhsün Yazıçıoğlu da Ulucanlar cəza evində məhbus həyatı yaşayıblar. Əgər Türkiyənin “Ulucanlar cəza evi” muzeyi varsa, Azərbaycanın da heç də ondan geri qalmayan Kürdəxanı zindanı var. Cənablar, bəs o nə vaxt muzey olacaq?! Ölkənin dəyərli övladlarını azad edin, zindanlar muzey olsun, özünüz üçün saxlamayın, yoxsa gec olacaq. Necə deyərlər, kəssə hər kim ölkədən zülm, zindan izini, qazanan dahi odur XALQın SƏSIni!