Siqaretin qiyməti bahalaşacaq?

“Azərbaycan siqaretin ucuz olduğu azsaylı ölkələrdəndir. Başqa ölkələrin təcrübəsi göstərir ki, siqaretin qiymətinin bahalaşması onu çəkənlərin sayının azalmasına səbəb olur”.
Bu sözləri deputat Musa Quliyev 1news.az saytına ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun layihəsi barədə danışarkən deyib. Musa Quliyev parlamentin yaz sessiyasında qanun layihəsinin qəbul ediləcəyini deyib. Onun sözlərinə görə, layihədə ictimai yerlərdə siqaret çəkilməsinə görə cərimələr nəzərdə tutulub.
Eyni zamanda Musa Quliyevin sözlərindən belə başa düşülür ki, siqaretin qiymətində artım da olacaq.
Məlumat üçün deyək ki, sözügedən qanun layihəsi 2009-cu ildə hazırlanıb və 12 maddədən ibarətdir. Qanun layihəsi hələ 3 il əvvəl Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılmalı idi. Lakin nədənsə bu baş vermədi. Və layihənin müzakirəyə çıxarılması daşa dirəndi.
Bəzi məlumatlara görə, bunun kökündə siqaret mafiyasının layihənin qəbuluna ciddi dirəniş göstərməsi dayanır. Mafiya hesab edir ki, bu qanun layihəsinin qəbulu Azərbaycanda siqaret satışına öldürücü zərbə vuracaq.