Avropa İttifaqı hakimiyyəti təşvişə salıb

Rəsmi Bakı seçkinin nəticələrinin bəribaşdan şübhə altına alınmasından narahatdır

“Ketrin Eştonun və Ştefan Fülenin fikirləri qeyri-obyektiv, birtərəfli və Azərbaycandakı seçki prosesinin real vəziyyətini təhrif edən qərəzli məlumatlar əsasında formalaşıb”. Bu sözləri AzərTAc-a müsahibəsində Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avropa İttifaqının rəsmi şəxslərinin bəyanatına münasibətini bildirərkən deyib.

Prezident Administrasiyasının şöbə müdiri bildirib: “Avropa Ittifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton və genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin Azərbaycanda hansısa son hadisələrin seçkiqabağı vəziyyətə, insan hüquq və azadlıqlarının durumuna və ümumilikdə siyasi şəraitə təsirinin narahatlıq doğurduğu barədə bəyanatını təəccüb və təəssüflə qarşılayırıq”.

Göründüyü kimi, Ketrin Eşton və Fülenin seçkiyə bir həftə qalmış seçkiqabağı mühitlə bağlı obyektiv gerçəkliyi dəqiq əks etdirən fikirləri hakimiyyəti çox ciddi şəkildə narahat edib. Avropalı yüksək rütdəli rəsmilərin açıqlamasında Azərbaycan hakimiyyətinin siyasi fəallara, azad mətbuata, Qeyri-Hökumət Təşkilatlarına hücumların davam etdiyini bildirməsi seçkilərin demokratik standartlar səviyyəsində keçiriləcəyini açıq-aşkar şübhə altına alır. Əli Həsənovun açıqlaması göstərir ki, hakimiyyəti narahat edən başlıca amil avropalı yüksək rütbəli rəsmilərin vəziyyətlə bağlı dəqiq qiymətləndirməsi, yəni, seçkinin nəticələrinin bəribaşdan şübhə altına alınmasıdır.