“Azərbaycandakı zülm və istibdadın axırına çıxacağıq!”

Cəmil Həsənli Sabirbadda seçicilərlə möhtəşəm görüş keçirdi FOTO

Hakimiyyətin təxribatçı dəstəsi mitinqi poza bilmədi

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli dünən Sabirabadda seçicilərlə görüşdü. Görüş rayonun mərkəzindən kənarda yerləşən stadionda baş tutdu. Cəmil Həsənlinin digər rayonlarda seçicilərlə görüşlərində olduğu kimi, Sabirabadda da görüşün izdihamlı keçməməsi üçün icra hakimiyyəti və hüquq-mühafizə orqanları əməlli-başlı hərəkətə keçmişdilər.

Hökumətin təxribat planı

Saat 13:00-a təyin olunan mitinqin başlamasına bir neçə saat qalmış təxribatçılar stadionun qapısına toplaşmışdılar. Onları əraziyə xüsusi avtobusun gətirməsi göstərirdi ki, bu adamlar öyrədilərək, təxribat məqsədilə göndərilmişdi. Mikro-avtobusda Ilham Əliyevin şəkilləri, meqafon və plakatlar vardı.

Stadionun qarşısına toplaşan seçicilər polislərdən təxribatçıların uzaqlaşdırılmasını tələb etsə də, buna diqqət yetirilmədi. “Toxunulmaz” olduqularını görən öyrədilmiş adamlar yavaş-yavaş hərəkətə keçməyə başladılar. Onlar Ilham Əliyevin gördüyü işlərdən danışır, mitinq keçirməyin əleyhinə olduqlarını bildirirdilər.
Cəmil Həsənli ilə görüşə gəlmiş seçicilər isə təxribatçılara izah etməyə çalışdılar ki, onlar ünvanı səhv salıblar, ona görə də ərazini tərk eləsinlər. Təxribatçılar isə qarışıqlıq yaratmaqda israrlı olduqlarından, bildirdilər ki, getməyəcəklər.

Cəmil Həsənlinin bundan öncəki görüşlərində olduğu kimi, Sabirabadda da mülki geyimlilər yolların kənarında dayanıb mitinqə gələnlərə nəzarət edir, onları kamera ilə çəkirdilər. Polis geyimində olanlar da həmin mülki geyimlilərdən fərqlənmirdilər. Stadionun qarşısında olan polis sabirabadlılara üzünü tutaraq dedi: “Bura niyə gəlmisiniz? Onsuz da istəyiniz alınmayacaq, çıxıb gedin”.
Bu ifadə Cəmil Həsənli ilə görüşə gələnlər arasında narazılıq yaratdı. Təxribatçılar da polislərə qahmar çıxaraq, “düz deyir” cümləsini bir neçə dəfə təkrarladı.

Görüşə seçicilərin gəlişi davam etdiyindən, mitinq bir az gec başladı. Öncə Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin mühafizəçiləri əraziyə gəldi. Onlar təxribat olacağı xəbəri aldıqlarından əvvəlcə Milli Şuranın üzvlərilə görüşdülər. Təxribatçılar bir neçə dəqiqədən sonra Cəmil Həsənli və Əli Kərimlinin gələcəyini bilib kənara çəkilərək, hazırlığa başladılar. Kimi plakatla, kimi isə daşla öz yerini “bərkitdi”.

Ancaq onların planı baş tutmadı. Mühafizəçilərlə birlikdə Milli Şuranın üzvləri qol-qola girərək, sədd çəkdilər. Belə olan təqdirdə, təxribatçılar planlarını bir az ertələdi.
Meydana daxil olan liderlər coşqu ilə qarşılandı. Seçicilər “Cəmil bəy!”, “Əli bəy!”, “Bəsdir!” şüarlarını səsləndirdilər.

***

Mitinqin aparıcısı AXCP mətbuat xidmətinin rəhbəri Nadiq Ədilov idi. O bildirdi ki, Sabirabadda icra orqanlarının bir gün öncədən gücləndirilmiş iş rejimi 10-15 təxribatçı adamı meydana çıxarmaqla yekunlaşdı: “Icra hakimiyyətinə minnətdaram, ona görə ki, bu qədər ”mübarizə”dən sonra qarşımıza bir ovuc adamla çıxa biliblər”.

“6 dəqiqəlik çıxışlar Əliyev hakimiyyətinin maskasını cırdı”

AXCP sədri Əli Kərimli isə çıxışında Azərbaycanın 20 faizinin ermənilərin, qalan 80 faizinin isə bir sülalənin işğalında olduğunu bildirdi: “Bu işağlçılar məcburdular ki, öz hakimiyyətlərini legitimləşdirmək üçün müxtəlif üsullardan istifadə etsinlər. Uzun illər televiziyaların hamısı müxalifətin üzünə bağlı idi. Cəmil Həsənli 6 dəqiqəlik çıxışlarla Ilham Əliyev hakimiyyətinin maskasını cırdı, onun mahiyyətini ortaya qoydu. Biz millətimizin hər bir nümayəndəsinin azadlığı uğrunda mübarizə aparırıq. Millətimizin hər bir nümayəndəsinin, o cümlədən məzlum, sındırılmış insanların da haqqı uğrunda mübarizə aparırıq. Onları da azad edəcəyik.

Bütün qaydaları ona görə bu dərəcədə pozurlar ki, ən elementar seçki mədəniyyətinə qabiliyyətləri çatmır. Başa düşürlər ki, birləşmiş müxalifətin vahid namizədi Cəmil Həsənli artıq onları mənəvi, siyasi cəhətdən məğlub edib. Məzahir Pənahovun seçki komissiyasının nə yazmasından asılı olmayaraq, bu millətin qalibi, seçimi Cəmil Həsənlidir”.

Əli Kərimli bu isterikanın, nümayiş etdirilən əxlaqsızlığın hakimiyyətin korrupsiyasının ifşasından qaynaqlandığını söylədi: “Cəmil Həsənli hər debatda deyir ki, Ilham Əliyev hanı? Niyə gəlmir debatlara? Niyə cavab vermir bu debatlardakı suallara? Ilham Əliyev necə gəlsin debatlara? Azərbaycan xalqından oğurlanmış pulların hesabatını necə versin? Ilham Əliyevi orada onun məsləkdaşları – hafizlər, qüdrətlər təmsil edir”.

“Xalqın əksəriyyəti yoxsulluq və kasıblıq içindədir”

Çıxışlar davam edə-edə stadionun girişində dayanan təxribatçılar əllərində Ilham Əliyevin şəkilləri, plakatlar içəri daxil oldular. Polis onları sadəcə, müşayiət edirdi. Görüşə gələnlər dəfələrlə etiraz etsələr də, heç bir xeyri olmadı.

Müsavat partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı Cəmil Həsənlinin Azərbaycan xalqının namizədi olduğunu bəyan etdi: “Cəmil Həsənli bu gün YAP-ın yüzminlərlə sıravi üzvlərinin də namizədidir. Azərbaycanda kiçik bir zümrə xalqın sərvətini mənimsəyir. Ilham Əliyev başda olmaqla, hakimiyyətin apardığı siyasət, talançı fəaliyyət nəticəsində xalqın 5 faizi bütün dünya milyarderlərindən də firavan yaşayır. Xalqın mütləq əksəriyyəti isə yoxlulluq və kasıbçılıq içindədir”.

“Təxribatçıları bura göndərənlərə ar olsun!”

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə təxribatçılarla üz-üzə qalan seçicilərə səslənərək, Sabirabadın simasının məhz onlar olduğunu söylədi. Həmçinin təxribatçıları göndərənlərə də mesajını çatdırdı: “Bu gün qadınları, xanımları irəli verib arxasında gizlənənlərə ar olsun! Burada özünə hörmət eləyən adam o şəkilləri başı üzərinə qaldıra bilməz!”.

“İlham Əliyev debata hansı üzlə gəlsin?”

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli çıxışında vətəndaşların başına gətirilən oyunlardan söz açdı: “Biz sizin başınıza gətirilən oyunları, çəkdiyiniz ağrı-acıları bilirik. Bu zülm və istibdadın axırına çıxacağıq. Bütün xalqımızı, o cümlədən sizləri də azad edəcəyik. Inanın, biz bu respublikada elə mənəvi saf bir iqlim yaradacağıq ki, bu xəstə adamlar (təxribatçılar nəzərdə tutulur) da şəfa tapacaqlar.
Müasir dünyada sülalə hakimiyyətləri getməkdədir. Bu, Azərbaycanda da baş verəcək. Diktatorlar tarixin səhifəsindən silinəcək, o cümlədən Ilham Əliyev də tarixin arxivinə gedəcək”.
Cəmil Həsənli Ilham Əliyevin debatlara gəlməməyindən də danışdı: “Dəfələrlə bizim müraciətimizə baxmayaraq, Ilham Əliyev debatlara gəlmir. Hansı üzlə gəlsin debatlara? Nə deyəcək debatlarda? Xalqın pulunu necə mənimsədiyindən danışacaq? Mənimsədiyi hakimiyyətdən danışacaq? Bu millətin hakimiyyəti formalaşdırmaq haqqını özünə qaytaracağıq. Biz bu millətin konstitusiyasının birinci maddəsini bərpa edəcəyik. Bundan sonra xalq öz hakimiyyətini formalaşdıracaq. Oğrulara deyil, doğrulara səs verəcək!”.

Polis və təxribatçıların hücumu

Cəmil Həsənlinin çıxışından sonra “Koroğlu” uverturasının səslənməsilə görüş başa çatdı. Təxribatçılar hərəkətə keçmək istəsələr də, buna nail ola bilmədilər.
Cəmil Həsənli və Əli Kərimli stadionu tərk edəndən sonra həm təxribatçılar, həm də polislər jurnalistlərə və görüşə gələnlərə hücum etdi. Bir neçə jurnalistə xəsarət yetirildi, “Azadlıq” radiosunun kamerası sındırıldı, “Baku News”un əməkdaşı Ilham Rəsulzadənin kamerası əlindən alındı. Olayı görüntüləyən jurnalistlərə isə çəkiliş aparmağa imkan verilmədi. Təxribatçılar jurnalistləri, Milli Şura üzvlərini təhqir etdilər, buna etiraz edənlərə isə polis hücum etdi. Bir neçə nəfər ciddi xəsarət aldı.

Ramin DEKO