Azərbaycan Müqavimət Alyansı: “Cəmil Həsənlini bu azğın, kriminal hakimiyyətlə mübarizədə SƏN dəstəkləməlisən”
Xaricdə yaşayan bir qrup soydaşımız Azərbaycanın ictimai-siyasi həyatının tarixi dönəmində birgə fəaliyyət göstərmək üçün bir araya gələrək Azərbaycan Müqavimət Alyansını (AzMA) təsis ediblər. Təşkilatın yaranması ilə bağlı məlumatda göstərilir ki, onun əsas fəaliyyəti “yolunu azmış Azərbaycan iqtidarı haqqında beynəlxalq qurumları məlumatlandırmaq, bu qurumlarla mütəmadi görüşlər keçirmək və hər bir Azərbaycan vətəndaşını həddini aşan məmura “AzMA!” deməyə cəsarətləndirməkdir”.
Təşkilatın təsisçiləri Azərbaycan xalqına müraciət ünvanlayıb. Müraciətdə deyilir:
“Əziz soydaşlarımız!
AzMA – Doğma Vətənini tərk etmək məcburiyyətində qalmış bizlərin sizə çağırışıdı. Azğınlaşmış Azərbaycan hakimiyyətinin uzun illərdən bəri xalqa meydan oxumasına son qoymaq üçün hər birinizin prezident seçkilərində doğru seçim etməniz tarixi addımdır.
“Mənim seçməyimə kimdi əhəmiyyət verən”, deyən əziz dost! Bu Vətən, bu ölkə bütün naz-nemətləri, sərvətləri ilə sənindir. Az qala yarım əsrdən bəri səni haqqın olandan məhrum edən, ölkəni talayan, millətin qüruru, mənliyi ilə “çilik-ağac” oynayan, ölkəni şəxsi fermer təsərüfatı kimi idarə edən Əliyevlər hakimiyyətinə həddini göstərmək üçün 9 oktyabr – prezident seçkilərində saxtakarlıq edənlərə “AzMA!” de və haqqına sahib ol.
Prezidentliyə namizədlərin debatlarını izləmək yetərli deyilmi seçim etmənə?
Hafizüzlü, Siyavuş Novruzov simalı, Əli Əhmədov əqidəli, sözcüsü Zahid Oruc olan hakimiyyətə layıq deyilsən SƏN…
Milli Şuranın vahid namizədi olan professor Cəmil Həsənlini bu azğın, kriminal hakimiyyətlə mübarizədə SƏN dəstəkləməlisən. Çünki Cəmil müəllim SƏNİN pozulmuş hüquqların uğrunda mübarizə meydanında ləyaqət, kişilik nümunəsi göstərir. Onun çıxışında sadaladığı bütün faktlar reallığı əks etdirir və Əliyevlər hakimiyyətinin milli dəyələrimizə azğıncasına təcavüzündən xəbər verir. Cəmil Həsənlini seçmək, seçdiyin namizədi sonuna qədər müdafiə etmək sənin tarix qarşısında, ailən, ərin, xanımın, övladların, ən ümdəsi isə inləyən Vətən torpaqları qarşısında vicdan, qeyrət, namus borcundu.
Əziz soydaşlarımız!
Cinayətkar rejimə həddini göstərmək üçün beş il daha gözləmək milli faciəmiz ola bilər. Başda İlham Əliyev olmaqla hakimiyyətdəki məmurlar öz aralarında millətin qürurunu, heysiyyətini qumara qoyublar. Bu oyunu pozmağın yeganə yolu 9 oktyabr prezident seçkilərində xalqın namizədi olan Cəmil Həsənliyə səs verib, səsinizə sahib çıxmaqdır.
Xalqımıza bu tarixi gündə Allahdan təpər diləyirik!
Rədd olsun çağdaş Azərbaycanda diktatura rejiminin banisi olan Əliyevlər rejimi!”.
Müraciəti Azərbaycan Müqavimət Alyansı (AzMA) adından Mirzə Xəzər, professor Sədiyar Zeynalov, Telman Məcidoğlu, Ataxan Əbilov, Əli Hacılı, Bəhruz Əliyev, Qalib Hüseynov və Yeganə Əmiraslanova imzalayıb.