“Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Sabirabadda seçiciləri ilə görüşü zamanı bir qrup insan tərəfindən təxribat xarakterli hücum təşkil olundu. Bu hücumun arxasında bilavasitə rayon rəhbərliyi durur”.
Bunu virtualaz.org-a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, əksəriyyətini qadınların təşkil etdiyi həmin basqınçı qrupun üzvləri media nümayəndələrinə qarşı da fiziki güc tətbiq edib.
A.Hacılı həmin şəxslərin bu əməllərinə polis əməkdaşları tərəfindən müdaxilə edildiyini və hücumçuların oradan uzaqlaşdırıldığını bildirdi. Həmin etirazçıların kim olduğuna gəlincə isə A.Hacılı bunları söylədi: “Yerli sakinlərin bizə dediyinə görə, həmin şəxslər Sabirbad Rayon İcra Hakimiyyətinin işçiləri və icra hakimiyyəti rəhbərliyinin göstərişi ilə gələn şəxslərdir. Belə bir göstərişin verilməsi isə birbaşa icra başçısının səlahiyyətində olan məsələdir. Heç kəs onun iradəsinin ziddinə belə addım ata bilməz”.