Siyasət tıxacında xərclənən ömürlər

Dörd il əvvəl birnəfəsə yazdğım yazıya bu gün məni oxuyan hər kəsdən diqqətlə yanaşmasını istəyərdim. Kim bilir, bəlkə bu ağrılı sətirlər sizi inamınızı çoxdan itirdiyiniz qutuların başına aparacaq və yarımçıq ömürlərin, yaralı ümidlərin xatirəsi üçün səs verəcəksiniz. Səs verəcəksiniz ki, nofəllərin faciəsi, nazlıların ağır taleyi bir daha yaşanmasın. Səs verəcəksiniz ki, bu ölkədə insanların ürəyi hətta ölərkən belə əzabdan çırpınmayıb rahat-rahat döyünsün.

Bizm nəslin yarpaq tökümü

…Qəfil ölüm xəbərini aldığım Nofəl Süleymanov mənim dostum deyildi. Amma onun xətrini çox istəyirdim. Bundan sonra isə xatirəsi məndən ötrü əziz olacaq. Nofəlin xatirəsi…

1995-ci ilin parlament seçkilərində onun sədr qoyulduğu Qəbələ Dairəsindən hələ meydan havası başından getməmiş biz müxalifətçilər də seçkiyə qatılmağa cəhd elədik. Bəli, məhz cəhd elədik. Çünki deputat bir yana, heç deputatlığa namizədsə də ola bilmədik. Naxçıvanın ondakı mədəniyyət naziri Fəttah Heydərov Qəbələnin deputatı oldu və indiyə qədər olaraq qalır. O vaxtlar biz namizədlər cürbəcür “demokratik hoqqalar”la (ATƏT-in Bakı ofisi, VCU və sairələri kimi əttökən şeylər) Nofəli incidirdik. Həm də vəziyyəti başa düşərəkdən, ondan heç nəyin asılı olmadığını bilə-bilə. Nofəl isə hətta öz mühüm postunun verdiyi səlahiyyətlər müqabilində də hər kəsi – hətta məsələ sərtləşib əndazədən çıxdıqda belə – incitmədən yola verirdi. Səmimi desək, hər cür emosional, çılğın, sərt rəftara dözürdü və bizi özünün təmsil etdiyi hakimiyyətin zorakılığından qorumağa çalışırdı. Təxminən eyni yaşda olmağımıza baxmayaraq biz qızışıb özümüzdən çıxanda Nofəl dərhal onun təhlükəsizliyinə cavabdeh polisi uzaqlaşdırır, bütün hallarda iqtidarın əlinə bizim əleyhimizə bəhanə keçməsinin qarşısını alırdı. Indi fikirləşirəm ki, onunla müqayisədə bizim vəziyyətimiz nə qədər asan imiş. Heç deyilsə, biz hay-küy edib ürəyimizi boşalda bilirdik. Indi bunları xatırlamaq o qədər ağır və utandırıcıdır ki, adam heç cür özünü bağışlaya bilmir. Hətta o halda ki, biz Nofəldən qanuni tələb edirdik, o isə bunu istər-istəməz əngəlləmək məcburiyyətindəydi. 

Həmin dövrlə bağlı o qədər inanılmaz faktlar, ağlamalı və gülməli hadisələr var ki, bunların həqiqətən ən yeni tarixdə baş verdiyinə indi özüm də inana bilmirəm. 1998-ci ilin Prezident seçkiləri Qəbələ dairəsində Nofəl Süleymanovla hər ikimizin son işi oldu. Onu məlum və qeyri məlum səbəblərə görə (həmin il heydərovların özəl rayonundan Qəbələ dairəsi H.Əliyevin xeyrinə cəmi bir-iki faiz fərqlə “təhlükəli qələbə raportu” vermişdi), məni isə, ümumiyyətlə, boş sənədə imza atmadığım üçün seçki dairəsindən “qovdular”. Amma sədrimiz olduğu az vaxtda Nofəlin şəxsi keyfiyyətləri məndə ömürlük təəssürat yaratdı. Indiyə qədər fikirləşirəm ki, Nofəl Süleymanov nədən o qədər üzüntü və gərginlik yaşayırdı? Bu məcburiyyət hardan yaranmışdı? Heç bir halda sərvət və vəzifədən söhbət gedə bilməzdi. Çünki sonadək bunların heç biri onda olmadı. Başqa nədənləri sadalamağın mənası varmı? Bir də nə fərq edər ki? Ən acı həqiqət odur ki, artıq Nofəlin özü yoxdu. Və biz onun – bir yaxşı insanın çoxları üçün doğmalaşmış mülayim, yumşaq səsini bir daha eşitməyəcəyik. Çox hayıf…

***

Ötən 8 martda YAP-ın növbəti bayram tədbiri keçirdiyi restoranın qabağından ötüb evə gedirdim. Tədbir hələ başlamadığından hər iki cinsdən olan məmurlar səkidə gəzişirdilər. Birdən qolumdan kimsə tutub: Hara gedirsən? – deyə soruşdu. Nofəl idi. – Evə, dedim.  Buraxmaram, deyib durdu. – Bilirsən ki, məni belə yerlərə dəvət eləmirlər, deyib zarafata salmaq istədim. “Mən dəvət edirəm” – dedi. Onun buna səlahiyyətinin olmadığını hər ikimiz bilirdik. – Çox sağ ol, dedim, oğlunun toyuna dəvət edərsən, gələrəm. – O vaxta kim ölə, kim qala, dedi, ürəyim heç sözümə baxmır. Əslində mən də onun sözünə baxa bilmədim axı…

Özünü şux göstərmək istəsə də səsindən yorğunluq, kədər yağırdı. Məni təkidlə salona bitişik hədiyyələr mağazasına keçirib ərklə dilləndi: – Ürəyin nə istəyir, seç, qardaşın sənə alsın. Onu sındırmamaq üçün sadə bir salfet qabını göstərdim. Pulu verəndə: – Təbrik eləyirəm, dedi, yaxşı zövqün var, xalqın cibinə uyğun… Nofəlin qəfil ölümünü eşidəndə gözlərimi həmin o hədiyyə qabdakı salfetlərlə quruladım. Dəsmalı götürə bilmədim. Düçar olunduğum qəzadan sonra düz səkkiz aydır bütün arzularımı iki dəmir əsayla həyata keçirirəm. Beləcə, “kim ölə, kim qala” demişdi. Onu yaşadığı ziddiyyətlərə dözməyib çat-çat olan ürəyi apardı, mənim qalmağım da ki, belə…