Abdulatipovun çağırışı Əliyevin Rusiyaya bağlığını göstərir

Aydın Mirzəzadə: «Xaricdə yaşayan kimlərinsə Azərbaycanda prezident seçkisində iştirak edən namizədlərdən kiməsə səs vermək çağırışı sadəcə bir çağırışdır»

Fuad Qəhrəmanlı: «Azərbaycan hakimiyyəti Rusiyaya bağlıdır və Rusiyanın himayəsindədir»

Dağıstan prezidenti Ramazan Abdulatipovun Ilham Əliyevə dəstək nümayiş etdirməsi və Azərbaycan vətəndaşı olan dağıstanlıları hazırkı ölkə başçısına səs verməyə çağırması birmənalı qarşılanmayıb. Çünki Putinə yaxınlığı ilə seçilən bir şəxsin belə bir çağırış etməsi təsadüfi görünmür. 

Xatırladaq ki, bir müddət əvvəl Rusiya din xadimləri də oxşar müraciət ünvanlamışdı. Başqa dövlətin rəsmisinin Azərbaycandakı seçkilərlə bağlı çağırış etməsi nəyə xidmət edir və əgər belə bir çağırış müxalifət namizədi ilə bağlı olsaydı, hakimiyyətin buna münasibəti necə olardı?

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə qanunda qadağan edilməyən istənilən situasiyanın həmişə məqbul olduğunu deyir. Seçki Məcəlləsində xarici ölkədə Azərbaycan vətəndaşı olmayan şəxsin kimlərəsə çağırış etməsinə dair heç bir qadağa yoxdur: “Bizim onlara təsir etmək imkanımız da yoxdur. Hüquqi cəhətdən biz onları nə çəkindirə, nə də qadağa qoya bilərik. Xaricdə yaşayan kimlərinsə Azərbaycanda prezident seçkisində iştirak edən namizədlərdən kiməsə səs vermək çağırışı sadəcə bir çağırışdır. Bunun Azərbaycandakı daxili siyasi situasiyaya təsir etmək imkanları yoxdur. Azərbaycanda hər bir vətəndaşın özünün kifayət qədər məlumatı və imkanı olur ki, seçki günü daha məqbul saydığı varianta səs versin”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Azərbaycan hakimiyyətinin Milli Şuranı Rusiya layihəsi kimi qələmə verdiyini və bu qurumun Azərbaycan xalqının deyil, Rusiyanın maraqlarını təmsil etməkdə ittiham etməsini yada saldı. “Bu gün baş verənlər isə onu göstərir ki, məhz Azərbaycan hakimiyyətinin özü Rusiyaya bağlıdır və Rusiyanın himayəsindədir. Istər din xadimlərinin, istərsə də Abdulatipovun müraciəti məhz Rusiyanın Azərbaycan hakimiyyətinə himayəsinin göstəricisidir. Bununla Rusiya mövcud hakimiyyətin qalmasında maraqlı olduğunu göstərir. F.Qəhrəmanlının sözlərinə görə, görünür, Azərbaycan hakimiyyəti Rusiyanın qarşısında ciddi öhdəliklər götürüb. Ona görə də Rusiya indiki hakimiyyəti müdafiə mövqeyindən çıxış edir. Təbii ki, burda həm də bir siyasi etika sərhədlərinin pozulması var. Açıq-aydın görünür ki, Rusiya məhz bu vasitələrlə Azərbaycanın daxili siyasətinə müdaxilə edir. Daxili siyasət məsələlərində tərəf rolunda çıxış edir. Bütün bunlar Rusiyanın birbaşa seçki saxtalaşdırılmasında Azərbaycan hökumətini himayə edəcəyini və saxta seçkinin nəticələrin ilk tanıyanlardan olacağını deməyə əsas verir. 

Fizzə