Vidadi Mirkamil: «Ölkə başçısının korrupsiyanın başında durması sübut olunub»
Müzəffər Baxış: «Cəmil Həsənli bu fikirlərə görə heç bir məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırıla bilməz»
Siyavuş Novruzov Cəmil Həsənlini böhtan atmaqda ittiham edir
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin ITV-dəki debatlarda dövlət başçısının ünvanına səsləndirdiyi ittihamlar, açıqladığı korrupsiya faktları hakimiyyət dairələrində ciddi narahatlığa səbəb olub. Ittihamlara cavab tapa bilməyən hakim partiya ənənəsinə uyğun olaraq hədə-qorxu yolunu seçib.
YAP icra katibinin müavini Siyavuş Novruzov Cəmil Həsənlini böhtan atmaqda ittiham edərək buna hüquq müstəvisində cavab veriləcəyini deyib. Baxmayaraq ki, Cəmil Həsənlinin səsləndirdiyi faktlar xarici mətbuatda dərc olunub və həmin vaxt rəsmilər bununla bağlı hər hansı fikir bildirməyib, hətta təkzib etməyiblər. Belə olan halda S.Novruzovun dedikləri məntiqsiz görünür. C.Həsənli debatlarda səsləndirdiyi fikirlərə görə məsuliyyətə cəlb oluna bilərmi?
Milli Şuranın üzvü, hüquqşünas Vidadi Mirkamal S.Novruzovun anormal fikirlər səsləndirdiyini və normal hüquqşünas olmadığını deyir. Çünki Cəmil Həsənli ölkə başçısının bir çox sahələrdə yol verdiyi cinayət əməllərindən söhbət açır. Eyni zamanda cəmiyyətdə böyük həcmdə korrupsiyanın, rüşvətin yayılmasında ölkə başçısının xidmətləri var. Ölkə başçısının korrupsiyanın başında durması da sübut olunub. Deməli, böyük cinayətlərə, korrupsiyaya, rüşvətə bulaşmış bu rejimdir.
V.Mirkamalın sözlərinə görə, əslində Cəmil Həsənli bu cəmiyyətin güzgüsüdür. Əgər YAP təmsilçiləri özlərini bu güzgüdə əyri görürlərsə, buyursunlar məhkəməyə müraciət etsinlər. Bu zaman hüquq mühafizə orqanlarının apardığı təhqiqat, məhkəmə prosesi əslində Ilham Əliyev rejiminin ifşasına yönələcək.
Hüquqşünas Müzəffər Baxış Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrində təhqir, böhtana görə, 323-cü maddəsində isə Azərbaycan Respublikası prezidentinin şərəf və ləyaqətinin ləkələnməsinə, təhqiq edilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulduğunu deyir. Lakin hüquqşünas Azərbaycan Prezidentinin şərəf və ləyaqətini ləkələmək və alçaltmaya görə ayrıca cinayət məsuliyyətinin nəzərdə tutulmasının Konstitusiyanın 25-ci maddəsi ilə ziddiyyət təşkil etdiyini bildirdi: “Azərbaycan prezidentinin şərəf və ləyaqətinin kütləvi çıxışlar, kütləvi nümayişlərdə, yaxud kütləvi informasiya vasitələrində ləkələmək, yaxud alçaltmaq cinayət məsuliyyətinə səbəb olur. Eyni əməllər ağır və xüsusilə ağır formada törədilsə, Cinayət Məcəlləsinin 323.2-i maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Şəxs yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, nümayişlərdə və informasiya vasitələrində yayırsa, yaxud şərəf və ləyaqətini qəsdən alçaldırsa, bu, cinayətdir. Əgər şəxs dedikləri fikirlərin həqiqət olduğunu bilirsə, buna tam inanaraq həqiqət kimi yayırsa, burda cinayət məsuliyyətindən söhbət gedə bilməz. Cəmil Həsənli istər kütləvi informasiya vasitələrində, televiziyada, radioda, başqa kütləvi tədbirlərdəki çıxışlarında Azərbaycan respublikası vətəndaşı kimi məndə tam əminlik yaradır ki, o bu faktların həqiqət olduğuna tam inanır və onları yayır. Əgər Cəmil Həsənli bunu həqiqət kimi qəbul edir və yayırsa, hətta onlar yalan da olsa, buna görə Cəmil Həsənli heç bir məsuliyyət daşıya bilməz”.
M.Baxışın sözlərinə görə, Siyavuş Novruzov, Əli Əhmədov kimi insanların nə deməsindən asılı olmayaraq hüququn prinsiplərinə və məzmununa görə Cəmil Həsənli bu fikirlərə görə heç bir məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırıla bilməz: “Belə prinsiplər, məsələlər, ümumiyyətlə, Siyavuş Novruzov kimi insanlara yaddır. Onun belə şeylərdən, ümumiyyətlə, başı çıxa bilməz”.
Fizzə