Əliyevin Sumqayıt səfərində qalmaqal

Vətəndaşlarla yolu bağlayan polislər arasında insident baş verib

«Turan»ın əməkdaşını isə hadisə yerindən çəkiliş apardığı üçün həbs ediblər

Prezident Ilham Əliyevin Sumqayıta səfəri qalmaqalla yadda qalıb. Səfərlə əlaqədar polis Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkətini dayandırıb. Bakıya gedən bütün avtomobillər Saray, Masazır, Novxanı tərəfdən alternativ yollara yönəldilib. Nəticədə də həmin istiqamətdə böyük avtomobil tıxacları yaranıb. Masazır qəsəbəsində polisin avtomobil yolunu bağlaması və bu vəziyyətin 2 saatdan artıq davam etməsi vətəndaşların qəzəbinə səbəb olub.

Insanlar  yolun açılmasını tələb ediblər və nəticədə onlarla polis arasında insident yaşanıb. Həmin vaxt hadisə yerində “Turan” Informasiya Agentliyinin əməkdaşı Hafiz Babalı da olub və o, peşə borcunu yerinə yetirərək baş verənləri çəkməyə başlayıb. Bunu görən polis əməkdaşları jurnalisti saxlayaraq onun kamerasını, vəsiqəsini və eynəyini əlindən alıblar. Polislər onu post-patrul xidmətinin 10 EM 475 dövlət nömrəli avtomobilinə əyləşdirərək Abşeron Rayon Polis Idarəsinə aparıblar. 

Azadlığa buraxılandan sonra açıqlama verən H.Babalı bildirib ki, orada polis zabiti onun idarəyə niyə gətirildiyi ilə maraqlanıb. Polislər isə bildiriblər ki, jurnalist çəkiliş aparırmış. Zabit “Çəkmək onun işidir, bəs insident iştirakçıları haradadır?” deyə sual verəndə polislərin cavabı belə olub: “Onların saxlanılmasına jurnalist ”mane olub”. Qısa söhbətdən sonra jurnalisti buraxıblar.

“Turan” agentliyi əməkdaşının polis tərəfindən saxlanılmasını qanunsuz sayır və xatırladır ki, jurnalistin peşə fəaliyyətinə mane olmağa görə Azərbaycan Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulur.