Ərdoğanın 3 hədəfi

Elxan Şahinoğlu, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Baş nazir Rəcəb Təyyub Ərdoğanın sentyabrın 30-da açıqladığı “Demokratikləşmə paketi”nin həm Türkiyədə, həm də beynəlxalq aləmdə geniş rezonans doğurması səbəbsiz deyildi. Çünki, paketdə Türkiyə Cumhuriyyəti tarixində görünməmiş qərar və islahatların başlanğıcı qoyulur. Bunlardan bir neçəsini sadalayaq:
Türkiyə məktəblərində andiçmə mərasiminin ortadan qaldırılması, hərbi, polis və ədliyyə orqanları xaricində bütün digər dövlət idarələrində türbanlı xanımların girişinə və çalışmasına yaşıl işığın yandırılması, proporsional seçki sistemində partiyalar üçün indiki 10 faizlik həddin aşağı endirilməsi imkanlarının müzakirəyə açılması və kürdlərin istəklərinin yerinə yetirilməsi. Sonuncu sıraya kəndlərə köhnə adlarının qaytarılması, seçki təbliğatı zamanı istənilən dildən istifadə, özəl məktəblərdə kürd dilində tədrisə verilən icazə və s.

Ehtiyatlı islahatlar

Bu şəkildəki “demokratik paketi”ndən narazılıq ifadə edənlərin varlığı da təbiidir. Məsələn, paketdə ələvilərə dair heç bir maddə yoxdur. Ələvilər paketdə cem evlərinin rəsmi status qazanacağını düşünürdülər. Və ya radikal kürd siyasətçilər və qruplaşmalar paketi yetərsiz sayaraq dövlət məktəblərində də kürd dilinin tədrisini vacib sayır, ayrıca terrora qarşı mübarizə qanununun ortadan qaldırılmasını və bu yolla həbsdəki tərəfdarlarının azadlığa çıxmalarını istəyirdilər. Bir qismi isə hətta daha çox irəli gedərək, Türkiyədə kürd muxtariyyətinə yol açacaq dəyişiklikləri zəruri sayırdılar. 
Ələvilərdən başlayaq. Türkiyə hökuməti uzun müddət idi ki, ələvilərin istək və arzularının öyrənilməsi istiqamətində analizlər aparır, hesabatlar hazırlayırdı. Ancaq sonda ələvilərlə bağlı paketdə yalnız bir maddə yer aldı. Universitetlərdən biri Hacı Beşkatişinin adını daşıyacaq. Ərdoğan hökuməti hələ ki, bundan artığında risq etmir. Çünki, ələvilərin öz aralarında müxtəlif məsələlərə dair fikir ayrılığı var. Ərdoğan ehtiyat etdi ki, cem evlərinə rəsmi status versə, orada çalışan din xadimlərinə maaş kəssə, o biri ələvi qrupları bundan narazı qalacaq, fərqli tələblər irəli sürəcəklər. Buna baxmayaraq, Ərdoğanın gələcəkdə ələvilərlə bağlı daha fərqli addımlar atacağını da proznozlaşdırmaq mümkündür. Çünki, baş nazirinin özünün də dediyi kimi yeni paketlər də uzaqda deyil.
O ki qaldı, kürdlərə, Ərdoğan paketdə göstərilənlərdən artığına gedə bilməzdi. Dövlət məktəblərində kürd dilində təhsil ona görə mümkün deyil ki, bu türklərlə kürdlər arasındakı sosial uçurumu bir az daha artırardı. Onsuz da müxtəlif mənbələrə görə, Türkiyədə türk dilini bilməyən 1 milyona yaxın kürd var. Həmin kürdlər türk dilini bilmədiklərinə görə nə işləyə, nə də problemləriylə bağlı dövlət idarələrinə müraciət edə bilirlər. Kürdlər yalnız öz dillərində ana dili təhsili alsalar, sonrakı yəni ali təhsil və iş tapmaq mərhələsində ciddi problemlə üzləşəcəklər. Əslində ana dili ilə bərabər türk dilində təhsil elə kürdlərin öz xeyrinədir ki, iki dili mükəmməl bilməklə gələcəklərini qura bilir, cəmiyyətə tam inteqrasiya olunurlar.

Paketin qırmızı cizgisi

Buna baxmayaraq, radikal kürdlər “demokratik paket”dən narazı qalıblar. Halbuki Türkiyə Cumhuriyyəti tarixində kürdlərə hələ bu qədər haqq tanınmamışdı. Bu separatçılığın əsas xəstəliyidir. Nə qədər güzəştə gedirsən, bir o qədər çox tələb irəli sürürlər. Vaxtilə PKK və onu dəstəkləyən marqinal qrup və şəxslər yalnız bir tələb irəli sürürdülər: kürdlərin yaşadığı bölgələrdən fövqəladə vəziyyəti qaldırın! Ərdoğan bunu etdi, ardınca dedilər ki, yer adlarımızı geri qaytarın, bu tələbləri də yerinə yetirildi, indi isə deyirlər ki, bizə muxtariyyət verin. Şübhə etmirəm ki, PKK və onun siyasi qolu olan Barış və Demokrasi Partiyasının (BDP) bu tələbi də yerinə yetirilsə, ardınca deyəcəklər ki, Abdulla Öcalanı sərbəst buraxın və kürdlərin müstəqilliyini tanıyın! Ona görə də Ərdoğan radikal kürdlərin istəklərin istiqamətində ehtiyatlı olmalıdır. Demokratik paketlər öz yerində, ancaq bütün hallarda Ərdoğan bir yerdə dayanmaq məcburiyyətində qalacaq, əks halda Türkiyənin bütövlüyü təhlükə altına alına bilər.
Ərdoğanın irəli sürdüyü “demokratik paket”ə müxalif MHP (Milliyətçi Hərəkat Partiyası) ilə CHP-nin (Cumhuriyyət Xalq Partiyası) də topa tutması təbiidir. Birincisi, ona görə ki, bu paket müxalifət nümayəndələrinin iştirakı olmadan qapalı şəkildə hazırlanaraq ictimiayyətin müzakirəsinə çıxarılıb. Ikincisi, parlamentə proporsional seçki zamanı 10 fazilik həddin aşağı endirilməsi gələcək seçkilərdə MHP ilə CXP-n millət vəkili sayını azalda bilər. Digər tərəfdən müxalifət Ərdoğanın PKK-nın, əsasən də Abdulla Öcalanın tələblərinin əsirinə çevrildiyini iddia edir. Bunda bir həqiqət var ki, MIT (Milli Istihbarat Təşkilatı) təmsilçiləri ilə Öcalan uzun müddətdir əlaqə saxlayır, tərəfləri ortaq məxrəcə gətirən təkliflər üzərində işləyirdilər.

Ərdoğanın 3 məqsədi

Gündəmin əsas suallarından biri budur: Nədən Ərdoğan “demokratik paketi” indi açıqlayır, əvvəl bunu etmək mümkün deyildimi? Əvvəl bu ona görə mümkün deyildi ki, Ərdoğanın baş hərbçiləri neytrallaşdırmağa, onları siyasətdən uzaqlaşdırmağa və iqtisadiyyatı ağır durumdan çıxarmağa qarışmışdı. Baş nazir bu iki hədəfə çatdıqdan sonra hər dəfə seçkidən öncə vəd etdiyi siyasi islahatlar mövzusuna qayıtdı. Fikrimcə, Ərdoğanın bu paketi məhz hazırki mərhələdə açıqlamaqla 3 məqsədi olub.
Birinci məqsəd, gələcək bələdiyyə, prezident və parlament seçkiləriylə bağlıdır. Ərdoğan seçkilər öncəsi islahatlar paketini açıqlamaqla xalqın daha çox dəstəyini qazanmaq istəyir. Çünki, o bir növü yenidən islahatçı obrazını özünə geri qaytarır, eyni zamanda Gəzi olaylarından sonra güclü liberal kəsimin yenidən inamını qazanmağa çalışır.
Ikinci məqsəd, Ərdoğanın Türkiyə qarşısında qoyduğu 2023 hədəfidir. Ərdoğan vəd verib ki, Cumhuriyyətin quruluşunun yüz illiyinə qədər Türkiyənin qarşısındakı əsas problemlər həllini tapmalıdır. 
Üçüncü məqsəd Avropa Birliyinə üzvlük yolunda maneələri aşmaqdır. Məsələ burasındadır ki, “demokratik paket”dəki bəndlərin çoxunu Brüssel Ankaradan tələb edirdi. Göründüyü kimi, Ərdoğan məhz indi “demokratik paketi” açıqlamaqla bir güllə ilə iki yox, üç dovşan vurub və bu hələ son deyil.
Ərdoğan bu paketlə həm də PKK-nın nəbzini yoxlamağa çalışır. Terrorçu təşkilat və digər radikal kürd qruplar paketi yetərsiz adlandırsalar da, gözləntilərini doğrultmadığını söyləsələr də, bu dəyişikliklərə “yox” da deməyəcəklər. Çünki, hər halda onların istəklərinin bir qismi yerinə yetirilib. Indi Ərdoğan topu yenidən PKK-ya və ona bağlı qruplara atıb. Əgər radikal kürdlər daha çox tələblərinin yerinə yetirilməsini istəyirlərsə, qarşılıqlı addımlar atmalıdırlar. Yəni PKK vəd etdiyi kimi həm terrorçularını Türkiyədən çıxarmalı (terrorçu təşkilat bu vədini hələ yerinə yetirməyib), həm də növbəti mərhələdə silahlarını təhvil verməlidirlər. Əks halda Ərdoğan radikal kürdlərin istəyi əsasında daha addım atmayacaq, gözləmə mövqeyinə keçəcək. Bu isə daha dərin islahat tələb edən kürdlərin mənafelərinə uyğun deyil.