«İlham Əliyev bilir ki, Cəmil Həsənli, Əli Kərimli, İsa Qəmbərlə debatda rəzil olar»
Turqut Ər: «Türkiyə hakimiyyəti ilə Azərbaycanın mövcud iqtidarı arasında hazırda ciddi problemlər var»
Azərbaycanda prezident seçkiləri ab-havası yaşanmasa da, ölkəmizdə cərəyan edən proseslər dünya mediasının da diqqətindədir. Azərbaycan seçki kampaniyasına qədəm qoyandan gündən müxtəlif nüfuzlu beynəlxalq nəşrlərdə ölkədə baş verənlər, demokratik qüvvələrin seçkiyə vahid namizədlə qatılması geniş şərh edilib. Bəs qardaş Türkiyədən Azərbaycandakı seçki prosesi necə görünür? Müsahibimiz türk diplomatı, “Azadlıqdan tiranlığa” kitabının müəllifi Turqut Ərdir.
– Azərbaycanda baş verənlərə Türkiyədən nəzər salanda xalqın budəfəki seçkilərlə bağlı böyük ümidlərinin olduğu görünür. Azərbaycan xalqı demokratikləşmə prosesinə bir qədər də yaxınlaşıb. Amma ən önəmli olan Azərbaycan xalqının üzərində olan qorxunun, antidemokratik idarəetmənin qaldırılmasıdır. Əgər seçkilərdə yenə ənənəvi şəkildə saxtakarlıq, köhnə metodlar tətbiq olunmasa, seçkilərdə demokratik qüvvələr qələbə qazanacaq. Türkiyədən Azərbaycanda baş verənlər bu cür qiymətləndirilir. Amma əsas şərt antidemokratik üsulların, təzyiqlərin, təpkilərin aradan qaldırılmasıdır. Seçkilərin nəticələri yalnız xalqın seçimi real şəkildə qiymətləndirilməyəcəyi təqdirdə başqa cür ola bilər. Amma Türkiyədə də Azərbaycanda seçkilərin saxtalaşdırılacağına dair bir narahatlıq vardır.
– Türkiyədə baş verən ən kiçik hadisə belə Azərbaycan mediasının diqqətində olur. Məsələn, Ərdoğanın elan etdiyi “yeni demokratikləşmə paketi” ilə bağlı Azərbaycanda çeşidli müzakirələr aparılır. Amma Azərbaycandakı olaylara Türkiyə mediası bir o qədər diqqət ayırmır. Bunun səbəbi nədir?
– Bunun iki səbəbi var. Birinci səbəb Türkiyədəki media orqanlarının tamamilə maliyyəyə əsaslanan addımlar atmalarıdır. Azərbaycan iqtidarının, bundan başqa, Türkiyədəki qəzetlərə gizli dəstəkləri var. Digər bir məqam Türkiyədəki qəzetlərin, telekanalların türk dünyasına qarşı biganəliyidir. Türkiyə mediası əsas olaraq maddi çıxarlarını düşünür və daha çox sensasiyalı məlumatlara üstünlük verir. Türkiyə mediası Suriyadakı qətliamları hər gün yazaraq, gündəmə gətirir. Azərbaycandakı demokratik proseslər isə diqqətdən kənarda qalır. Bəlkə də Azərbaycanda demokratikləşmə prosesi ilə bağlı beş-on nəfər ölsə həmin dəqiqə baş verənlər Türkiya mediasının gündəminə oturar. Başqa bir önəmli məqam Azərbaycanda baş verənlərin Türkiyəyə əks etdirə bilməməsidir. Yəni Türkiyədəki media heç bir səy göstərmədən Azərbaycandan daim xəbərləri almaq istəyir. Azərbaycanlı demokratlar bunu nəzərə almalıdır. Biz Azərbaycandakı demokratik düşərgədəki dostlarımıza demişik ki, bu əlaqələrə diqqət yetirsinlər. Nəticədə zaman-zaman Türkiyə mediasında Azərbaycanla bağlı xəbərlər gündəmə gələ bilər. Bu səbəblərdən irəli gələrək Azərbaycandakı demokratik mübarizə Türkiyə mediasında yer almır.
“Təəssüf ki, diktator rejiminin Azərbaycan türkünə etdikləri görülmür”
– Türkiyədəki hakim partiya bütün dünyada demokratikləşmə prosesinə dəstək verəcəyini açıqlayır. Suriyada, Fələstində baş verənlərə Türkiyə iqtidarı sərt reaksiya versə də, Azərbaycanda baş verənlərlə bağlı bu hiss olunmur. Bunun səbəbi nədir?
– Türkiyə hakimiyyəti Azərbaycandakı prosesləri tam anlamı ilə görmür. Azərbaycandakı hadisələr ilk baxışdan sakit görünür. Təəssüf ki, Azərbaycandakı demokratiya uğrunda mübarizə, diktator rejiminin Azərbaycan türkünə etdikləri görməzliyə vurulur. Türkiyənin istər iqtidarı, istər müxalifəti, istərsə də mətbuatı Azərbaycandakı prosesləri anlamır. Halbuki demokratik Azərbaycan Türkiyəyə daha böyük faydalar gətirə bilər. Təəssüf ki, müvafiq şəxslər bunların fərqində deyillər. Mən bu barədə kitabımda yazmışam. Təəssüflər olsun ki, Türkiyənin belə bir ciddi nöqsanı var.
– Bu günlərdə Türkiydəki hakim partiyanın təmsilçisi olan bir millət vəkili Azərbaycandan ədalətli seçkilər gözlədiklərini bəyan etdi. Əvvəllər Türkiyədən bu cür bəyanatların şahidi olmamışıq. Gələcəkdə belə bəyanatlar davamlı olaraq, daha da inkişaf etdirilə bilərimi?
– Düşünürəm ki, bəli, Türkiyə iqtidarının Azərbaycana diqqəti zaman keçdikcə artacaq. Çünki Türkiyə hakimiyyəti ilə Azərbaycanın mövcud iqtidarı arasında hazırda ciddi problemlər var. Iki ölkə arasındakı viza məsələsini həll edə bilməyən Azərbaycan iqtidarı ilə həmişə ölkənizin maraqlarından çıxış edən Türkiyə hökuməti qarşı-qarşıyadır. Türkiyə iqtidarı viza rejiminin hələ də aradan qaldırılmamasından narahatdır. Ona görə iki ölkə arasındakı münasibətlər soyuqdur. Bu cür situasiyanın isə bir nəticəsi olacaq. Əgər Azərbaycanda keçirilən seçkilərdə bir saxtakarlıq baş verərsə, xalqın səsi nəzərə alınmazsa, Türkiyə hakimiyyətinin də buna sərt reaksiyası olacaq. Türkiyənin dövlət agentliyinin Azərbaycan hakimiyyəti haqqında yaydığı son məlumat, iqtidarın qəzeti olan “Yeni Şəfəq”də dərc olunan məlumatlar təsadüf deyil. Bütün bunlar Türkiyənin Azərbaycana münasibətinin dəyişdiyini göstərir. Artıq münasibətlər əvvəlki kimi deyil.
“Azərbaycanda kommunist qvardiyası hakimiyyətdədir”
– Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli hansı bölgəyə səfər edirsə, orada rəğbətlə qarşılanır. Amma maraqlıdır ki, hakimiyyət namizədi seçkiyə qatılsa da, əhali ilə görüşlərdə, teledebatlarda iştirak etmir. Bu addıma hansı adı vermək olar?
– Mənim də fikrimcə, müxalifətin əhali ilə sıx görüşlər keçirməsi, xalqın içinə getməsi düzgün addımdır. Nə qədər seçkini saxtalaşdırsalar da, bu saxtakarlığın bir gün sonu gələcək. Xalq əvvəl-axır səsinə sahib çıxmalıdır. Cəmil Həsənli hazırda demokratik qüvvələrin dəstəyini alaraq seçkiyə qatılıb. Ölkənin aparıcı iki müxalifət partiyası AXCP və Müsavat Partiyası Cəmil Həsənliyə aktiv dəstək verir. Bölgələrdəki aksiyalarda da Cəmil Həsənli tək iştirak etmir. Partiya sədrləri, siyasi liderlər də Cəmil Həsənli ilə görüşlərə qatılırlar. Artıq Azərbaycanın demokratik qüvvələri xalqla birlikdə hazırkı rejimi aradan götürmək niyyətində olduqlarını bəyan ediblər. Bakıda, Şəkidə, Gəncədə keçirilən aksiyalar bunu sübut edir. Artıq Azərbaycanda bu ənənə tədricən özünə yer etməkdədir. Kütləvi xalq iradəsi rejimin sonunu gətirəcək. Ilham Əliyevin teledebatlara qatılmaması, seçicilərlə görüş keçirməməsinə gəlincə, bu bir alışqanlıqdır. Hakimiyyət ona əmindir ki, o yenidən seçkilərdə istədiyi, əvvələr də reallaşdırdığı saxtakarlıqları həyata keçirəcək. Hakimiyyət seçkinin nəticəsinin necə olacağından asılı olmayaraq siyasi iqtidarı təhvil vermək niyyətində deyil. Bu rejimin adı diktaturadır. Azərbaycanda hələ də hakimiyyətə sovet dövründən qalma köhnə kommunist qvardiyası rəhbərlik edir. Ilham Əliyev yenə köhnə kommunist qvardiyasına güvənir, seçkilərə onların dəstəyinə etimad edərək gedir. Hakimiyyətin namizədi hansı arqumentlərlə Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin qarşısına çıxacaq? Ilham Əliyev gözəl bilir ki, o, teledebatlarda Cəmil Həsənli, Əli Kərimli, Isa Qəmbərlə üz-üzə əyləşərsə, rəzil olar. Azərbaycan xalqı seçkidə səs verərək, onun arxasında durarsa, o zaman Ilham Əliyev görər ki, xalq onu istəmir. Çünki xalq avtoritar rejimin deyil, demokratik hakimyyətin olmasını istəyir.
– Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, hakimiyyət təmsilçisi Novruz Məmmədovun bir müddət əvvəl ABŞ-a səfəri maraq kəsb etdi. Xüsusilə Novruz Məmmədovun bu səfərdən vətənə qayıdarkən Türkiyədə bir sıra təmaslar keçirməsi bəzi suallara səbəb oldu. Bəzi ekspertlər hesab edir ki, bu səfər Ankaranın Azərbaycandakı seçki saxtakarlığına göz yumması üçün razılığın alınması məqsədi daşıyırdı. Siz, necə düşünürsünüz?
– Düşünmürəm ki, bu yol ilə Türkiyə iqtidarının dəstəyini almaq mümkündür. Öncə onu deyim ki, Türkiyə iqtidarı Novruz Məmmədov kimi məmurların səfəri ilə Azərbaycandakı prezident seçkiləri kimi mühüm məsələyə qiymət verməz. Bu mümkün deyil. Türkiyədəki iqtidar Azərbaycandakı prosesləri izləyir və durumun hələlik stabil olması üzündən reaksiya vermir. Düşünürəm ki, Türkiyə hələlik Azərbaycanda baş verənlərə müdaxilənin tez olduğunu düşünür. Türkiyə iqtidarı nəyə görə Azərbaycandakı rejimi dəstəkləsin? Azərbaycan hakimiyyəti Türkiyə iqtidarının hansı istəyini reallaşdırıb? Azərbaycanda fəaliyyət göstərən türk iş adamları bizneslərini Azərbaycanda yarımçıq qoyurlar. Türkiyədən Azərbaycana səfər edən sahibkarlar buradan başını götürüb qaçır, müxtəlif yollarla türk iş adamları müflis etdirilir. Türkiyənin yük maşınları Iran və başqa ölkələrin maşınları kimi Azərbaycan ərazisindən rahat istifadə edə bilmir. Bütün bunlardan sonra Türkiyə iqtidarı Azərbaycan hakimiyyətini necə dəstəkləyə bilər? Bu mümkün deyil.
“Demokratik qüvvələr saxtakarlığa hazır olmalıdır”
– Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçkidəki şanslarını necə dəyərləndirirsiniz?
– Əgər saxtakarlıq baş verməzsə, Cəmil Həsənli seçicilərin 65 faizinin səsini ala bilər.
– İqtidar yenidən saxtakarlığa gedərsə, bu ona nə vəd edir? Hakimiyyətin növbəti saxtakarlığına qarşı beynəlxalq aləmin sərt reaksiyası gələ bilərmi?
– Azərbaycanın demokratik qüvvələri saxtakarlığın baş verməsinə indidən hazırlıqlı olmalıdırlar. Demokratik qüvvələr mümkün qədər çoxlu saxtakarlıq faktları toplayaraq bunu dünyaya çatdırmalıdır. Bu, heç şübhəsiz, beynəlxalq aləmin sərt reaksiyasına səbəb olacaq. Demokratik düşərgə ən vacibi öz xalqına sübut etməlidir ki, seçkidə bu saxtakarlıqlar baş verib. Demokratik qüvvələr bu saxtakarlığa qarşı baş qaldıracaq xalqın etirazının öndərinə çevrilməlidir. Çünki əgər artıq seçki qutusundan səs çıxmırsa, bu səs Azadlıq meydanından çıxmalıdır. Yəni seçkinin nəticələrinin elan edildiyi gün əgər saxtakarlığa yol verilərsə, xalq Azadlıq meydanına yığışaraq demokratiya problemini orada həll etməlidir. Artıq antidemokratik iqtidarın hakimiyyətdən getməsinin zamanı yetişib. Əgər xalqın səsi nəzərə alınmırsa, o zaman xalqın iradəsi necə əksini tapmalıdır? Azərbaycanda normal rejimin qurulması üçün yol Azadlıq meydanından keçir. Çünki bu xalq azadlığını da Azadlıq meydanında qazanıb.
Xəyal Şahinoğlu