Türkel Kərimlinin işi Avropa Məhkəməsinə göndərilir

Sentyabrın 23-də Nəsimi rayonu ərazisində prezidentliyə namizədlərin şəkillərini və təşviqat materiallarını cırmaqda ittiham olunan AXCP sədrinin oğlu Türkel Kərimli və onun dostları olan Ülvi Nuriyev, Coşqun Salahovun qanunsuz həbsi ilə əlaqədar vəkil Fəxrəddin Mehdiyev artıq bu işlə bağlı Avropa Məhkəməsinə şikayət göndərəcəklərini bildirdi: “Hazırda Avropa Məhkəməsinə şikayət hazırlayırıq. Yəqin ki, növbəti həftə biz bu məsələni Avropa Məhkəməsinə göndərəcəyik. Hələlik Apelyasiya Məhkəməsinin qərarını gözləyirik.”

Vəkil Türkellə görüşə bildiyini də vurğuladı: “Turkel Kərimli ilə də görüş imkanlarım olub. Yeganə narahatçılıq Türkelin təhsilindən geri qalması olub. Bu da çox ciddi problemdir. Artıq bununla bağlı Türkelin valideynləri onun oxuduğu universitetə məlumat verib. İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinin 1-ci hissəsində cərimə, bir də maksimum bir aya qədər cəza var. Məhkəmə Türkelin xaricdə təhsilini nəzərə alıb yüngülləşdirici cəzanı verə bilərdi. Təəssüflər olsun ki, məhkəmə yüngülləşdirici halları nəzərə almadı. Heç olmasa sanksiya dəyişdirilə, cəza azaldıla, ya da cərimə kimi alternativ cəzalar tətbiq oluna bilərdi. Bunu məhkəmə edə bilərdi, ancaq etmədi”

Xatırladaq ki, adıçəkilən gənclər sentyabrın 22-də Milli Şuranın Bakıda keçirdiyi mitinqdən sonra tutulublar. Sentyabrın 23-də Nəsimi Rayon Məhkəməsi Coşqun Salahovu 30, Türkel Kərimlini 25, Ülvi Nuriyevi 20 sutka müddətinə azadlıqdan mərhum edib (musavat.com).